AXCP İqtisadiyyat Komissiyasının sədri Nemət Əliyev
Qeyri-neft sektorunun sağdan, soldan, yuxarıdan, aşağıdan, arxadan, öndən almadığı zərbə qalmayıb. Yarıtmaz idarəetmə bütün mənalarda sözünü deməkdədir…
Dövlət Gömrük Komitəsindən əldə olunan ən son məlumatlara görə 2019-cu ilin yanvar-aprel dövründə neft sektorunun ümumi ixracda payı 92 faizə yüksəlib ( 7,1 milyard dolarlıq ixracın 6,5 milyard dolları xam neft, neft məhsulları və təbii qazdan ibarət olub). Ümumi ixracda qeyri-neft mallarının payı vur-tut 8 faiz təşkil edib. Halbuki, bu pay bir il əvvəl 9 faiz, iki il əvvəl 12 faiz, dörd il əvvəl isə 14 faiz olub. Bu göstərici son dörd ildə 6 faiz bəndi azalaraq 8 faizə enib. Amma qeyri-neft sektoruna dəyən zərbə bununla bitməyib.
Ərzaq və qeyri-ərzaq mallarına daxili təlabatın ödənilməsində də qeyri-neft istehsalının rolu zəifləməkdə davam edib. Bu ilin ilk dörd ayında idxal 50,3 faiz artıb. İdxalda yaşanan bu artım tempini son illərin ən yüksək göstəricisi saymaq olar. İdxalın bu səviyyədə artması özlüyündə daxili istehsalın nə dərəcədə zəif olması haqqında ilk baxışdan çox şey ifadə eləyir. Pərakəndə ticarət dövriyyəsinə dair məlumatların təhlili konkret şəkildə göstərir ki, hazırda xarici malların ümumi daxili təlabatın ödənilməsində rolu 68 faizə yüksəlib. Deməli, yerli istehsalın burada rolu vur-tut 32 faizdir.
Nəticə çıxarmaq baxımından ibrətamizdir ki, yerli malların dörd aylıq ticarət dövriyyəsi son 5 ilə 2,7 dəfə azalaraq 5,7 milyard dollardan 2,1 milyard dollara düşüb. Elə isə sual yaranır: 2004-2018-ci illərdə ölkə iqtisadiyyatına yatırılan 245 milyard dollarlıq sərmayələrin izlərinə buralarda niyə rast gəlinmir? Fikrimcə, bunun xalqa ağlabatan izahatı açıqlanmalıdır. Ölkəni idarə edənlər papaqlarını qarşılarına qoyub neftdən kənar istehsal sahələrinin rolunun niyə bu dərəcədə zəifləməsinin gerçək səbəbləri və bunun hansı ağır nəticələr doğura biləcəyi haqqında yaxşı-yaxşı fikirləşməlidirlər.