19 yanvar mitinqində müşahidə etdiyim bir mənzərəni sizlərlə paylaşmaq istəyirəm.
AXCP-dən olan gənclər soyuq havada, əlləri qıpqırmızı və dizlərini yerə qoyub tribunanın qarşısına vurulacaq siyasi məhbusların şəkillərinin üzərini təmizləyirlər. Razı olmurlar ki, onların üzərində toz və ya ləkə olsun.
Bu fədakar gənclərin etdiklərini izlədikçə bilirsizmi nə düşündüm? Onlar ona görə üşüyür ki, ölkədə kimsə üşüməsin.
Bu gənclər ona görə dizini yerə qoyub ki, 25 ildir hakimiyyət tərəfindən dizi yerə gətirilmiş xalqın dizi yerdən qalxsın…
İnanın onları izlədikcə elə kövrəlmişdim ki… Ürəyimdən onlara ünvanlı “ haqqınızı bu xalqa halal edin” sözləri keçmişdi..
Amma indi əminəm, onların, bu gün həbsdə olan onlarla siyasi məhbusun, yaxınlarının, bu günə qədər bu yolda səmimi şəkildə olanların və ömrünü verənlərin hamısının haqqı bu xalqa halaldır.
***
İndiyə qədər xalqdan gözləntimiz azdı, indi xalqın gözləntisini qarşılaya bilmirik.
Mənə onlarla insan yazır ki, mitinqlər olsun, Hətta xaricdən belə soydaşlarımız yazıb bildirir ki, kütləvi mitinqlər başlayanda ölkəyə gələcəyik.
***
Mitinqəsə icazə verilmədi. Bu heç şübhəsiz ki, hakimiyyətin qorxduğunun nəticəsdir. Bu pafoslu və ya kimisə inandlrmaq üçün deyilən söz deyil, gerçəkdir.
Niyə?
Dostlar, bir düşünün, Milli Şura hər dəfə mitinq keçirmək istəyəndə hakimiyyət ona izn verirdi, çünki xalqda qorxu vardı və hələ o meydanı az sayda insan doldururdu. Bu dəfə durum fərqli idi və bunu hamı gördüyündən uzun izaha ehtiyac görmürəm.
Bu dəfə xalq özü gəlmişdi və bunu Milli Şura və ya AXCP etməmişdi, bu təşkilatlar sadəcə, doğru zamanda, doğru qərar qəbul etmişdi, xalqa səslənmişdi, xalqsa ona cavab vermişdi.
Çünki artıq cana doyub.
***
19 yanvar mitinqinin qəhrəmanı xalqdı.
Dediyim kimi, o xalqı “haydı” deyib meydana səsləyən Milli Şura olduğundan indi izn verilmədikdə, mitinqi təxirə salan Milli Şuranı və xüsusən də Əli Kərimlini bir çoxları tənqid edir. Buna sevinirəm, çünki insanlar geri çəkilmək istəmir.
Amma reallığı doğru dəyərləndirək.
Hakimiyyət əslində, çox hiyləgərcəsinə davranır və bu, təbiidir. Onlar asanlıqla hakimiyyəti vermək niyyətində deyil. 19 yanvar mitinqi hakimiyyətin üzünə çəkilmiş sillə idi və öz xalqı ilə bütün bağlantıları itirmiş hakimiyyət buna qarşılıq olaraq özünə çəki-düzən vermək yerinə yenə də zora əl ataraq mitinqə izn vermədi. Bununla da iki şeyi hesabladı.
Birincisi, indi mövcud olan durumdu. Yəni xalqda məyusluq və Əli Kərimliyə etimadsızlıq yaranır və yaranmış məyusluq növbəti dəfə mitinq təyin olunduqda insanlarda bu sualı yaradır. “Keçən dəfə getdik, nə oldu ki, yenə gedəcəyik, ardı gəlməyəcək”deyib yenə də proseslərdən çəkinəcəklər. İndiki halda heç bir məsuliyyət hiss etmədən bu əhvalı aşılayanlar, məyusluğu tirajlayanlar, müxalifəti bacarıqsızlıqda günahlandırıb “nə oldu, davamı gəlməyən mitinqlərin əhəmiyyəti yoxdur” deyənlər özləri də bilmədən, əslində, hakimyyətin əlini möhkəmləndirir.
