Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyinin birgə hazırladığı ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modeli açıqlanıb.
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, yeni modelin 2019-cu ildə tətbiqi nəzərdə tutulur.
Yeni modelə görə, 9 illik təhsil bazasında buraxılış imtahanları 2 mərhələdə keçiriləcək. 3 saat davam edəcək 1-ci mərhələ imtahanında şagirdlər Azərbaycan dili, riyaziyyat və xarici dildən imtahan verəcəklər. Onlar Azərbaycan dilindən 20, riyaziyyatdan 10, xarici dildən 15 tapşırığı cavablamalı olacaqlar. Maksimum bal hər fənn üzrə 30 olacaq.
2 saat 14 dəqiqə çəkəcək ikinci mərhələdə də eyni fənlərdən imtahan verəcəklər. Hər fənn üzrə 30 qapalı sual cavablandırılacaq. Hər fənn üzrə maksimum bal 70 olacaq.
11-cilərin buraxılış imtahanı…
11 illik təhsil bazasında isə buraxılış imtahanı 1 mərhələdə keçiriləcək. 3 saat davam edəcək imtahanlar 4 qrup üzrə təşkil olunacaq.
I qrup riyaziyyat, fizika, kimya, II qrup riyaziyyat, coğrafiya və tarix fənləri üzrə imtahan verəcək. III qrup Azərbaycan dili, ədəbiyyat, tarix, IV qrup isə biologiya, kimya və fizika fənləri üzrə sınaqdan keçiriləcəklər. Hər fənn üzrə 30 sual təqdim ediləcək. Onlar maksimum 300 bal toplaya biləcəklər.
Yeni model qəbul imtahanları…
Ali təhsil müəssisələrinə 3 saat davam edəcək qəbul imtahanlarıında I qrup riyaziyyat, fizika, kimya, II qrup riyaziyyat, coğrafiya, tarix fənlərindən cəmi 90 suala cavab cavab verəcəklər. III qrup Azərbaycan dili, tarix, ədəbiyyat, IV qrup isə biologiya, kimya və fizika fənlərindən sualları cavablandıracaqlar. Maksimum bal göstəricisi isə 400 olacaq.
DİM bildirir ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaqdan ötrü müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq. Həmin nəticələr qəbul imtahanından toplanılan balın üzərinə əlavə ediləcək.
Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.
I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər.
Beləliklə, onlar da hər iki imtahandan topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etməli olacaqlar.
İmtahansız tələbə olanlar…
V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqənin isə buraxılış imtahanının nəticələrinə əsasən aparılacağı bildirilir.
Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili fənnindən ayrıca imtahan verəcəklər.