Çərşənbə axşamı Ali Məhkəmədə Fərhad Kərimovun sədrliyi ilə jurnalist Əfqan Muxtarlının kassasiya şikayətinə baxılıb.
Jurnalist Şəki Apellyasiya Məhkəməsinin qərarından şikayət verib, amma Muxtarlı özü prosesdə iştirak etməyib.
Vəkil Elçin Sadıqov şikayəti dəstəkləyib, məhkəmədən onu təmin etməyi və jurnalistə bəraət verməyi xahiş edib. Amma prokuror Rövşən Tağızadə məhkəmənin qərarını qüvvədə saxlamağı xahiş edib.
Qısa müşavirədən sonra məhkəmə kollegiyası jurnalist barəsində hökmün qüvvədə saxlanması barədə qərarı elan edib.
Xatırladaq ki(contact.az), Əfqan Muxtarlı dövlət sərhədini qanunsuz keçmək, qaçaqmalçılıq və hakimiyyət nümayəndəsinə qarşı güc tətbiq etmək barədə uydurma ittihamlarla 6 il müddətinə azadlıqdan məhrum edilib.
Əslində o, 2017-ci ilin mayında Tbilisinin mərkəzində Gürcüstanın polis işçiləri tərəfindən saxlanılıb və Azərbaycan nümayəndələrinə təhvil verilib.
Amnesty İnternational təşkilatı onu “vicdan məhbusu” kimi tanıyıb.