Çünki dediyim kimi, mitinqə izn verilməməsində hesablanmış halladan biri məhz bu idi.
İkinci, icazəsiz mitinqlərə gedilir, lap əlli min insan yığılır, hakimiyyət güc tətbiq edir və bundan sonra bütünlükdə ortada olan çox sayda fəal həbs olunur, döyülür, bununla da prosesin necə deyələr, “gözünün odu alınır”.
Belə olarsa, ən yaxşı halda yenə də məyusluğun və depresiyanın ən yüksək halı yarandığından ölkəni yenə də uzun bir müddət üçün bu iqtidarın çaynağına təslim etmiş oluruq.
Əli Kərimli bunu seçmədi və bu günlər ən çox tənqid olunan adama çevrilib. Olsun, amma əminəm ki, indi icazəsiz mitinq istəyənlər “bir lider lazımdır ki, çıxsın insanları Azadlıq meydanına aparsın” deyənlər bu “gözünün odunu alma” əməliyatından sonra da çıxıb eyni şəkildə yazacaqlar ki, bu tələsik və doğru qərar deyildi, xalqı boşuna qırğına verdilər.
***
Bəs nə etməli və ya icazəli mitinqlərin əhəmiyyəti nədir axı?
20, hətta 50 minlik icazəli mitiqlər enerjinin birgə təzahürünə, birlik, özgüvənin yaranması, eyni zamanda dünyaya ölkə insanının artıq dəyişikliyə hazır olduğunu nümayiş etdirməsi, hakimiyyətin geri çəkilməsi baxımından vacibdir, amma dəyişim üçün əsas faktor deyil. Dəyişim ya xalqın özünün istəyi və heç bir “haydı” gözləmədən, bütün ölkə üzrə ayaqlanması ilə baş verəcək, ya da bir “haydı” da artıq bütün ölkə ayaqlanıb yüz minlərlə insan küçələrə çıxıb haqqını istəyəcək.
Necə ki, indiyə qədər dəyişimi yaşamış ölkələrdə belə olub.
Sual oluna bilər, onda bəs Əli Kərimli və digər siyasilər, müxalifət nəyimizə lazımdır?
Bir anlığa təsəvvür edək…
Baş verəcəklərdə ordu xalqdır, ordununsa hər zaman generallara ehtiyacı var.
Bu durumlarda da generallar məhz siyasətçilərdir…
Ordunun savaşı uçün mütləq generalların qurduğu strategiyaya ehtiyac var. Bir xalq da ayaqlandıqda müxalifət məhz o doğru strategiyanı qurmaq üçündür.
P.S
Son fikrimə qarşı çıxıb, “onda daha müxalifət nə danışır, xalq edəcəksə, çıxıb bizə genarallıq edənlər indi nə edir?” deyənlər mütləq olacaq.
Yazının başında dediyim kimi, dizi yerə vurulmuş xalqın dizini yerdən qaldırmaq üçün bu gün dizini yerə atıb hər cür mərhumiyyətə dözüb illərdir bu ölkəni Şimali Koreyaya çevrilməkdən qoruyanlar, müxalif partiyalar, jurnalistlər, yazarlar, vəkillər var. Bütün yanlışları, doğruları ilə varlar.
Amma biz biz olmalıyıq, onlara elə nəzarət etməliyik ki, daha yanlış etmək kimi şansları olmasın.
Çünki bizim daha yanlış qaldıracaq halımız yoxdur.
Bunu onlardan tələb etməyə haqqınız var…
Hamılıqla!
Yazı müəllifin Facebook səhifəsindən götürülüb