Hakimiyyəti prezident seçkilərini saxtalaşdırmaqda təqsirləndirən Venesuela müxalifətinin lideri, Juan Guaido yanvarın 23-də özünü müvəqqəti prezident elan edəndən sonra ölkədə qeyri-müəyyənlik hökm sürməkdədir.
ABŞ da daxil, 10-dan artıq ölkə Juan Guaido-nu dəstəkləyir. Venesuelada çevrilişin baş verdiyini deyənlər isə Nicolas Maduro-nu ikinci müddətə seçilmiş qanuni prezident tanıyır.
Latın Amerika ölkəsində baş verən hadisələr dünya boyunca müxtəlif reaksiyalar doğurub.
BBC News Azərbaycanca Venesuela ilə Azərbaycan arasında bənzər və fərqli cəhətlərdən bəzilərinə nəzər salıb.
Neft
Gündə 1.4 milyon barel neft hasil edən Venesuela dünyanın ən iri neft istehsalçılarından biridir.
Buna rəğmən ölkənin neft gəlirləri nisbətən məhduddur, çünki yanacağın təqribən yarısı ölkə daxilində satılır.
Venesuelanın neft dollarları xarici borcların ödənilməsinə yönəldilir, ABŞ-ın Energetika İnformasiya Agentliyi bildirir.
Azərbaycanla Venesuela iqtisadiyyatına nəzər salanda bir bənzər cəhət ani şəkildə nəzərə çarpır: Hər iki ölkə neft bumundan fayda görüb.
Hər iki ölkənin əsas gəlir mənbəyi neftdir və onlar energetika sektorundan çox asılı vəziyyəti ilə seçilir.
Bu isə deməkdir ki, qlobal neft bazarlarında dəyişən qiymət həm iqtisadi, həm də siyasi sabitliyin nə dərəcədə kövrək olduğunu üzə çıxa bilər.
Korrupsiya
Dünyada ən böyük neft ehtiyatlarına malik ölkə sayılan Venesuelanın iqtisadiyyatı artıq bir neçə ildir ki, iflas vəziyyətindədir. Pis idarəçilik və korrupsiya ilə bağlı ittihamlar səngimək bilmir.
Noyabrda ABŞ məhkəməsi Venesuelanın keçmiş maliyyə rəhbəri Alejandro Andrade-yə çirkli pulların yuyulması ittihamları ilə bağlı 10 illik həbs cəzası verib.
“Beynəlxalq Şəffaflıq” təşkilatının 2017-cı il üçün Korrupsiya Qavrama İndeksinə (KQİ) görə Venesuela 18 balla 180 ölkə arasında 169-cü sırada yer alıb.
Azərbaycan 31 bal toplayaraq həmin siyahıda 122-ci yeri tutur.
Azərbaycan hakimiyyəti ona qarşı korrupsiya barədə xarici və yerli mediada səslənən ittihamları dəfələrlə təkzib edib.
Rusiya amili
Venesuela son illər ərzində iqtisadi çətinliklər yaşayır.
ABŞ-la əlaqəsi korlanan Venesuela hökumətinin kreditlər üçün müraciət edəcək iki real ünvanı qalıb: Çin və Rusiya.
Moskvadan borc alan Venesuela Rusiya ilə energetika sahəsində imtiyazlar təklif edir. İki il əvvəl imzalanan sazişə görə Rusiyanın Rosneft şirkəti Venesuela sahilindəki iki qaz yatağını istismar etmək haqqını qazanıb.
Bu arada Venesuelanın PDVSA dövlət neft şirkətinin Rusiyaya borcu 6 milyard dollara çatıb.
Venesuela ilə müqayisədə energetika sahəsində Azərbaycan-Rusiya əməkdaşlığı daha məhduddur.
Bakı energetika sahəsində Rusiyaya rəqib layihələri inkişaf etdirir.
Moskva ilə Bakını daha çox hərbi əməkdaşlıq bağlayır. Rəsmi məlumata görə, Azərbaycanın Rusiyadan aldığı silahın ümumi dəyəri 5 milyard dolları üstələyir.
Bakı həmçinin Rusiyaya qeyri-neft məhsullarını ixrac edir. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2016-ci ildə Rusiyaya 409 milyon dollar dəyərində kənd təsərrüfatı məhsulu ixrac edilib.
Siyasi sistem
Venesuelada iki il əvvəl keçirilən parlament seçkilərində mandatların çoxunu müxalifət qazanıb. Bu, sosialist qüvvələri – hazırda onlara Prezident Nicolas Maduro liderlik edir – 20 ilə yaxındır ki, üstünlük təşkil etdikləri 167 yerlik Milli Assambleyaya nəzarətdən məhrum edib.
Buna görə, 2017-ci il parlament seçkilərində müxalifətin qələbəsi, iqtidarın hakimiyyət üzərində inhisarını pozmaqla son illərin ən mühüm siyasi hadisəsi hesab olunur.
Azərbaycanda siyasi qüvvələr balansı Venesueladan tam fərqlidir.
Burada hakim partiya və ona yaxın qüvvələr həm qanunverici, həm də icra hakimiyyətinə tam nəzarət edir.
Mətbuat
2013-cü ildə vəfat edən Hugo Chavez-i əvəzləyən prezident Nicolas Maduro dövründə hökumətin media üzərinə təzyiqləri daha da kəskinləşib, hüquq-müdafiə fəalları bildirir.
Mətbuat azadlığı üzrə Freedom House (FH) təşkilatı Venesuelanı qeyri-azad mətbuatın olduğu ölkələrə aid edir.
FH təşkilatının 2016-ci ildəki hesabatına əsasən hədələr, təqib və təhdid şəraitində hökuməti tənqid edən cəmi bir neçə media qalıb.
Azərbaycanda da mətbuatın vəziyyəti ağır qiymətləndirilir, jurnalist və bloqçular həbsdədir, azad olunanlar isə ölkəni tərk edə bilmir.
Sərhədsiz Reportyorlar təşkilatının 2017-ci ildə hazırladığı reytinqinə görə Mətbuat Azadlığı siyahısında Azərbaycan 180 ölkə arasında 162-ci yerdədir.
Azərbaycan hakimiyyəti media və jurnalistlərin təqibləri barədə ittihamları rədd edir, ölkədə mətbuat azadlığının təmin olunduğu bildirir.