Rafiq Manaflı
Bu gün Suriyada, İraqda yaşananların səbəbi zamanında həmin ölkələrdə siyasi müxalifətin bir institut olaraq məhv edilməsindədir. Təşkilatlanmış siyasi müxalifət istənilən ölkədə siyasi sabitliyin, proseslərin sivil axarının qarantıdır.
Azğınlaşmış Azərbaycan rejiminin müxalifət üzərinə səlib yürüşü, onu kökündən qoparıb məhv etmə çabaları bu hakimiyyətin Azərbaycan xalqı qarşısında ən böyük cinayətlərindən biri, dövlətçiliyimizə qatı düşmənçilik aktıdır.
Tarixə baxın, hər hansı bir ölkənin tarixini yaradan, hər hansı bir milləti yönləndirən, inkişafa aparan şəxsiyyətlər həmin millətlərin ən ağıllıları deyil, daxilən ən azad olanlarıdır. Daxilən azad olmayan bir insanda heç vaxt ziya olmayıb, ağıl olsa da o heç vaxt xeyirə xidmət etməyib.
Ona görə İlham Əliyevin elektrik qoşucusunun düyməsi kimi basıb söndürdüyü alim, yazar, şair olsun, ya bəstəkar, artist, manıs olsun, bu adamları ziyalı sayıb onlardan işıq ummayın. Daxilən azad olan işıqlı bir insanın ziyasını heç İlham Əliyevin dədəsi də gəlsə söndürə bilməz. İlham Əliyevin, oturduğu kreslonun ona bəxş edtiyi gücü ancaq belə insanları həbsdə çürütməyə, məhv etməyə çata bilər ki, bu da artıq cinayət olmaqdan keçib bir millətə qarşı qəsddir.
Mən anlayıram ki, Əliyev və onun rejimi qəzəblidir: artıq bütün dünya boyu onların taladıqlarına sanksiyalar qoyulur, özlərinə despot deyilir, məhkəmə işlərinin sayını isə özləri də itiriblər. Amma, axı bütün bunların səbəbkarı üzərinə aramsız hücumlar etdiyiniz müxalifət, həbsdə çürütdüyünüz azad, aydın insanlar, Mehman Hüseynov, Sahib Rüstəmli, Aqil Məhərrəmli və başqaları deyil.
Səbəb sizin sərbəstliyə, insanlığa nifrət saçan xislətinizdə, daşı, qayanı əridən tamahınızdadır.