Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Dostlar, fevral ayının 28-də, gündüz saat bir radələrində maşınımın heç bir məhkəmə qərarı, heç bir hüquqi əsas olmadan zorakı bir şəkildə əlimdən alınaraq cərimə meydançasına yerləşdirildiyini bilirsiniz. Həşəmətli yol polislərimiz “Xırs qurdurbasan” üsulu ilə- heç bir hüquqi əsas göstərmədən, heç bir protokol və ya rəsmi sənəd təqdim etmədən elə-belə, qoçu kimi maşını məndən alıb cərimə meydançasına yerləşdirəndən düz dörd saat sonra Nəsimi rayon məhkəməsində hakim Pərviz Hüseynovun sədrliyilə keçən iclasda avtomobilimin iddianı təminetmə tədbiri kimi məndən alınaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərardad qəbul edilib. Azərbaycanda iddianı təmin etmə tədbiri kimi maşının üzərinə həbs qoyurlar, ancaq işə mahiyyəti üzrə baxılmadan (özü də iddia müddəti 2005-ci ildə ötürülmüş saxta bir tələb əsasında) heç bir avtomobil sahibindən alınıb cərimə meydançasına yerləşdirilməyib. Mən ölkədə bu şəkildə cəzalandırılan ilk və sonuncu vətəndaşam. Demək, maşın məndən alınandan dörd saat sonra məhkəmə bu barədə qərar çıxarır, bir gün sonra-1 mart tarixində Nəsimi rayon İcra Şöbəsi icraya başlamaq haqqında qərar qəbul edir və həmin qərar mənə poçt vasitəsilə rəsmi qaydada 4 mart tarixində çatdırılır. Qərarda icra şöbəsi mənə maşınımı könüllü şəkildə təhvil vermək üçün on gün- 14 mart tarixinədək vaxt verir))). Mən icra şöbəsinin rəisinə müraciət edib “1 martda qəbul edilən icra qərarı 28 mart tarixində necə icra olunub?” sualını verəndə “bilmirəm, sizin məhkəmə qərarınızı hakim özü icraya yönəldib, bizlik olmayıb” cavabını almışam. Ancaq hakim Pərviz Hüseynov bu qərarı saat 16.00-a təyin edilən məhkəmə iclasında qəbul edibsə, dörd saat öncə hələ qəbul etmədiyi qərarı necə icra edə bilərdi? Hakim səhər saat 11-də haradan bilirdi ki, saat 16.00-da sədrlik edəcəyi məhkəmə iclasında tərəflərdən biri maşının sahibindən alınıb cərimə meydançasına yerləşdirilməsi haqqında vəsatətlə çıxış edəcək?! Hakim falçıdır, ekstrasensdir, nədir?! Belə çıxır ki, 28 mart tarixində səhər tezdən hakim Pərviz Hüseynov özünü salıb Daxili İşlər nazirinin qəbuluna ki, Ramil müəllim, gecə yuxu görmüşəm, saat dörddə məhkəmə iclasım var, orada iddiaçı vəsatət qaldıracaq ki, Gültəkin Hacıbəylinin maşını cərimə meydançasına salınsın, mən də vəsatəti təmin edəcəyəm. Çevir məni balalarının başına, yuxuda görmüşəm ki, o maşını həmən saxladıb cərimə meydançasına aparmasanız dövlətçiliyimiz məhv olar, YAP viran qalan, Prezident Administrasiyası sürüşüb Xəzərə tökülər. Amanın bir günüdür, dövlətçiliyi xilas edin! Mənim versiyam budur, bu versiyanın da gerçək olub-olmadığını 27 may tarixində, saat 15.00-da biləcəyik. Çünki həmin tarixdə iş üzrə növbəti məhkəmə iclası təyin edilib və mən Pərviz müəllimdən gerçəkdən də belə yuxu görüb-görmədiyini və daha mühümü, hələ qəbul etmədiyi qərarı necə icraya yönəltdiyini soruşacağam. Həm də onu soruşacağam ki, mənim işimdən başqa necə işi şəxsən özü, icra şöbəsinin başı üzərindən, həm də qərar qəbul edilməmişdən öncə icraya yönəldib. Dostlar, hüquq adına, məhkəmə ünvanına bütün bu rəzalətlər Azərbaycan hakimiyyətinin mənə qarşı 2013-cü ildə başlatdığı iyrənc kampaniyanın davamıdır. 2013-cü ildə mən Milli Şuraya qoşulandan dərhal sonra Nəhayət Məmmədova adlı bir şərçi və böhtançını tapıb üzümə qoydular ki, guya mənə 2003-cü ildə evimi təmir və avadanlıqla təchiz etmək məqsədilə 50 min dollar borc pul verib. Təbii ki, yalandır, təbii ki, ortada heç bir borc müqaviləsi, sənəd, sübut yoxdur və ola da bilməz. Mən 2003-cü ildə millət vəkili olmuşam, Nəhayət Məmmədova pensiyaçı evdar qadın.
