AXCP sədri Əli Kərimli son günlər Azərbaycan-Avropa Birliyi əlaqələrində baş verən yeniliklərə münasibət bildirib. Ə.Kərimlinin bununla bağlı paylaşdığı facebook statusunda deyilir: “Avropa Birliyi Azərbaycanla bağlı mühüm hesabat yayıb. Əvvəla, hesabatda çox aydın şəkildə vurğulanıb: “Demokratik prinsiplərə, qanunun aliliyinə, insan hüquqları və fundamental azadlıqlara hörmət və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq Aİ-Azərbaycan arasında yeni Sazişin əsasında duran məsələlərdir.”
Hesab etmək olar ki, bu açıqlama ilk növbədə AB ilə Azərbaycan arasında hazırlanmaqda olan Sazişin mətnindən narahatlığını ifadə etmiş Azərbaycan müxalifətinə və vətəndaş cəmiyyətinə cavabdır. Yuxarıdakı fikirləri öz rəsmi hesabatına daxil etməklə AB Azərbaycan cəmiyyətinə mesaj verir ki, hansısa imitasiya prosesində iştirak etməyəcək, “demokratik prinsiplərə, qanunun aliliyinə, insan hüquqları və fundamental azadlıqlara hörmət” Azərbaycanla münasibətlərin əsasını təşkil edəcək.
AB-nin hesabatında Azərbaycanda sərbəst toplaşma azadlığının məhdudlaşdırılmasından narahatlığın ifadə olunması da önəmlidir. Xüsusilə də Milli Şuranın son 6 mitinq müraciətinə yox deyildikdən sonra AB-nin bu məsələyə rəsmi münasibəti yerinə düşür.
Hesabatın tam mətnini şərh bölümündə oxuya bilərsiniz. Hesabatda bir neçə xüsusi önəm verdiyim məqamları isə buraya əlavə edirəm:
– İnsan hüquqları ilə bağlı vəziyyət hələ də narahatlıq doğurur. Fundamental sərbəst toplaşmaq, söz və birləşmək azadlığı və hakimiyyət orqanları tərəfindən opponentlәrin və ya opponent hesab edilənlərin təqibi davam edir;
– Məhkəmə qərarı olmadan tanınmış media internet səhifələri bağlanıb;
– Vəkillər Kollegiyası insan hüquqları müdafiəçilərinin məhkəmə işlərində fəal olan bəzi vəkillərin lisenziyasını əlindən alıb;
– Aİ Nümayəndəliyi siyasi məhbuslar, müxalifətdən olan fəalların inzibati qaydada saxlanması kimi cari halları yaxından yoxlayıb…
Eybi yox, belə yerdə deyirlər ki, gec olsun, ancaq güc olsun. AB ilə Azərbaycan arasında sazişin imzalanması ləngidi. Ancaq önəmli olan odur ki, Saziş rejimin əslində dəyişmədən demokratiya imitasiyasına deyil, fundamental hüquq və azadlıqların gerçəkdən də təmin edilməsinə, sadə vətəndaşın həyatının yaxşılaşmasına xidmət etsin”.