Bəs hardadır o təkmilləşən məhkəmə-hüquq sistemi?
Azərbaycanın hüquq sistemi haqqında çox söz demək olar, deyilir də, xüsusilə müxtəlif tədbirlərdə dövlət başçısından üzüaşağı səlahiyyətlilərin hamısı ondan danışır. Ölkədə insan hüquq və azadlıqlarının qorunduğu deyilir. Sərbəst toplaşmaq, mətbuat azadlığı, məhkəmələrin müstəqilliyi, bir sözlə, bütün sahələrdə uğur fontan vurur. “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk” – bunu da dövlət başçısı İlham Əliyev deyir.
“Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir”. Bu da İlham Əliyevin sözləridir, hardasa divara da vurublar. Bəs hardadır o təkmilləşən məhkəmə-hüquq sistemi? Onu bizə niyə göstərmirlər? Məhkəmələrdə gördüklərimiz tamam bambaşqadır. İnsaf naminə deyək ki, bəzən hakimlər müttəhimə, ya da cavabdehə qarşı ədalətsizlik olduğunu deyir, prosesi elə aparır, çoxlunda ümid yaranır, ancaq sonda heç nə təmin olunmur; nə verilən vəsatətlər, nə qərardan şikayətlər. Göz deşən hüquq pozuntusunu prokurorluq da, məhkəmə də həqiqət kimi qəbul edir, üstəlik, hökm də oxunur. Ancaq hakimiyyətin başqa bir qolunun rəhbəri göstəriş – bu halda onun adı “tövsiyə” olur – verəndən sonra ədalət “zəfər” çalır, hansısa cinayət işinə xitam verilir. Əslində, belə müdaxilələr ölkədə hüququn, məhkəmə-hüquq sisteminin fəaliyyətinə xitam verilməsidir.
Mehman Hüseynovla bağlı son baş verənlər də bunun ən tutarlı örnəyidir. Həbs müddətinin bitməsinə 2 ay qalmış Mehman Hüseynova qondarma cinayət işi açdılar. Dövlət qurumu olan Penitensiar Xidmət bununla bağlı ötən il dekabrın dekabrın 26-da açıqlama yaydı: “14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanıb”.
Bütün bunlardansa Mehmanın vəkilləri həmin məlumat yayılandan sonra xəbər tutdu. Vəkil Şəhla Hümbətova Mehman Hüseynovla görüşdü və… hamının gümanı özünü doğrultdu. Mehman vəkilə şərləndiyini deyib və aclıq aksiyasına başladığını bildirmişdi. Bundan sonrakı prosesləri də çoxu bilir. İctimai müqavimət artan kimi hakimiyyət sözçülərinə göstəriş verildi və onlar danışmağa başladı. Məsələn, S.Novruzov “kim hansı əməli törədibsə, cəzasını almalıdır” dedi: “Mehman Hüseynov cinayət törədib, eyni zamanda vəzifəsini yerinə yetirən zabitə qarşı zor tətbiq edib. Kim olursa-olsun, cinayət törədibsə, mütləq cəzasını almalıdır. Hər kəs qanun qarşısında birdir və törətdiyi cinayətə görə cəzasını almalıdır”.
Bu tipli başqa açıqlamalar da oldu və hakimiyyət sözçüləri Mehmanın hələ sübuta yetirilməyən cinayətlərindən danışdılar. Hələ xaricdən gələn Mehmana azadlıq çağırışlarına da təpki göstərdilər. Avropa Parlamentinin qətnaməsi, onun ardınca Azərbaycandakı siyasi məhbuslar məsələsinin AŞPA-nın gündəliyinə salınması prezidentin müdaxiləsini zəruri etdi. O, AŞPA-nın daha sərt qərarlar verməməsi üçün prokurorluğa tövsiyələrini verdi: “Mehmanın gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə etdi”.
İcra hakimiyyəti başçısının hüquqa müdaxiləsi məhkəmə-hüquq sisteminin təkmilləşməsidirmi? Mehman 2 il qabaq daha gənc idi, atası cəmi 2 il yaşlaşıb, elə 2 il qabaq da yaşlı sayılırdı. 2 il qabaq da Mehmanın anası xəstəydi, ən azı 1 il əvvəl Mehmanın humanizmə daha çox ehtiyacı vardı, xəstə anasının yanında olar, onun qayğılarını bir qədər azaldardı. Ancaq həmin xəstə qadın hər həftə Mehman üçün yemək hazırlayıb aparırdı, həm də təkcə Mehman üçün yox, həbsxana ətrafında dolaşan sahibsiz itlər-pişiklər üçün də. Humanizm belə olur…
İndi hakimiyyət sözçüləri dünən cinayətkar adlandırdıqları Mehman haqda başqa cür danışır; yeni yaranmış şəraitə uyğun. Ən maraqlısısa jurnalistlərin mövqeyidir. “Jalə” mediasında çalışanlar, yazılarına imza qoymağa belə cəsarəti çatmayanlar, “az aşım, ağrımaz başım” prinsipiylə yaşayanlar, ortada yeyib qıraqda gəzənlər Facebook qəhrəmanına dönüb Mehmana dərs keçməyə girişiblər. “Mehman onu etməməliydi”, “Mehman Əli Abdalovla qucaqlaşmamalıydı”. Sanki Mehmanın bunların qarşısında öhdəliyi olub, siyasi lider kimi daim mübarizə aparacağını, zor aparatının qarşısında, – bütün çətinliklərə, ağrı-acılara baxmayaraq, – mərdliklə dayanacağını, həyatını bunların yaxşı qazanması, yaxşı yaşaması üçün qurban belə verəcəyini deyibmiş, ancaq indi əməl etməyib… Biri lap qabağa gedərək “İlham Əliyev Mehman Hüseynov işini nəzarətə götürməklə seçkilərdən sonra dediyi “mən hər bir azərbaycanlının prezidenti olacağam” fikrinə sadiq qaldığını bir daha nümayiş etdirdi” deyib. Şərlənərək həbsə atılanlar da, bu günlər məhkəməsi keçirilən, tutulandan sonra ağlasığmaz işgəncələr verilən Saleh Rüstəmli, Aqil Məhərrəmli, Ruslan Nəsirli, Babək Həsənov, Vidadi Rüstəmli də azərbaycanlıdır…
Uşaqlar, bir az diri oynayın!