AXCP sədri Əli Kərimli siyasi məhbus Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmura qarşı olan son təzyiqlərlə bağlı status paylaşıb. Ə.Kərimli yazır:
“Cılızlıq da alınınıza yazılıb? Bu boyda dövlət aparatı utanmadan bir xanım yazarı, siyasi məhbus Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmuru susdurmaq üçün şantaj etməklə məşğuldur. Zümrüd xanım Hacı Tale, Abbas Hüseyn və Cabbar Cabbarlıya verilən işgəncələrdən ardıcıl yazdığından onu şantaj edirlər ki, yazılarının altında kimlərsə işgəncə verilməsində adı çəkilən Aftandil Ağayevi ölümlə hədələyib (yazı şərh bölümündə). Zümrüd xanım nə etsin? Zümrüd xanım işgəncə verib, yoxsa işgəncə verəni hədələyib? Zümrüd Yağmur sadəcə bir ziyalıya yaraşanı edib, bizim hər birimiz kimi susmayıb. İşgəncə vermək cinayətdir. Cinayət haqda məlumatı olanlar onu ört-basdır etməli deyil, bu barədə danışmalı, yazmalıdır. Siz nəhayət, anlayın ki, indi 21-ci əsrdir, işgəncə vermək kimi anti-nsani davranışların zamanı çoxdan keçib. Onun sizə xeyrindən çox ziyanı olacaq. Onsuz da narazı olan xalqı daha da hiddətləndirmək nəyinizə lazımdır?
Hiss olunur ki, işgəncə verənlərə qarşı ictimai qınaqdan qorxmağa başlamısınız. Lap yaxşı. İctimai qınağı nəzərə alın, işgəncələri durdurun, işgəncə verənləri özünüz hüquqla cəzalandırın. Hacı Tale, Abbas Hüseyn və Cabbar Cabbarlının yaxınları və vəkillərilə görüşünə şərait yaradın, onlar özləri təsdiq etsinlər ki, onlara daha işgəncə verilmir və işgəncə verənlər də cəzalandırılıb”.