Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oktay Gülalıyev
Görün yaşadığımız ölkədə nələr baş verir, dinc- günahsız insanlara qarşı hansı qəddarlıq, qeyri- insanlıq nümayiş etdirilib? Bunu biz demirik. İşgəncəyə məruz qalanların anaları, yaxınları deyir…
Son günlər 2018- ci ilin Gəncə hadisələri ilə bağlı çox ilginc hadisələr baş verməkdədir. Həbs olunmuş şəxslərə qarşı törədilmiş işgəncələrin ört- basdır edilməsi, istintaq orqanları ilə bərabar məhkəmələrin də bu cinayəti gizlətməsi, valideynlərin etirazının eşidilməməsi, sonda məhkəmə prosesində 2 məhbusu ölüm ayağına gətirib. Baş verənlərə etiraz edən 98 valideyn ölkə rəhbərliyinə və ictimaiyyətə açıq müraciət ediblər…
Doğrusu deyim müraciəti oxuyanda adamı dəhşət bürüyür. Sənəddə Gəncə hadisələrinin saxta və qurama olduğu, həbs olunan şəxslərdən dəhşətli işgəncələr nəticəsində necə ifadə alındığı çılpaq şəkildə qeyd olunur. Müraciətdən bəzi qeydləri ixtisarla təqdim edirəm:
“Bizim övladlarımız Gəncə hadisəsinin qurbanlarıdır. Onlar haqsız olaraq cinayət məsuliyyətinə cəlb edilmiş və barələrində ədalətsiz qərarlar qəbul edilmişdir. İstintaq və məhkəmə orqanlarının vermiş olduğu həmin qərarlarla biz razı deyilik və qəti surətdə etirazımızı bildiririk. Belə ki, istintaq orqanı qanunvericiliyin tələblərinə zidd olaraq həyata keçirmişdir. Birincisi, və ən vacibi (!) bizim doğmalarımız tutulan andan etibarən bir neçə gün davamlı şəkildə ağlasığmaz işgəncələrə, əzablara, söyüşlərə, təhqirlərə və digər zorakılıqlara məruz qalmışlar, bunun nəticəsində bütün uşaqlar müxtəlif dərəcəli xəsarətlər almışlar, bu günədək almış olduğu xəsarətlərdən hələ də əziyyət çəkənlər var, lakin bu barədə susulur və ya eşitməməzliyə vurulur. Niyə?! Həmin işgəncələr altında övladlarımızdan izahatlar alınıb, verilən ifadələrdə olmayan şeylər qeyd edilib, izahatlar dindirilən şəxslərə və onların müdafiəçilərinə zor işlədərək imzalandırılıb…”
“Bir çox uşaqlar işgəncələrə dözməyib Gəncə şəhər Nizami rayon polis idarəsinin 3-cü mərtəbəsinin pəncərəsindən özünü atmağa cəhd etmişlər və hətta bir nəfər özünü atmışdır, həmin şəxs haqqında məlumatlar açıqlanmır, gizlənilir. Nizami rayon polis idarəsində quraşdırılmış kameralara nəzər salsanız 10-11 iyulda və digər günlərdə orada qanın su yerinə axdığının şahidi olacaqsınız, orada arvad-uşaq, cavan-qoca fərq qoyulmadan tutulan şəxslərin hər biri amansızcasına döyülüb, söyülüb, təhqir olunub və digər zorakılıqlara məruz qalmışdır. Tutulan şəxslər onlara işgəncə verən şəxlərin adlarını xatırlayırlar, bunlar Orxan Babayev, Ədalət Sadıxov, Rafiq Şabanov, Ceyhun Nuriyev, Rasim Qurbanov, Vüqar Qarayev, Mehdiyev Elşən, İsmayılov Əfqan, Knyaz, Zöhrab, Yusif, Xanlar, Cavanşir və digərləri olmuşdur. Bu kimi işgəncələr Gəncə şəhər Kəpəz rayon polis idarəsində, Gəncə 2 saylı İstintaq Təcridxanasında, Bakıda “bandotdel” adlanan yerdə və digər polis şöbələrində də baş vermişdir. ”
“… Təqsirləndirilən şəxslər onlara verilən işgəncələr haqqında və bu işgəncələrin başında müstəntiqlər qrupun rəhbəri Orxan Babayevin durduğu haqqında danışarkən hakimlər tərəfindən sözləri dərhal kəsilir və sanki heç nə olmamış kimi dindirilməni başqa səmtə yönəldərək davam etdirirlər, işgəncə mövzusunu ört-basdır edirlər. Orxan Babayevin adının çəkilməsinə isə dövlət ittihamçısı icazə vermir. Nə üçün?! Budurmu məhkəmələrimizin işə obyektiv baxması?! Məgər bizim övladlarımız bu ölkənin vətəndaşları deyilmi? Nə üçün onlara qarşı istintaq dövründən öncə və istintaq dövrü aparılarkən müxtəlif ağlasığmaz qeyri-insani işgəncələr verilib?”
