Tale Bağırzadə ilə cəmi bir dəfə görüşmüşəm. Tanışlığa vəsilə Abgül Süleymanov haqda yazdığım bir məqalə olmuşdu (Abügül Süleymanov 2011-ci ildə həbs olub, 11 il “iş” alan ilahiyyatçıdır). Tale Abgüllə dost olduğunu mənə yazdı, təşəkkür etdi, dedi türmədə oxuyub bəyənib. Elə o anda bildim ki, bu da türmədə imiş, təzə çıxıb. Sonra görüş üçün vədləşdik.
Görüşə gedəndə bircə diskomfortum vardı; o vaxt hələ cavanlar arasında saqqal indiki kimi kütləviləşməmişdi, mən də saqqalı idim. Bu isə o deməkdir ki, saqqalı adamın ilk baxışdan dindar kimi qəbul edilmə ehtimalının böyük olduğu günləri yaşayırdıq. Mən isə dindar deyildim. Düşündüm, bunu gizlətmək olmaz, üstündən keçiləsi də deyil, yaxşı bəs necə dilə gətirim ki, qabalıq olmasın. Özü də bunu başdan demək lazımdır ki, söhbətimizin axırı pərişanlıqla bitməsin. Elə də etdim, salam-əlöykümdən sonra, dedim, hacı, saqqalım səni aldatmasın ha 🙂
Mənim üçün dua edəcəyini dedi, sonra İmam Əlidən bir hədis gətirib, başqa bir söz dedi, mən və mübarizə dostlarım barədə. Yazmıram, ona görə ki, özümü o tərifli yüksək sözlərə layiq bilmirəm, saxlayaq, özü çıxıb yenə deyər, sağlıq olsun.
Yeni, bəzi trafaret ustası olan politoloqların sözü ilə desək, qarşılıqlı anlaşma, tolerantlıq mühitində tanışlığımızın “bismillah”ını etdik. Elə o söhbətdəcə onun dərin, vicdanlı, insansevər, Azərbaycana bağlı olduğunu, dini cameədə yeni xətt olduğunu duydum. Yanılmadım. O həmin çağacan az gördüyümüz ilahiyyatçı aydın idi. Çıxışları, sözləri təkcə o biri dünyanı əhatə etmirdi, bugün od içində yanan insanları xilas etməkdən daha hərarətlə danışırdı (Bir yerdə yanğın varsa, biri səni namaza səsləyirsə, bil bu şeytanın dəvətidir-Əli Şəriəti). Buna görə də ona aman vermədilər, şərləyib qısa müddətdən sorna təzədən içəri yolladılar. Amma bu dəfə işin rəngi dəyişdi. Birinci həbsindəki kimi hakimiyyət bu həbsi səs-küysüz, müqavimətsiz edə bilmədi. Çünki, o zamana qədər Taleyin çıxışları ətrafa xeyli səs salmışdı, tərəfdarları çoxalmışdı. Sonuncu xütbəsi (https://www.youtube.com/watch?v=r3eUAswi1Pg) lap təsirli alınmışdı, sosial şəbəkələrdə, telefonlarda əlbəəl dolaşırdı. İş ora çatdı ki, düşünün, Zeynab Xanlarova kimi insan onun adından istifadə edib Tale Bağırzadəni qaralamağa çalışan DİN-nə çımxırdı. DİN iddia etmişdi ki, Talegil Zeynəb Xanlarovanın Nardarandakı villasını yandırmaq istəyib-filan. Sənətkar dedi ki, davanızı o yanda aparın, mənim mülkümdə elə şey olmayıb, üstəlik o adam haqda maraqlandım, dedilər deyilərin əksinə, mərifətli adamdır. (təfərrüatları burdan oxu https://www.azadliq.org/a/24957843.html)
***
Sonra Tale Bağırzadə türmədən çıxdı. Yenə sözünü dedi, dəfələrlə təhdid, qarayaxma görsə, dövlət orqanlarında zorakılığa qalsa da yenə də düz bildiyi sözləri, ölkədəki problemləri dilə gətirdi. Bir ara riyakarcasına belə təbliğat aparırdılar, yadınızdadır: “Gedib girib Nardarana!” Guya ki, Nardaran başqa qalaktikadır, orda Tale gizlənibmiş. Halbuki qanlı Nardaran terroru törədilənə qədər onu az qala 2-3 gündən bir MTN-ə, müxtəlif polis idarələrinə çağırırdılar, o da gedirdi. Nardaran qətlyamına 23 gün qalmış informasiyaları təhlil edib yazdım: “Hadisələrin gedişi onu göstərir ki, rejim Tale Bağırzadəni öldürmək istəyir. Ondan müğayət olun. Məndən olsa, hacının ölkədən müvəqqəti hicrət etməsi daha düz olardı” Özü ilə də danışdım o aralar. Dedim hacı, bəlkə bir ölkədən çıxıb gəlib Avropanı dolaşasan, hicrət etmək istəmrisən, amma bir az dünyanın bu tərəflərin də gör, gəz, müşahidələr apar. O isə, məndən Bakıda bir fənn üzrə müəllim tapmağa kömək istədi 🙂
Tapdım təbii, amma lənətə gəlmişlər imkan vermədi, məlum qətlyamla.
