Əzizim Sevinc xanım, indi yazacaqlarımı sizə şəxsidən yazmaq istədim. Sonra vaz keçdim. Çünki sizi ictimai şəkildə dəyərdən salmaq istəyirlərsə, ictimai şəkildə də necə dəyərli olduğunuzu yazmaq daha yaxşıdır deyə düşündüm.
Əzizim, bu ölkədə qadın olmaq çox çətindir. Qadın olub güvənmək, birilərini özünə dost, yaxın bilmək, yol yoldaşı, həyatına arxadaşlıq edən birini seçmək çox müşkil işdir. Sərmayə qoyduğun nə varsa, bütün həqiqətlərinin bir anda sıfırlanması, güvəninin, inamının iflas etməsi an məsələsdir.
Yapayalnış qalırsan, maraqların, mənafelərin, daha nələrin sənin duyğu və əzablarının üstündə qurulan münasibətlərin yükü sənin içinə yığıldıqca yenə də hər şeyi sinəyə çəkib bütün bunları anlamağa çalışırsan. Çünki bu ölkənin, dünyanın “praqmatik maraqlar” deyilən bir mərəzi var. O üzdən hələ bir az tanınmışlığın varsa, sən bütün emosiyalarını daşa bağlayıb elə daş kimi də durmalısan. Bütün haqsızlığa, hiss etdiyin və ikrah duyduğun eybəcərləşmiş münasibətlərə hələ bir gülümsəmək məcburiyyətin də var.
Böyük düşünməlisən, haqqını yeyənlərin haqq savaşçısı olduğuna özünü “inandırmaqsa” bilirisinizmi, nə qədər baha başa gəlir?!
Bu Azərbaycanda qadın olmağın, içində bir damla ilıq insanlıq saxlamağın çox az hissəsidir.
Çox az hissəsi…
Canım mənim, bilmirəm bu çətin ölkəni tərk edərkən hansı duyğuları yaşamısınız, boğazınıza daş kimi yığılan qəhəri necə udmusunuz, həmin an ovucunuzun içinə batan dırnaqlarınızın acısını xatırlayırsınızmı, bilmirəm. Bəlkə də heç biri olmayıb, bəlkə də bu çətin ölkədən küskün ayrılmısınız?… Bəlkə də o zaman dost bildiklərinizin, dayaq umduqlarınızın, amma hər an mənafe və maraqların üzünüzə çırpılan acıq vermək kimi hikkəsini hiss edib bu ölkəyə bir dəfəlik üz çevirmək istəmisiniz…
Bunu da bilmirəm ki…
Amma tək bildiyim o ki, bu ölkəyə üz çevirib gedə, küsə bilməməyiniz, ya da bəlkə içiniz küskünkən belə prinsip və ideallarınıza sarılmanız. Sıfırlanmış bütün həqiqətlərinizin yanına bir BÖYÜk rəqəm qoyub dik dura bilməniz… Bunu başarmısınız, elə bir SEVİNC yaratmısınız ki, bu ağır, çətin, hətta həzm edilməsi istənməyən ölkənin sevimlisinə çevrilmisiniz.
Əzizim, indi dostunuz da, sizi sevənlər də çoxdu. Bilirəm ki, könlünüzü bulandırıblar. Amma kim dedi ki, həyat kəpənəklərin qanadlarındakı toz qədər xəfifdir?
Bizim ən böyük yanlışımız odur ki, həyatı başdan, lap başdan problemlərsiz xəyal edirik.
Amma həyat problem zatən… İndi də siz o problemlərdən ən kirlisi ilə, şantajla üz-üzə dayanmısınız. Amma bununla üz-üzə dayanmayın, üzünüzü çevirin. Bilirsinizmi nə görəcəksiniz? Sizi sevən minlərlə insan…
Üzünüzü, gözlərinizi çevirin və açın, minlərlə SEVİNCLi simanı görəcəksiniz.
Və sizi dəyərdən salmaq istəyənlərin inadına sizə gülümsünən o simalardakı dəyərinizi görün…
Axı siz bunu haqq edirsiniz…
Və nə yaxşı ki, haqq edirsiniz, bilirsinimi niyə, çünki insana özünü dəyərli hiss edə bilməsi üçün ətrafında dəyərli insanlarən olmasına ehtiyacı var. O dəyərli insanlar bilirsinizmi hardadı, bu çətin ölkənin ən kasıb, uçuq-sökük, maraq və mənafelərin girə bilmədiyi daxmalarında….Mənə inanın! Şanslısınız ki, hər şeyə, bu ölkənin hikkə və qeyri-insanı bolluğuna rəğmən sizə özünüzü dəyərli hiss etdirən minlərlə insanı var.
Özünüzü sevin, sevin və qoruyun ki, o insanların da sevgisi yetim qalmasın.
Yetimləşən sevgilər çox soyuq olur, yanağında, ürəyində donur, yükə çevrilir.
Sizi sevənlərə bu rəvadırmı?
Sevgilərimlə….
Yazı müəllifin Facebook səhifəsindən götürülüb