Oktay Gülalıyev
Son günlər gözlərimizin qarşısında növbəti insanlıq dramı yaşanır. Öncə AXCP fəalları Agil Ali Maharram, Babek Hesenov, Ruslan Nəsirli, Vidadi Rüstəmli və Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmov Bakı Ağır Cinayətlər məhkəməsində ifadə verərkən bildirdilər ki, onlar üçün “bandotdel”- də xüsusi işgəncə dəm- dəstgahı qurulubmuş. Bu insanlara sözün gerçək mənasında Xocalıda erməni əsirliyində olan soydaşlarımıza verilən işgəncələr veriblər. Özü də bu işgəncələr üçün xüsusi otaqlar, bütün alətləri, elektroşoku da yerində olan laboratoriyalar var imiş… Məqsəd o imiş bu insanların boynuna qoysunlar ki, sən demə ölkədə bütün çirkli pulları bu insanlar idarə edirmiş (!?)…
“Bandotdel” sərgüzəştləri bitməmiş növbəti işgəncə sədaları Qobustan Qapalı həbsxanasından gəldi. Həbsxananın rəisi Aftandil Ağayev adlı birisi sözün gerçək mənasında insanlara və insanlığa qənim kəsilib. Görəsən bu adamın evi- eşiyi, ailəsi, tanışları yoxdurmu? Yoxsa o adam elə bilir hakimiyyət və vəzifə həmişəlikdir. Biri onun qulağına Qəddafinin, biri də digər qulağına Elmar Vəliyevin adını piçıldasın, bəlkə özünə gələ. Yeri gəlmişkən qeyd edək ki, Siyasi Məhbusları Müdafiə Mərkəzinin son iki hesabatında (2015 və 2018) bu şəxsin adı siyasi məhbuslara işgəncə verən vəzifəli şəxslərin Qara siyahısındadır…
Aftandil Ağayev qolu zorluları ilə bir yerdə Qobustan həbsxanasında saxlanılan Tale Bağırzadə, Abbas Hüseyn və Cabbar Cabbarlının qanına susayıb. Verilən məlumatlara görə Tale Bağırzadəyə özünə xəsarət yetirəcək qədər işgəncə ediblər, Cabbar Cabbarlının isə çənəsini vurub sındırıblar. Abbas Hüseyni döyə- döyə Kürdəxanı İstintaq Təcridxanasına gətiriblər. Anası bildirir ki, “Abbas Hüseynin qoluna üst-üstə 3 qandal vurdurub, ağzını, gözlərini “skoç”la bağladıb ayaqlarına da zəncir vurduraraq o qədər işgəncə ediblər ki, paltarları belə əynindən çıxıb. Onun boğazından o qədər sıxıblar ki, 15 gündən çoxdur suyu belə çətinliklə içir…” Məlum olub ki, dünəndən Abbas Hüseyni Kürdəxanı Təcridxanasından çıxararaq naməlum istiqamətə aparıblar. Ehtimal olunur ki, ona yenidən işgəncə vermək üçün “Tubzon” deyilən yerə və ya Qobustan həbsxanasına aparıblar. Ailəsi və vəkili ilə görüşünə imkan verilmir. Abbas Hüseynin, Tale Bağırzadənin və Cabbar Cabbarlının taleyi sual altındadır…
Görürsünüzmü, şərlənib həbs edilmiş, günahsız, qolu qandallı insanlara hansı zülmü edirlər? Niyə Aftandil Ağayevlər və onlara rəhbərlik edənlər erməni işğalçılarına qarşı anoloji gücü göstərmirlər. Erməni demişkən Qobustan həbsxanasında Arsen Baqdasariyan adlı erməni də saxlanılır və ona Aftandil Ağayev yüksək hörməti- izzət göstərir. Baqdasariyan ölkəmizin ərazisində terror törətmək istəyərkən həbs edilib. Maraqlıdır, necə ola bilir Aftandil Ağayev ölkəmizdə dövlətçiliyin, müstəqilliyimizin, imanın, əxlaqın möhkəmlənməsinə xidmət edən şəxslərə ağır işgəncə verib ölümə sürükləyir, amma torpağımıza soxulub terror, partlayış etmək istəyən Baqdasariyanı gözü üstə saxlayır?
Aftandil Ağayevlər və onları himayə edənlər unutmasınlar ki, heç nə unudulmur və heç nə yaddan çıxmr. Xalqımıza və onun ləyaqətli övladlarına qarşı törədilən hər bir cəza və cinayət cavabsız qalmayacaq!
Abbas Hüseyn və bütün siyasi məhbuslara azadlıq tələb edirik!