Necə olur ki, millət vəkilinin evini təmir etməyə bir qəpik pulu olmur, ancaq pensiyaçı evdar qadın ona heç bir şahidsiz, sənədsiz, borc müqaviləsi olmadan 50 min dollar verir ki, get xərclə, kef elə. Adam 2003-cü ildə “verdiyi borcu” düz on il unudur, bu illər ərzində bircə dəfə də olsun nə mənə, nə başqalarına belə borcun olduğunu xatırlatmır və yalnız on il sonra, mən Milli Şuranın üzvü olanda “borc” yadına düşür. 2003-cü ildə 50 min dollara iki üçotaqlı ev almaq mümkün idi, amma Nəhayət Məmmədova iddia edir ki, mən bu pulu bir üçotaqlı evin təmirinə xərcləmişəm))). Sübutları da, maşallah, “daşdankeçəndir”. 2004-cü ilə aid bir bloknot tapıblar, həmin bloknotun səhifələrində öz xətlərilə ağıllarına gələni yazıblar və hörmətli məhkəmələrimiz bu “mötəbər” sübutlar əsasında altı ildir evimə həbs qoyub, maşınımı isə hətta cərimə meydançasına salıb. Həmin bu Nəhayət Məmmədovanın qızı, insan alverçisi Aynur Mehdiyeva da 2013-2015-ci illərdə məhkəmədə mənim üzümə durmuşdu. Ona görə də Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 may 2014-cü il tarixli hökmü ilə insan alveri və əməyin istismarı kimi iki ağır cinayətə görə məhkum edilib 8 il 6 ay həbs cəzası alsa da, məhkəmə “xidmətlərini” nəzərə almaqla onu bir il şərti cəza ilə məhkəmə zalından azad etdi. Nəhayət Məmmədovanın oğlu Mahmud Mehdiyev 2010-cü ildə Baş prokuror Zakir Qaralovun əmri ilə “fərariliyə və prokurorluq orqanı əməkdaşına yaraşmayan hərəkətlərə görə” prokurorluqdan qoyulmuşdu. Mehdiyev 2013-cü ildə mənə qarşı mətbuat konfransı keçirdi, “İlham Əliyevi sevmədiyimi” mənə bağışlamayacağını bəyan etdi, mənə ağır böhtanlar yağdırdı. Onu məhkəməyə verdim ki, ya böhtanlarını sübut etsin, ya üzr istəsin, məhkəmədə dedi ki, mən deməmişəm, jurnalistlər mənim adımdan uydurublar. Şikayətim hazırda Avropa Məhkəməsindədir. Və belə cahanşümül xidmətlər qarşılığında Zakir Qaralov 2014-cü ilin yanvar ayında öz əmri ilə prokurorluq orqanlarından qovduğu şəxsi Xətai rayon prokurorluğuna müstəntiq təyin etdi. Bu 50 min söhbəti bağlanmışdı, iddiaçı məhkəmələrə gəlmirdi. 19 yanvar mitinqindən sonra yenidən tapıb yadına saldılar ki, ey dili-qafil, nə yatmısan, çıx meydana, “tazə gülüstan tələb eylə”, pardon, təzədən 50 min dollar tələb et!
Adam da çıxıb məhkəməyə oğlunun öz xətti ilə yazdığı cızma-qaraları təqdim edib ki, bəs sən demə, məhkəmə-hüquq islahatlarından sonra hərə əlinə bir ağ kağız alıb üstündə ağlına gələn məbləği yazıb ürəyi istədiyi adamı məhkəməyə verə bilər ki, sənə bir milyon borc vermişəm, pulumu qaytar! Yeri gəlmişkən, borc müqavilələri üzrə, hətta notarial qaydada təsdiq olunmuş müqavilə olduğu halda belə iddia müddəti 3 il, qanunsuz varlanma ilə bağlı ondan da az-2 ildir. Və bütün bu məhkəmə rəzaləti iddia müddəti 15 il ötürülmüş saxta iddia ətrafında baş verir. Nə deyək?! Olsun, ancaq əmlak hüquqlarının bitməyən hüquq olduğunu bilməmiş də deyillər. Bizə vurduqları nəinki maddi, hətta milyonlarla ölçülən mənəvi ziyanın hər qəpiyinə görə hesab verəcəkləri, məhkəmələri siyasi təqib maşınına, repressiya aparatının vuran qoluna çevirdikləri üçün ədalət mühakiməsinə təslim ediləcəkləri gün də uzaqda deyil. O vaxta qədər qoy özlərini bacardıqca çox rüsvay etsinlər.
P.S. Buyurun, 50 min dollarlıq!!! iddianın əsasında duran “möhtəşəm və mötəbər sübutları” sizə təqdim edirəm. Bir fb izləyicim yazdığı kimi, bu “sübutlar” əsasında adama güllələnmə də verə bilərdilər, bəxtim gətirib, 50 min dollarla qurtarmışam.