Milli Şuranın sədri Cəmil Həsənli
Deməli “İçərişəhər” qoruğunda tarixi memarlıq abidələrinin dağıdılması, qədim Qala divarları yaxınlığında 4 restaran (kababxana) tikintisi ilə bağlı yaranmış etirazlardan sonra İlham Əliyev dünən “Azərbaycan Respublikası Prezidentinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 7 avqust tarixli 1573 nömrəli, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli 119 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərman” imzalayıb. Bu fərmanla İlham Əliyev guya “İçərişəhər” Dövlət Tarix-Memarlıq kompleksinin qorunmasına nəzarət mexanizmini gücləndirməyi nəzərdə tutur. Bəs indiyə qədər qəbul edilmiş qanunlar, imzalanmış sərəncamlar “İçərişəhəri” qorumaq üçün yetərli deyildimi? Əlbəttə yetərlidir. Lakin işləməyən qanun abidə qoruya bilməz.
“İçərişəhər”də son tikinti işləri ilə bağlı çox müzakirə və mübahisələr getsə də, hətta ölkənin birinci vitse-prezidenti hadisə yerinə gəlsə də, axıra qədər aydınlaşmadı ki, Qala divarlarının dibində inşa edilən bu restoranlar, kababxanalar kimlərə məxsusdur? Dəfələrə mətbuat orqanları tərəfdən sorğu verilməsinə baxmayaraq Qoruq idarəsi həmin obyektlərin sahiblərini gizli saxlamaqda israrlıdır. Lakin bir maraqlı fakt ortadadır ki, Kiçik Qala, 19-21 ünvanında metal konstruksiyalı dörd obyektin hazırlanması və quraşdırılmasına dair müqavilə hələ 2018-ci ilin noyabr ayında imzalanıb və ən maraqlısı “Turan Agentliyi”nin məlumatına görə həmin obyektlrlə bağlı Qala divarlarına bitişik görülən işlər dövlət büdcəsi hesabına həyata keçirilir. Belə bir sual meydana çıxır: bu hansı imkanlara malik sahibkardır ki, Tarixi-Memarlıq Qoruğunun ərazisində öz obyektlərinin, restoranlarının tikintisini dövlət büdcəsi hesabına həyata keçirə, Qala divarlarının dibində şəxsi biznesini genişləndirə bilir. Nə, hadisə yerinə gələn birinci vitse-prezident, nə də, dünən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında yeni dəyişiklikləri imzalayan prezident İlham Əliyev nədənsə bu obyektlərin (restaranların) kimə məxsus olması məsələsinə aydınlıq gətirmədilər. Gətirə də bilməzdilər. Çünki, əldə olunan məlumatlara görə Qala divarları dibində inşa edilən bu restaranların ikisi Leyla Əliyevaya, ikisi də onun yaxın qohumuna məxsusdur. Bax,”İçərişəhər”i onlar belə dağıdırlar. Ona görə də, həmin fərmanı İlham Əliyev aparıb öz evindən assın, öz ailə üzvlərindən “İçərişəhəri” qorusun. Çünki artıq 15 ilə yaxındır ki, “İçərişəhər”ə, tarixi Qala divarlarına ən böyük təhlükə məhz, hakim ailədən gəlir.