Növbəti proses oktyabrın 17-də keçiriləcək
Oktyabrın 10-da Bakı Apelyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə jurnalist, bloger Mehman Hüseynovun şərti azadlığa buraxılması ilə bağlı Qaradağ Rayon Məhkəməsinin 24 avqust tarixli qərarından verilən apelyasiya şikayəti ilə bağlı ilkin proses keçirilib. Prosesdə M.Hüseynovun özü və vəkili Şəhla Hümbətova, media, ictimaiyyət nümayəndələri də iştirak edib.
Vəkil Ş.Hümbətova vəsatət verərək penitensiar müəssisənin M.Hüseynov barədə mənfi rəy vermiş işçisinin məhkəməyə çağırılmasını istəyib. Lakin məhkəmə tərkibi vəsatətin təmin etməyib. İş məhkəmə baxışına təyin olunub, proses 17 oktyabr saat 16:00-da keçiriləcək.
Xatırladaq ki, 9 yanvar 2017-ci il tarixində saat 19:30 radələrində jurnalist, bloger Mehman Hüseynov oğurlanaraq naməlum istiqamətə aparılmış və ondan heç bir xəbər alınmamışdı. Daha sonra jurnalisti Nəsimi rayon Polis İdarəsinin əməkdaşlarının apardığı və ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə təqsirli bilindiyi məlum olmuşdu. 10 yanvar 2017-ci il tarixdə Nəsimi Rayon Məhkəməsi blogeri 200 manat cərimələyərək onu azadlığa buraxmışdı. Həmin vaxt orada mediaya açıqlamasında jurnalist işgəncəyə məruz qaldığını demişdi. Bundan sonra Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev onu xüsusi ittiham qaydasında məhkəməyə verərək Mehman Hüseynovun Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəmişdi.
3 mart 2017-ci il tarixdə Suraxanı Rayon Məhkəməsi Hüseynovun 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. 15 dekabr 2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi bu qərardan verilən apelyasiya şikayətini təmin etməyib. 25 iyun 2018-ci ildə Ali Məhkəmə apelyasiya qərarından verilən kassasiya şikayətini təmin etməyib. 24 avqust 2018-ci il tarixdə Qaradağ Rayon Məhkəməsi jurnalistin şərti azadlığa buraxılması ilə bağlı şikayəti təmin etməyib.