AXCP sədri Əli Kərimli 2 fevral 1996-cı ildə Heydər Əliyevin bir qrup YAP-çı, yaltaq gənclə görüşməsi bayram kimi təqdim olunmasının yanlış olduğu barədə status paylaşıb. Ə.Kərimli yazır:
“Dostlar, 2 fevral 1996-cı ildə Heydər Əliyevin bir qrup YAP-çı, yaltaq gənclə görüşməsi bayram ola bilməz. Azərbaycan gəncliyinin belə bir bayramı yoxdur. Bilmək istəyirsinizsə, “gənclər günü” də “qurtuluş” və “gül bayramı” kimi rejimin gücləndirilməsinə xidmət üçün yaradılmış sünu, saxta bayramlardandır. Əslində isə belə olub. Əbülfəz Elçibəy devrildikdən sonra da ölkədəki gənclərin rəğbət bəslədiyi əsas siyasətçi olaraq qalırdı. Heydər Əliyevi o zaman dəstəkləyənlər əsasən sovet ziyalıları, kommunist partiyası nomenklaturası və regionçuluqla zəhərlənmiş yaşlı insanlar idi. Məşhur 91-lərin, YAP-ın ilk rəhbərliyinin siyahısına baxın, orada gənc görməyəcəksiniz. Gənclər təbii olaraq demokratik düşərgəni dəstəkləyirdi. 1994-95-ci illərdə ölkədəki 10-larla müstəqil gənclər təşkilatının rəhbəri və fəalları Naxçıvana, Elçibəyin faktiki sürgündə olduğu Kələki kəndinə toplaşıb, Elçibəyə dəstəyini nümayiş etdirirdi. Təbii ki, bu vəziyyət Heydər Əliyevi narahat edirdi. Ona görə də YAP-a, dövlət strukturlarına göstəriş verildi ki, təcili olaraq Heydər Əliyevin qurmağa başladığı rejimi dəstəkləyən gənclər tapılsın. Tapdılar belə gəncləri və Heydər Əliyevlə 2 fevral 1996-cı ildə belə bir görüş keçirildi. 1997-ci ildən isə rejimi dəstəkləyən gəncləri səfərbər etmək niyyətilə Heydər Əliyevin sərəncamı ilə gənclər günü elan edildi.
Ölkədə 100 minlərlə gənci evindən, Vətənindən didərgin salan rejimin “gənclər günü” riyakarlıqdır! Ölkədə təhsili məhv edib, orduda əsgər ölümlərini durdurmaq üçün heç bir ciddi tədbir görməyən, gənclərin işlə, evlə, maaşla təmin edilməsini özünə vəzifə bilməyən rejimin “gənclər günü” xalqı aldatmaq cəhdidir. Ölkənin ən mübariz, istedadlı, yüksək təhsilli gənclərini həbsxanlarda çürüdən bir rejimin “gənclər günü” keçirməsi həmin azadlıqsevər gəncləri təhqir etməkdir. Gənclik azadlıq, ədalət, hüquq, bərabər imkanlar istəyir. Azadlığı boğanların, ədaləti tapdalayanların, hüququ ələ salanların, ölkənin bütün sərvətlərini və vəzifələrini vərəsəliklə öz övladlarına ötürmək istəyənlərin “gənclər günündən” danışması absurddur.
Əlbəttə, Azərbaycan gəncliyinin də günü olacaq. Azərbaycan ailə hakimiyyətinin əsarətindən qurtulandan sonra bütün günlər Azərbaycan gəncliyinin günü olacaq!”.