Yanvarın ilk günlərindən şəhərdə un bahalaşıb
Yeni ilin ilk günlərindən ölkənin əksər bölgələrində olduğu kimi işsizliyin tüğyan etdiyi Mingəçevir şəhərində də unun qiyməti bahalaşıb. Artım həm 25, həm də 50 kiloqramlıq un kisəsinin qiymətində müşahidə olunur. Əgər əvvəllər 50 kq-lıq un alıcılara 24-24,5 manata təklif olunurdusa, hazırda şəhərin satış məntəqələrində bu qiymət 27,5-28 manat təşkil edir. 25 kq-lıq unun qiyməti isə 11-11,5-dən 14 manatadək artırılıb. Başqa sözlə, un kisəsinin qiymətində təxminən 3-4 manat artım var.
Alıcıların sözlərinə görə, unun qiymətində artım hələ ötən il dekabrın ortalarından müşahidə olunmağa başlamışdı: “Lakin yeni il öncəsi həm topdansatış firmaları, həm də marketlər sanki bir mərkəzdən gələn göstərişlə unun qiymətinə toxunmamağa, başqa sözlə, sabit saxlamağa qərar verdilər. Ancaq bu hal cəmi 4-5 gün davam etdi. Yanvarın 1-dən etibarən bütün satış mərkəzlərində un bahalaşıb”.
Qeyd edək ki, dünənədək satış mərkəzlərində unun bir kiloqramı alıcılara 49-50 qəpikdən təklif olunurdu. Hazırda unun kiloqramı 56-58 qəpikdir.
Satıcılar hər zaman olduğu kimi, bu cür qiymət artımında məsuliyyətin un firmalarının, eləcə də iri topdansatış mərkəzlərinin üzərinə düşdüyünü, məhsulu baha aldıqları üçün baha satmağa məcbur olduqlarını iddia edirlər.
Şəhərdəki çörəkbişirmə sexləri isə ilk günlər çıxış yolunu “ənənəvi” üsula əl atmaqda – çörəyin qiymətini sabit saxlayıb çəkisini azaltmaqda axtarslar da, bu hələ ki, gözlənilən effekti vermir. Belə ki, 40-50 qəpiyə satılan çörəyin çəkisindən kəsmək mümkün olduğu halda bunu 25-30 qəpiyə satılan çörəklərə tətbiq etmək mümkün deyil. Onsuz da cəmi 250-300 qram olan çörəyin çəkisini bir qədər də azaltmaq limiti faktiki olaraq tükənib. Çörək istehsalı və satışı ilə məşğul olan sahibkarlar özləri də etiraf edirlər ki, bazarda kritik vəziyyət yaranıb.
Mingəçevir şəhəriylə yanaşı, qonşu Yevlax, Göyçay, Ağdaş və digər rayonlarda da unun qiymətinin bahalaşmasıyla əlaqədar çörəyin çəkisinin əvvəlki ilə müqayisədə bir qədər azaldığı müşahidə olunur.
Azərbaycanın özünün buğdaya olan tələbatını ödəyə bilmədiyini deyən iqtisadçı-ekspertlər unun bahalaşmasına səbəb kimi dünya bazarlarında baş verən qiymət artımını göstərirlər.
Qeyd edək ki, Azərbaycan ərzaq buğdasını əsasən Rusiya Federasiyası və Qazaxıstandan idxal edir.
Azər