“Vəkil kimi hüquqlarımın bərpasına Nərimanov Rayon Məhkəməsində baxılacaq”, – vəkil Yavər Hüseyn bildirib.
Onun sözlərinə görə, məhkəmə baxışı mayın 30-u saat 15:00-a təyin edilib.
Xatırladaq ki, Yavər Hüseyn mayın 28-də DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılan və orada saxlanılan Azərbaycan Xalq Hərəkatı İdarə Heyətinin üzvləri İlyas Abdullayevin və Yavər Mikayılovun vəkilidir. Vəkil hər iki şəxsin müdafiəsi üçün onların doğmaları ilə müqavilə imzalasa da həmin vaxtdan bu yana hüquqlarını müdafiə etdiyi şəxslərlə görüşə bilməyib. Y.Hüseyn hüquqlarının pozulması ilə bağlı DİN və Baş Prokurorluğa müraciət etdiyini bildirmişdi.
AXH 2018-cu ilin yanvarında 1992-93-cü illərdə Azərbaycan Xalq Hakimiyyəti dönəmində daxili işlər naziri olmuş İsgəndər Həmidovun təşəbbüsü ilə yaradılıb. Hərəkata bir bir sıra partiyalar qoşulub. Hərəkat mayın 25-i və mayın 28-i aksiya keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Bundan sonra Hərəkat üzvlərinın saxlanılmasına başlanılıb. Şərhçilər bunu siyasi təzyiq kimi dəyərləndirsələr də hakimiyyət ölkədə heç kimin əqidəsinə görə təzyiqə məruz qalmadığını bildirir.
Contact.az