Doğrudanmı bu hakimiyyәt hələ bir müddət də qalmalıdır? Bu hakimiyyət qaldıqca müxalifətın hansı təcrübəsi artacaq?
1. Azərbaycanda hakimiyyət dəyişikliyi, avtoritarizmdən demokratiyaya keçid bir partiyanın səylərilə deyil, nə vaxtsa ümumxalq hərəkatı ilə mümkün olacaq, Ölkədə sistem dəyişikliyinə nail olmaq, demokratiyaya davamlı keçidi təmin etmək milli vəzifədir. Ona görə də bu hakimiyyətdən sonrakı hökumət yalnız bir partiyanın kadrları ilə deyil, ölkənin bütün demokratik, tərəqqipərvər qüvvələrinin cəlb edilməsilə formalaşacaq.
2. AXCP-nin, Milli Şuranın sıralarında hazırkı hökumətdə təmsil olunanlardan qat-qat səviyyəli, bacarıqlı, ləyaqətli kadrlar var. Xalq da bunu bilir. Bu qədər resurslarla rejimin müxalifətə ictimai rəydə belə böyük hesabla uduzması həm də müxalifətdəki insan amilinin iqtidardakı insan amilindən üstün olması ilə bağlıdır. Ancaq nə AXCP və Milli Şuranın, nə də istənilən başqa siyasi qüvvənin yalnız öz kadr bazası qarşıdakı böyük demokratik dəyişikliyi həyata keçirmək üçün kifayət deyil. Öz sahəsində peşəkar kimi formalaşmış, bacarıqlı və yaxşı təhsilli bir çox insanlar arzulasalar da, məhz repressiya və basqı səbəbindən bu gün müxalifətə qoşula bilmirlər. Müxalifət partiyalarının nəinki öz məktəblərini, fondlarını yarada, hətta ofis belə icarəyə götürə bilmədikləri indiki vaxtda illərin keçməsilə bu vəziyyət köklü şəkildə dəyişə bilməz, əksinə daha da pisləşər. Ona görə də oturub gözləmək yox, ehtiyacımız olan gücü, kadr potensialını xalqın içindən axtarıb tapmaq lazımdır.
3. Xalqımızın demokratik kəsiminin kifayət qədər böyük kadr potensialı var. Ölkənin ən yaxşı hüquqşünasları, iqtisadçıları, siyasətçiləri, jurnalistləri, yazarları, ictimai-siyasi xadimləri bu gün iqtidar düşərgəsində deyil, məhz demokratik düşərgədə təmsil olunur. Onlara zərər vurmamaq üçün adlarını bura yazmıram, ancaq siz onların bir çoxunu tanıyırsınız. Ölkənin demokratik düşərgəsində təmsil olunan onlarla sanballı siyasətçinin, mütəxəssisin, ictimai-siyasi xadimin adını çəkə bilərəm ki, indiki oliqarx nazirlərdən və hər danışığı istehza yaradan deputatlardan müqayisə olunmaz dərəcədə üstündür. Vətəndaş cəmiyyətinin bu potensialı ölkədə demokratik dəyişikliklərin təmin edilməsi üçün çox qiymətli kadr potensialıdır.
4. Hazırda ölkənin xaricində də çox ciddi kadr potensialı toplanır. Xaricdə yüksək təhsil alıb, işləyib, öyrənib qiymətli təcrübə qazanmış yüzlərlə, hətta minlərlə soydaşımız məhz bu rejim səbəbindən öz potensialından yararlanıb, dövlət quruculuğunda iştirak edə bilmirlər. Onların hamısı gələcək demokratik hakimiyyətin potensial kadrlarıdır.
5. Yeni, demokratik hakimiyyət şəxsi sədaqət prinspi əsasında deyil, dövlət idarəetməsinə yararlılıq, faydalılıq, peşəkarlıq prinspi əsasında qurulacaq. Digər partiyalarda təmsil olunan mütərəqqi insanların, peşəkarların da demokratiyaya keçidin təmin olunması üçün işləməsinə şərait yaradılacaq. Demokratiyaya keçid proqramını qəbul edən, bu məqsədlə işləməyə hazır olan hər bir bacarıqlı şəxs partiya mənsubiyyətindən asılı olmayaraq, demokratiyaya keçidin təmini üçün işləməyə dəvət olunacaq.
6. Qısa müddət üçün olsa da, iqtidar təcrübəsi olan biri kimi deyirəm, rejim nə qədər yaramaz olur-olsun, dövlətin bürökratik aparatında hər zaman faydalı kadrlar da olur. Xüsusilə də aşağı və orta ranqlı idarəçilər arasında yeni qaydalarla (rüşvətsiz, şəffaf, məsuliyyətli) işləməyə hazır olan kadrlar da olacaq və onların da bacarıq və imkanları pozitiv məcraya yönəldilib, istifadə edilәcәk.
7. Bir sıra obyektiv və subyektiv səbəblərdən Əliyevlərin ailə hakimiyyəti çox çəkdi. Bu 25 ildə milyonlarla insan Vətəndən didərgin düşdü, Vətəndə yaşayan milyonlarla insanın həyatı puç edildi, torpaqlar işğal olundu və işğalda qaldı, təhsil, səhiyyə, dövlət institutları məhv edildi. Ən əsası bu gün də ölkədə neqativ tendensiyalar davam edir. Bu hakimiyyətin iqtidarda qaldığı hər bir il, ay, gün milli sərvətlərimizin daha da talan edilməsi, mənəvi dəyərlərin aşınması, daha çox insanımızın bədbəxt edilməsi deməkdir. Bunlar hakimiyyətdə qaldıqca ölkədə vəziyyət daha da pisləşəcək. Ona görə də tələsmək və ölkənin bütün demokratik potensialını səfərbər etmək lazımdır.
8. Xalqımız özünə inamsız olmamalıdır. Bizim xalq olaraq bu ölkəni indikilərdən müqayisə edilməz dərəcədə yaxşı idarə etmək potensialımız var. Əlbəttə, avtoritarizmdən demokratiyaya yumşaq keçidi təmin etmək asan deyil. Ancaq biz xalq olaraq əl-ələ verib, bu işin öhdəsindən gələ bilərik. Əgər qurucu babalarımız Azərbaycanı dünyanın 25 demokratiyasından biri etmişdilәrsə, biz 100 il sonra nəyə görə 150 xalqın bacardığını bacarmayaq? Özümüzə inamlı olaq və xalqımızın rejimdən qurtuluşu üçün tələsək!