“… Siz təsəvvür edirsinizmi 4-5 yaşlı uşağın gözü önündə onun anasını vəhşicəsinə döysünlər, bir qadına təpiklə elə vursunlar ki, qadın bir neçə metr kənara yıxılıb, huşunu itirib və qeyri ixtiyari sidik ifraz etmiş olsun? Bunlar hamısı həqiqətən baş vermişdir (!) Budurmu hüquq-mühafizə orqanların Azərbaycan qadınına, Azərbaycan anasına hörməti? Budurmu insan hüquqlarının qorunması? Düşünə bilərsinizmi, bir atanın qollarını qandalla istilik radiatoruna bağlasınlar və özünü amansızcasına döyməkləri bir tərəfə, 21 yaşlı övladını onun gözü önündə çılpaq soyundurub əl-ayağını skoçla bağlayıb vəhşicəsinə döysünlər, bədəninin müxtəlif yerlərinə cərəyan versinlər, alışqanla ayağının altını, belini yandırsınlar, atanın barmaqlarını məngənə arasına salıb sıxsınlar, yalançı və qurama izahata imza atmadığına görə əllərini kəsik-kəsik etsinlər… Tutulan uşaqlar ilkin olaraq Gəncə şəhər Nizami rayon polis idarəsində gətirilmişlər, orada onların ləyaqəti alçalması bir tərəfə, onlarla amansız qəddarlıqla davranaraq “…onlara Mingəçevir tokunu verin”, “..siz bizim rəisimizi öldürdünüz, biz də sizi ayağımızın altında asfalt edəcəyik” deyilirmiş və bütün koridor boyu uşaqlar ayaq altında əzirmişlər, polis idarəsində elə bir işçi qalmamışdır ki, həmin uşaqları təpikləməsin, döyməsin və alçaltmasın. Bir çox tutulan şəxslər söyləyirlər ki, onların saxlandıqları yerlərə “bandotdel”in maskalı cəlladları sərbəst daxil olub istədikləri kimi hərəkət edə bilirdilər, sanki xüsusi təlim keçmiş həmin maskalı cəlladlar amansızcasına, soyuqqanlıqla və ölümünə onları döyürdülər, müxtəlif işgəncələr verirdilər. Bir çox şəxsləri Bakıya “bandotdel”ə göndərmişlər, orada onlar qaldıqları müddət ərzində davamlı şəkildə olmazın işgəncələrə məruz qalmışlar, elektrik cərəyanı müxtəlif yerlərinə, hətta cinsi orqanlarına verilmişdir. İsgəncələr uşaqların bədənlərinin müxtəlif yerlərində iz qoymuşdur, bunu xüsusi zamazka ilə ört-basdır edərək tutulan şəxsləri Bakı İstintaq təcridxanasına təhvil verirdilər. Bir çox uşaqlar öz kamera yoldaşlarının qulluğuna möhtac qalmış, onların köməyi ilə qaşıq-qaşıq yemək yedizdirilmiş, təbii ehtiyaclarını ödəmək üçün qollarından tutaraq aparıb-gətizdirilmişlər…
Hadisədən 9 ay keçməsinə baxmayaraq, almış olduqları xəsarətlərin izləri bir çox uşaqların bədənlərində hələdə qalıbdır: Məmmədov Urfanın əlinin baş barmaqları işləmir, Quliyev Kamalın qulağının pərdəsi zədəlidir, Məhərrəmov Kamalın belində yırtıq əmələ gəlib, Cavadov Asifin qollarında siqaret kötüklərinin yanıq izləri qalıb və sair və ilaxır, övladlarımız fiziki sağlamlığını itirib, keçirtdikləri mənəvi və psixoloji sarsıntılar onların həyatında sağalmaz izlər buraxıb. Övladlarının haqsız tutulmasına və işgəncəyə məruz qalmasına dözməyib bir çox valideynlər sağalmaz xəstəliyə düçar olub, bir ana dünyasını dəyişib digər bir ana intihar etməyə cəhd etmişdir və hazırda doğmalarının daimi nəzarəti altındadır.
Adı çəkilən qurumlar və ayrı-ayrı vəzifəli şəxslər, öz səlahiyyətlərindən sui-istifadə edərək, bizim övladlarımızı istintaqsız və məhkəməsiz mühakimə etmiş, bildikləri və istədikləri kimi cəzalandırmışlar.”
Valideynlər müraciətin sonunda övladlarına işgəncə verən Orxan Babayev, Ədalət Sadıxov və qeyriləri barəsində ölçü götürməsini, onların cinayət məsuliyyətinə cəlb edilməsini ,ən ağır cəzanın verilməsini tələb edirlər…
Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur. Azacıq vicdanı olan şəxs belə vandalizmə, açlaqlığa dözməməlidir. Günahsız insanlara işgəncə verənlərin milliyyəti və pisoxoloji durumu araşdırmalı, onlar hüquq- mühafizə orqanlarından xaric edilməli və cinayət məsuliyyətinə cəlb olunmalıdırlar…
Bu dəfə də susacayıqsa… çox çətin olacaq!