Bu gün, yanvarın 8-də bloqqer Mehman Hüseynovun atası Rafiq Hüseynov 1 Saylı Bakı İstintaq Tәcridxanasında oğluna baş çəkib.
Bu barədə R.Hüseynovun özü məlumat verib.
«Mehmanla görüşüm bir saatdan çox çəkdi. Müəssisənin rəhbəri söz verdi ki, gələcəkdə bizim görüşlərimizə mane olmayacaq», – Hüseynov bildirib.
R.Hüseynovun vurğulamasına görә, M.Hüseynovu halsız və zəif görüb: «Mən ondan qida qəbul etməyini xahiş etdim. Ona meyvə və başqa yeməkləri aldım. Xahiş etdim qida qəbul etsin, qəbul etməsə də, apardığım sovqatı kamera yoldaşlarına versin. Bilmirəm, mənə qulaq asacaq, ya yox?».
Atasının deməsinə görə, görüş zamanı M.Hüseynov ona bildirib ki, nəzarətçini döyməyib: «Dedi ki, həmin zaman mən heç orada olmamışam, başqa yerdə çay içirdim. İttihamlar uydurma və yalandır».
Bu gün, yanvarın 8-də Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvlərindən Əliməmməd Nuriyev, Rauf Zeyni, Səadət Bənənyarlı və Sahib Məmmədov Bakı İstintaq Təcridxanasında həbsdə olan bloqqer Mehman Hüseynovla görüşüblər.
Bu barədə AzadlıqRadiosuna S.Məmmədov özü məlumat verib: «Biz onun kamerasına baş çəkəndə özü orada yox idi. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəlәri ilə görüşürdü. Onun dördadamlıq kamerasında üç adam var. Televizor gün ərzində işləyir. İstilik sistemini yoxladıq, yaxşı idi. Atasının gətirdiyi qidalar hamısı orada idi, gördük. Mehman Hüseynovla da çay süfrəsi arxasında bir saat yarım söhbət etdik. Mən burada onun icazə verdiyi məlumatları verirəm. Həkimlərin məsləhəti ilə maye qida qəbul edir. Sulu yeməklər qəbul edir».
S.Məmmədov vurğulayıb ki, M.Hüseynov hazırda aclıq aksiyası keçirmir. «Çəki itirməyib, yaxşıdır. Sizə onun narazılığını da deyim. Dedi ki, yeni ittihamla razı deyil. Təbii ki, o, ittihamı inkar edir», – deyə S.Məmmədov vurğulayıb.
«Mehman Hüseynov aclıq aksiyasını davam etdirir. İlk olaraq etiraz aksiyasına quru aclıqla başlasa da, hazırda su və süd içir, etirazına bu şəkildə davam edir».
Bunu «Turan» agentliyinə həbsdən çıxmasına bir neçə ay qalmış yeni ittihamla üzləşən bloqqer M.Hüseynovun qardaşı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov bildirib.
E.Hüseynovun deməsinə görə, aclıq aksiyasını dayandırmasından ötrü qardaşına təzyiqlər var: «Mehmana həbsxanada təzyiq olunurdu ki, aclıqdan imtina etsin. Deyirdilər ki, qol çək ki, aclığı dayandırmısan. O isə imtina edir və deyir ki, mən artıq onsuz da quru aclıq etmirəm…».
E.Hüseynov iddia edir ki, M.Hüseynovla bağlı Penitensiar Xidmət və Ombudsman Aparatının yaydığı məlumat düzgün deyil: «Ombudsman Aparatı artıq 15 ildir fəaliyyət göstərir, amma bir dəfə də olsun deməyiblər ki, Azərbaycanda kiməsə işgəncə verilib».
E.Hüseynovun bu açıqlamasına, hələlik, Penitensiar Xidmət və Ombudsman Aparatından münasibət almaq mümkün olmayıb.
Dünən, yanvarın 7-də vəkil Şəhla Hümbətova Kürdəxanıdakı 1 Saylı İstintaq Təcridxanasında bloqqer M.Hüseynovla görüşüb. Görüşdən sonra vəkil yalnız belə bir məlumat yayıb: «Mehman Hüseynovla görüşdüm. Müalicə müəssisəsinə köçürülməyib, 1 Saylı İstintaq Təcridxanasındadır. Ombudsman Aparatının nümayəndəsi və həkimi təcridxanada onunla görüşüb. Mehman bildirdi ki, mədəsində olan ağrılara görə süd və duru süd məhsullarını qəbul etməyə başlayıb».
Yanvarın 7-də Ombudsman Aparatı da bloqqerlə bağlı açıqlama yaymışdı. Həmin açıqlamada isə M.Hüseynovun qida qəbul etdiyi bildirilirdi.
Vəkil Ş.Hümbətova isə bundan əvvəl bloqqerlə yanvarın 4-də görüşmüşdü. Həmin görüşdən sonra isə vəkil M.Hüseynova istinadən bildirmişdi ki, bloqqer ona irəli sürülən yeni ittihama etiraz olaraq dekabrın 26-dan aclıq aksiyasına başlayıb. Ş.Hümbətova M.Hüseynovun bu üzdən səhhətinin ağırlaşdığını açıqlamışdı.
Rəsmi məlumata görə, M.Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır. Bu ittihamla üzləşən şəxsə 3 ildən 7 ilə kimi həbs verilə bilər. Vəkillərinin bildirməsinə görə, M.Hüseynovun özü ittihamı qurama sayır. O, buna etiraz olaraq dekabrın 26-dan aclıq aksiyasına başladığını açıqlamışdı. Ancaq Penitensiar Xidmətdən də bildirmişdilər ki, M.Hüseynov cəmi bir gün aclıq aksiyası keçirib, o, qida qəbul edir.
azadliq.org