Milli Şuranın sədri Cəmil Həsənli
İndiki məhkəmə işləri 37-nin proseslərinə çox oxşayır. 37-də “Azneft işi”, “Şamaxı işi”, “İsmayıllı işi” və digərləri vardı. Son illərdə də “Nardaran işi”, “Tərtər işi”, günümüzdə isə “Gəncə işi” insanları heyrətə salır. Bu gün Sabunçu rayon məhkəməsində keçirilən “Gəncə prosesinə” getmişdim. Gəncə ağır cinayətlər məhkəməsi prosesi fəaliyyət göstərdiyi, hadisənin baş verdiyi, təqsirləndirilən şəxslərin yaşadığı Gəncədə deyil, Sabunçuda aparır. Yeri gəlmişkən bu da 37-nin ənənəsidir. 37-də də “gurultulu” proseslər baş verdiyi yerlərdə deyil, mərkəzi şəhərlərdə keçirilirdi. Qanunsuzluq və ssenariləşdirilmiş bir cinayət işində rol verilmiş çoxlu günahsız insanların biçarə yaxınları qalıblar Gəncə ilə Bakı arasında. Bu prosesləri bənzərliyi yalnız tarixdə deyil, ənənədə deyil, daha dəhşətli hesab edilən işgəncə faktlarındadır. Biz elə bilirdik 37 tarixə qovuşub. Amma işgəncələrin qanuniləşdirildiyi 37, “Nardaran işində”, “Tərtər işində”, “Gəncə işindəki” işgəncələrə, bu işlərdə insan ləyaqətinin alçaldılmasına, işgəncə metodları ilə insanların törətmədiyi əməllər barədə təsdiqləyici ifadələrin alınmasına, müasir innovativ və texnoloji yeniliklərdən işgəncə prosesində istifadə edilməsi, təqsirləndirilən şəxslərin ailələrindəki qadın yaxınlarının istintaqa gətirilib təhqir edilməsi təhdidllərinin geniş Əliyev rejimin müasir işgəncə metodlarına yalnız həsəd apara bilər. “Gəncə prosesindən” aydın olur ki, Gəncə polisində və Bakıda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində kütləvi şəkildə həbs edilmiş şəxslərə ağır işgəncələr verilib. Son vaxtlar, xüsusiylə Gəncə işində prokurorluq orqanlarının əməkdaşlarının işgəncə prosesində iştirak etmələri barədə məlumatların yayılması daha dəhşətli mənzərini ortaya qoyur. Diqqətlə izlədiyimiz bu məhkəmə prosesində təqsirləndirilən şəxslərin əksəriyyəti öz çıxışlarında onlara verilən işgəncənin başında dayanan şəxslərdən birinin məhz respublika prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin məsul əməkdaşı Orxan Babayev olduğunu bildirirlər. Bu, prokurorluq orqanlarının hansı qanunsuz əməllərə qurşanmasının dəhşətli bir örnəyidir. “Gəncə prosesində” 11-ci sinif şagirdi, insult keçirib anlaqlıq imkanlarını itirmiş gənclər, ağır mədə xərçəngi diaqnuzu altında olan xəstə ağzı tənzifli (maskalı) Aydın Qurbanov məhkəmə qarşısına çıxarılır. İnsanların bədəinində işgəncə izləri hazırda da qaldığı halda onlar istintaq orqanları ilə əlbir olan tibb müəssisələrinin arayışları inkar edilir. Təqsirləndirilən şəxslər qollarından asılıb döyülməsi zamanı qandalın qollarını kəsməsi, “bandotdel” maskalılarının gənclərin cinsiyət orqanlarına elektrik cərəyəna buraxması, işgəncə dəhşətindən anlaqsız hala salınmış şahidlərə ssenariləşdirilmiş ifadələrin imzalatdırılması kimi faktlar Cəncə işində adi hal alıb. Bu günkü məhkəmə prosesində hakim vəkillərə imkan vermirdi ki, qurama ittihamı dağıtmaq üçün öz fikirlərini əsaslandırsın, 1920-ci ildən sonra ikinci Gəncə faciəsinin dəhşətlərini ortaya qoysunlar, hüquqi dəlillərlə rejimin Gəncə oyununu ifşa etsinlər. Lakin işgəncə faktları o qədər adamın üstünə gəlirdi ki, hakimlər son anda işgəncə hallarının tibbi ekspertizasının keçirilməsi barədə vəkillərin vəsadətin təmin etmək məcburiyyətində qaldılar. Amma bu ekspertizanı kim keçirəcək?