Vəkili və Ombudsman Aparatının nümayəndələri Mehman Hüseynovla görüşüb
Həbsdə olan bloger Mehman Hüseynovun vəkili Şəhla Hümbətova bu gün – yanvarın 7-də ona baş çəkib. Vəkil bildirib ki, Mehman müalicə müəssəsinə köçürülməyib. O, 1 saylı İstintaq Təcridxanasındadır: “Ombudsman Aparatının nümayəndəsi və həkimi də təcridxanada onunla görüşüb. Mehman dedi ki, mədəsində olan ağrılara görə süd və süd məhsullarını içməyə başlayıb”.
Yanvarın 7-i səhər isə Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına baş çəkiblər. Bu barədə Ombudsman Aparatının yanvarın 7-də yaydığı açıqlamada bildirilir.
“MPQ-nin rəhbəri və həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində bu müəssisədə saxlanan Mehman Hüseynov da konfidensial qaydada qəbul olunub. Müraciəti dinlənilib, qida qəbul etməsi və sağlamlıq durumu ilə bağlı vəziyyəti özünün iştirakı ilə müəssisənin həkimi dəvət olunmaqla yerində araşdırılıb. Müşahidə nəticəsində məlum olub ki, M.Hüseynov qida qəbul edir, sovqat alır, gündəlik həkim nəzarətindədir və sağlamlıq durumu normaldır”, -açıqlamada deyilir.
Məlumatda həmçinin qeyd edilib ki, M.Hüseynovun Ombudsmana ünvanladığı yazılı müraciəti baxılmasından ötrü Baş Prokurorluğa göndərilib.
Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib. Bu il martın 2-də onun həbs müddəti bitir.