Yanvarın 6-da Avropanın müxtəlif şəhərlərində Mehman Hüseynova azadlıq tələbi ilə aksiyalar keçirilib. Aksiyalar İsveçin Stokholm, Malmö, Gothenburg, Hollandiyanın Den Haaqa, Fransanın Nantes şəhərində edilib. Təşkilatçılar həmin şəhərlərdə yaşayan azərbaycanlı mühacirlər olub.
Onlar Mehman Hüseynovun 11 gün aclıq aksiyası keçirməsinə etiraz edib. Azərbaycan hökumətini onu azad etməyə çağırıblar. Aksiyalar zamanı “Mehman Hüseynova azadlıq”, “Siyasi məhbusları azad edin” şüarları səsləndirilib.
İsveçin paytaxtı Stokholm şəhərindəki aksiyada etrazçılar Azərbaycan səfirliyinə doğru yürüş ediblər.
Bloger Mehman Hüseynov 11 gündür aclıq aksiyası keçirir. Buna səbəb haqqında başlanmış yeni cinayət işidir.
Yerli və xarici təşkilatlar Azərbaycanda 160-a yaxın siyasi məhbus olduğunu qeyd etsə də, hökumət ölkədə siyasi məhbus olmadığını bəyan edir.