AXCP İqtisadiyyat Komissiyasının sədri, iqtisadçı alim Nemət Əliyev
Gənclərin sayı 462 min nəfər və ya 25% azalıb. Belə fəlakətli nəticələrə görə hesabatlar verilməli, istefalar gündəmi zəbt etməliydi…
2011-ci ildən başlayaraq 2019-cu ilin əvvəlinədək ötən dövrdə 15-19 yaş qrupuna daxil olan gənclərin sayı 228,1 min nəfər və ya 26%, 20-24 yaş qrupuna daxil olan gənclərin sayı isə 183,4 min nəfər və ya 19% azalıb. Bu iki yaş qrupu (15-24) üzrə ümumi azalma 411,5 min nəfər və ya 23% təşkil edir.
Müqayisə üçün deyim ki, bu sonuncu göstərici (azalma) bir il əvvəl 369 min nəfər olub və bu ilin sonuna qədər 462 mini (25%-i) üstələyəcək. Rəqəmlər arasındakı fərqə diqqət etsəniz (42,5 və 50,5), mənfi tendensiyanın sürətlənməsi dərhal gözə çarpır.
25-29 yaş qrupu üzrə 2011-ci illə müqayisədə 7% artım olsa da, 2016-cı ildən başlayaraq bu yaş qrupunda olan cavanlarımızın sayı da azalmağa başlayıb. Sonuncu üç ildə bu qrupda 23 min azalma qeydə alınıb və bu ilin sonuna kimi daha 17 min azalma olacaq.
Beləliklə,15-29 yaşda olan gənclərin ümumi sayı 2011-ci illə müqayisədə bu ilin sonunadək 403 min nəfər azalacaq. Əgər 2011-ci ilin əvvəlində 15-29 yaşlı gənclər əhalinin 29%-ni təşkil edirdisə, hazırda bu göstərici 24%-ə düşüb.
Ürək parçalayan bu rəqəmləri və tendensiyanı sakitcə seyr etmək, heç nə olmamış kimi üzərindən sükutla keçmək əsla mümkün deyil. 20% torpaqları işğal altında olan bir ölkə üçün bu nəticələr dözülməzdir. Mənfi tendensiyanın daha da sürətlənməsi hər kəsi düşündürməlidir. Ölkə gəncliyini, ölkənin gələcəyini məhvə sürükləyən dağıdıcı proses nəyin bahasına olursa-olsun durdurulmalıdır. Yüksək tribunalardan gənclərin şəninə təriflər söyləməklə, başlanğıcını 1994-cü ildən götürmüş hazırkı gənclər siyasətinin sehrinə düşməklə bu iş aşmaz. Real, proqramlı və konkret tədbirlər həyata keçirilməlidir. Bu sahədə köklü islahatlara zərurət var. 0-4 yaşlı uşaqların sayının 2016 və 2017-ci illərdə 46,8 min nəfər azalmasından da təsirli nəticələr çıxarmaq vacibdir. Əhalinin təbii artım göstəricisini pisləşdirən, nigahların azalmasını və boşanmaların artmasını şərtləndirən əsas səbəblər aradan götürülməlidir! Gənclərin həyatını alt-üst edən ağır sosial-iqtisadi şəraitin sağlamlaşdırılması, ilk növbədə isə onların normal maaşlı iş yerləri ilə, mənzillə təmin olunması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. “Burda mənəm, Bağdadda kor xəlifə”, yaxud da “babam mənə kor deyib, gəlib-gedəni vur deyib” fəlsəfəsi ilə irəli getməyin mümkün olmamasını, nəhayət, anlamaq gərəkdir. Sonra çox gec ola bilər.