AXCP sədri Əli Kərimli Saleh Rüstəmlini ad günü münasibətilə təbrik edib. Ə.Kərimlinin bununla bağlı facebook səhifəsində paylaşdığı statusda deyilir: “Dostum, Gәdəbəy rayonunun keçmiş icra başçısı, siyasi məhbus Saleh Rüstəmli bu gün ad gününü ailəsindən və dostlarından aralı – məhbəsdə qeyd edir. Saleh bəyin məhkəməsində bir epizodu heç zaman unutmayacağam. Hakim öz aləmində guya Saleh bəyin cinayətkar olduğunu (həm öz pulunu, həm də dostlarından topladığı ianələri siyasi məhbuslar üçün AXCP-yə göndərdiyini) sübut etmək üçün onun Rusiyada yaşayan başqa bir iş adamı olan dostuna göndərdiyi səsli mesajı elan edirdi. Həmin mesajında Saleh bəy deyirdi: “Dostum, biz çoxdandır ki, Azərbaycanı tərk etmişik, burada öz biznesimizi qurmuşuq. Nə sənin, nə də mənim dolanışıq problemimiz yoxdur. Zəhmətimizlə ailələrimizin maddi problemlərini həll etmişik. Ancaq bizim iş qura, işləyə bilmədiyimiz Azərbaycanı hələ də tərk etməmiş çoxsaylı dostlarımız ölkəmizin qurtuluşu üçün orada mübarizə aparırlar. Onlar Azərbaycanda demokratik, azadlıqların təmin olunduğu dövlət qurmaq istəyirlər. Elə ona görə də həbs olunurlar. Özləri həbsxanada, ailələri də həbsxana yollarında qalırlar, üstəlik, çox ciddi maddi çətinliklər çəkirlər. Nə qədər doğrudur ki, bu ölkənin bütün dərdini eyni adamlar çəksin? Nə qədər doğrudur ki, Vətənimizin xilası üçün çalışan və buna görə həbs olunan insanların özləri və ailələri həm də maddi sıxıntı içində əzab çəksin? Belə mübariz insanlara, onların ailələrinə kömək etmək bizlərin vicdan borcumuz deyilmi?..”
Hakim mesajın mətnini oxuyub başa çatdıranda zaldakıların üzünə baxdım. Hamı – Saleh bəyin əqidə dostları və qohumları Saleh bəyin vicdanının harayından kövrəlmişdi. Saleh bəylə bir daha fəxr etdim. Bir anlıq mənə elə gəldi ki, Azərbaycan xalqının azadlıq mübarizəsi haqda çəkilmiş film izləyirəm. Ancaq bu eşitdiklərim və şahidi olduqlarım real həyatda baş vermişdi.
Saleh bəy kimi oğullarını millətimiz tanımalıdır. Tanımalıdır ki, özünə inansın. İcra başçısı olarkən Gədəbəydəki “Başkənd” əməliyyatının rəhbərlərindən biri olmuş Saleh bəy sonradan iş adamı olaraq Moskvada öz qayğısız həyatını sürdürə bilərdi. Ancaq o Vətənin və onun mübariz övladlarının taleyinə biganə qala bilmədi. Zalım rejim Saleh bəyi çox sərt cəzalandırıb. Özünü 7 il 3 ay müddətinə azadlıqdan məhrum edib, bütün nəslinin əmlakını müsadirə edib, qardaşlarının da ölkədən çıxışına qadağa qoyub. Azərbaycanın milli burjuaziyasına göz dağı vermək istəyirlər. Ancaq mümkünmü? Azadlıq və ədalət duyğusu insan üçün o qədər şirindir ki, heç bir cəza, hədə insanlığı bu duyğulardan uzaq tuta bilməyib. Bəşər tarixi, 100-dən artıq xalqın azadlıq mübarizəsi və nəhayət, xalqımızın 30 ildir ki, heç səngiməyən azadlıq və ədalət mübarizəsi sübut edir bunu.
Ad günün mübarək, təvəzökar və fədakar insan! Sənə uzun ömür, can sağlığı, xoşbəxtlik arzulayıram. Arzulayıram ki, tezliklə azadlığa çıxasan, gözü yollarda qalan ailənә, övladlarına qovuşasan. Bir də arzulayıram ki, sənin və siyasi məhbus həyatı yaşayan dostlarımızın mübarizəsi tezliklə bəhrəsini versin, Vətənimizi də qurtara bilək!”.