Bu mərd insan haqda çoxlarının bilmədiyi bi şeyi də fürsət düşüb yazım. Nardaran hadisələrinə lap az qalmış, danışdıq. O Milli Şura üzvü idi, amma özünün təşkilatı (Müsəlman Birliyi Hərəkatı) vardı. Dedi, bəy bizim təşkilat ümumun qərarı ilə idarə olunur, orda da belə düşünürlər ki, biz müstəqil fəaliyyət göstərməliyik, ona görə gərək Milli Şuradan çıxam. Ancaq dedi, narahatçılığım var. O sarıdan ki, indi hakimiyyət Milli Şuranın üstünə gedir, bəziləri də qorxaqlıq edib kənara çəkilir, belə vaxtda ordan çıxmağı düz saymıram. Mən də bu ağıllı rəyi bölüşdüm. Dedim səbr et, ara sakitləşsin götür-qoy edərik. Buna da fürsət olmadı, lənətə gəlmişlərin məlum Nardaran qətlyamına görə.
Nardaran terrorundan isə heç nə yazmaq istəmirəm. Çünki, orda qətlə yetirilən günahsız insanların qanı quramamış nə yazmışamsa, onlardan artığını yazamağa ehtiyac bilmirəm və şükürlər olsun ki, o yazdıqlarıma indi uzaqdan baxanda rahatlıq tapıram. Çox adam o məşum günlərdə səbatlı davrana bilmədi, vəhşi propoqanda maşınına müqavimət yerinə, əl çalananları gördük. İndi vəziyyət bir az başqadır, vicdanın itirməyib, sağlam düşünən hər kəs rahatlıqla deyə bilir: o günahsızdır! Düzdür, Tale Bağırzadə hələ də türmədədir, 4 balası onsuz böyüyür, bu gün o 9-cu (!!!) ad günüdür ki, zindanda qarşılayır. Zülm deyilmi? 9 il! Universitet görmüş adamlarsınız 90 dəqiqəlik dərsi auditoriyada oturmaq necə işgəncə idi, yadınızdadı?
Tale Bağırzadə və bütün siyasi məhbuslarımız azadlığa buraxılmalıdır. Hakimiyyət “vətən xaini” maddəsi verdiyi adamları geri durub azadlığa buraxıbsa, bu insanları dünəndən “aç burax” etməlidir. Bu qədər hikkə sirkə olub özünüzü yandıracaq bir gün ay zavallılar! Bu uşaqlarını ahı sizi nə vaxtsa yaxalayacaq, buna qəti şübhəm yoxdur, əslində yaxalayıb da.
Din qüvvətli bir mənəvi bazadır. Din əqidəsinə görə məhrumiyyətlə görən, zindanlara düşən, öldürülən, tənha buraxılan insanlara dini mətnlərdə müalicə xarakterli o qədər şeylər var ki, onları bilən, onlara inanan adamlar üçün 9 illik məhbusluqla 99 illik zindan arasında heç bir fərq yoxdur. Konkret nümunələr gətirib başınızı ağrıtmaq istmirən, bilənlər bilir nələri deyirəm. Sözümü ora gətirirəm ki, bu gün Tale kimi vicdanlı, təmi adamın günahsız yerə 9-cü ad gününü türmədə qarşılaması onun özü üçün bəlkə də sonsuz bir lütfdür, fəqət bu hal bizim hamımızın- İlham Əliyev qarışıq, burnumuzdan yeyib- içdiklərimizi irin-qan edib geri gətirməlidir. Təkcə, bu sual vasitəsi ilə: “Niyə mənim ölkəmdə günahsız insan türmədə oturmalıdır və mən belə insanın azadlığı, ayaqda qalması üçün nəsə edə bilmişəm?”
Mübarəksən, əziz qardaş!
“Qəriblərə müjdələr olsun!”