Gədəbəyin keçmiş icra başçısı, AXCP-yə maliyyə yardımına görə 7 il 3 ay həbs cəzası kəsilmiş Saleh Rüstəmovun qohumları da təqib olunduqlarını bildirir. Bu barədə S.Rüstəmovun qardaşı oğlu Sezgin Rüstəmli danışıb.
S.Rüstəmov haqqında məhkəmə hökmü ilə müsadirə olunan əmlaklar arasında Sezgingilin Bakıda – Xətai rayonu, Əhmədli qəsəbəsi, Vunq-Tau küçəsində yerləşən mənzili də var. Onun sözlərinə görə, mayın 1-də bir qrup mülkigeyimli şəxs həmin mənzilə gələrək, evə daxil olmaq istəyiblər. Həmin vaxt evdə bacısı tək olub, qapını açmaqdan imtina edib: «Əvvəl özlərini təqdim etməyiblər, sadəcə, Eldar adlı adamı soruşublar. Bacım deyib ki, burada belə adam yaşamır. İsrar eləyiblər ki, yaşayır, qapını açın. Görəndə ki, qapı açılmır, deyiblər ki, polisdir. Hədə-qorxu ilə atamı – Taleh Rüstəmovu cağırmasını tələb ediblər. Onlara deyilib ki, atam rayondadır. Yenə getməyiblər».
Sezgin Rüstəmlinin sözlərinə görə, mülkigeyimlilər sonra həyətə düşüb, təxminən saatyarım orada gözləyiblər, qonşulardan T.Rüstəmov və ailəsi haqqında soruşublar. S.Rüstəmov istisna etmir ki, əmisi və digər əmisinin oğlu Vidadidən sonra onun atasını da həbs etmək planı var: «Əmimi heç bir günahı olmadan 7 il 3 ay həbsə məhkum ediblər. Əmim oğlu Vidadini də ona təzyiq məqsədilə tutub, AXCP-yə qarşı ifadə vermək üçün işgəncələr verib, 9 ay günahsız həbsdə saxladılar. Bütün nəslimizin nəyi varsa, müsadirə ediblər. Bir nəslə belə repressiya məntiqlə verilən qərar yox, emosional və qisas xarakterli qərardır. İnana bilmirəm ki, illər ərzində edilən ümumilikdə 5 min dollarlıq yardım, – aya bəlkə 100 dollar düşər, – hakimiyyətin bu qədər qisasçı mövqe sərgiləməsinə yol aça bilər.
Bəlkə də Rüstəmovlar ailəsinin, xüsusən Saleh Rüstəmovun Qarabağ müharibəsində torpaqların müdafiəsi üçün gördüyü işlər bu hakimiyyətdə kompleks yaradıb».
Rüstəmovlar mayın 1-də mülkigeyimlilərin mənzilə daxil olmaq cəhdi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib.
Nazirlikdən müraciətin nəticəsi barədə açıqlama almaq mümkün olmayıb.
Azadlıq Radiosu