Mayın 27-də Azərbaycan Hərbi Prokurorluğu qarşısında “Tərtər” işi üzrə öldürülmüş və həbs edilmiş hərbi qulluqçuların valideynlərinin və qohumlarının etiraz aksiyası keçirilib.
Aksiya iştirakçıları övladlarına qarşı cinayət işinin əsassız olduğunu iddia ediblər.
“Oğlumu sübutsuz mühakimə ediblər, işgəncə veriblər. Mən prezident İlham Əliyevlə görüşmək istəyirəm”, deyə etirazçılardan biri bildirib.
“Əsgərlərə işgəncə verərək, öz komandirlərinə qarşı ifadə verməyə məcbur ediblər, sonra işgəncə verərək vətənə xəyanət etdiklərini etiraf etməyə məcbur ediblər. Amma onların heç biri satqın deyildi”, deyə başqa bir valideyn bildirib.
Aksiya insidentsiz başa çatıb.
2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayaraq, saxlanılan hərbi qulluqçular və mülki şəxslərdən ibarət qrupu Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluqda ittiham edib.
Bəyanata əsasən, Ermənistan Silahlı Qüvvələrinin Kəşfiyyat Xidməti Tərtər rayonunda Azərbaycan ordusunun birləşmələrinə və məntəqələrinə qarşı geniş miqyaslı təxribat aksiyası hazırlayıb.
Mayın 3-də Azərbaycan Hərbi Prokurorluğu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Prokurorluqların, müdafiə, daxili işlər nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq qrupu yaradılıb. Saxlanılan şəxslər müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib. Araşdırma zamanı ən az 8 şübhəli şəxs öldürülüb. Sonradan təkrar istintaq zamanı öldürülən 4 nəfər bəraət alıb, ittihamları saxtalaşdıran müstəntiqlər isə 7 ilə qədər azadlıqan məhrumetmə cəzası alıblar.
Contact.az