Bu yazıya görə müəllifə 10 sutka həbs cəzası verdilər!
Dünən Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi general-polkovnik Nəcməddin Sadıkovun pensiya yaşına gəldiyi barədə yazım sosial mediyada qeyri-sağlam reaksiyalara səbəb oldu. Generalın müdafiəsi üçün sosial şəbəkədə yaradılmış “trol ordusu” yuxarıdan verilən komanda ilə üzərimə hücuma keçib, təhqirlər, söyüşlər, aşağılayıcı ifadələr yağdırdılar. Halbuki, sadəcə jurnalist peşə borcumu-neytral mövqedən cəmiyəti məlumatlandırmaq işimi görmüşdüm. Açıq cəmiyətin nə olduğunu anlamayan dar dünyagörüşlü, dar düşüncəli adamlar və onları idarə edən xoflu cənablar düşünürlər ki, belə metodlarla cəmiyyətdə istədikləri fikri formalaşdıra bilərlər. Lakin yanılırlar. Keçən məqaləmdə sırf məlumat paylaşan jurnalist kimi çıxış etmişdimsə, bu yazımı araşdırmaçı jurnalist və vətəndaş kimi sizə təqdim edirəm. Bəribaşdan qeyd edim ki, jurnalistikanın ənənələrinə uyğun, əsaslı əks-mövqeyə yer verməyə hazıram.
Sözügedən Nəcməddin Sadıkov kimdir? Generalın rəsmi bioqrafiyası ilə hər kəs rəsmi mənbələrdən tanış ola bilər. Mən, orada əksini tapmayan digər məqamlara toxunacam.
Ermənistan-Azərbaycan münaqişəsinin ilk dövründə Sovet Ordusu hissələrin tərkibində Azərbaycana göndərilmiş mayor Nəcməddin Sadıkov 1988-ci ilin sonlarından 1992-ci ilin aprelində yeni qurulan Azərbaycanın Milli Ordusuna xidmətə keçənə kimi Göygölün (Xanlar) hərbi komendantı olub. Bu vəzifədə o, erməni qəsbkarlarından müdafiə olunan yerli azərbaycanlı əhalisini tərksilah edən, onları erməni-rus basqınları qarşısında silahsız qoyan satqın biri kimi tanınıb və yadda qalıb. Məhz bu səbəbdən, 1992-ci ilin aprelində onu Goranboyda formalaşan Milli Ordunun briqadasının komandiri qismində görən Goranboy və Göygöl (Xanlar) özünümüdafiə batalyonlarının komandirləri və döyüşçüləri hiddətlənib, “bu satqını başımıza kim gətirib?! Axı bu bizi erməni qarşısında silahsız qoyandır!” deyə, sözügedən briqadaya daxil olmaqdan imtina ediblər.
Vəziyəti belə görən qonşu Tərtər rayonunda yenicə İcra Hakimiyətinin başçısı olmuş Sərdar Həmidov, rayonu üçün yararlanmaq məqsədilə qardaşı, daxili işlər naziri İskəndər Həmidovun köməkliyi ilə həmin briqadanın daimi dislokasiya yerini Goranboydan Tərtərə dəyişib. Bu andan N.Sadıkov Həmidovların timsalında Azərbaycanda özünə ilk himayədar qazanıb. Sonralar o, vaxtında himayədar dəyişməkdə ustalıq göstərəcək. Hələlik isə, S.Həmidova rayonun müdafiəsini qurmaq üçün hərbi savadlı komandir lazım idi. Məhz S.Həmidov yerli özünümüfadiə batalyonlarını N.Sadıkova tabe etdirə bildi. Yoxsa kim idi azərbaycanca bilməyən sovet zabitinə tabe olan? Həmin vaxt Şuşa-Laçın briqadasına komandir təyin olunmuş Elbrus Orucovun taleyini yaxşı bilirik. N.Sadıkovdan fərqli o, azərbaycanlıları tərksilah etməmişdi, lakin yerlərdə tabeçilik, nizam-intizam və idarəçilik yarada bilməmişdi və nəticədə Şuşa və Laçın demək olar, döyüşsüz itirilmişdi. Yerli hakimiyət orqanlarının dəstəyi olmadan, rusdilli, açıq deyək, çox zaman milli kökdən qopmuş,“ruslaşmış” sovet zabitləri heç nə edə bilməzdilər və təcrübə göstərdi ki, edə bilmədilər.
Bəziləri Ağcakəndin (Şaumyan rayonunun) azad olunmasını N.Sadıkovun xidmətlərinə yazsalar da, onun o əməliyatlarda rolu olmayıb. Ağdərə hücum planını isə Şəhid Milli Qəhraman, Baş qərargahın 1-ci müavini Şikar Şikarov hazırlayıb, yerli özünümüdafiə batalyonları həyata keçirib. Buna baxmayaraq, Ağdərənin azad olunmasına görə 1992-nin iyulunda N.Sadıkova polkovnik rütbəsi verilib.
1993-cü ilin fevralında ermənilər Tərtər-Kəlbəcər yolunu kəsməyə cəhd edən zaman, Qarabağda 1-ci korpus yaradıldı və N.Sadıkov bu korpusun komandiri təyin olundu. Tərtər-Kəlbəcər yolunun bağlanmayacağına söz verdiyinə görə, Həmidovların zəmanəti ilə, avans olaraq, Sovet Ordusu Günü-fevralın 23-ü N.Sadıkova general-mayor rütbəsi verildi. Lakin yol da bağlandı, Kəlbəcər də işğal olundu. Kəlbəcərin işğalı ilə bağlı N.Sadıkov vəzifəsindən kənarlaşdırılıb və cinayət məsuliyyətinə cəlb olunanlardan biri olub. Lakin o, məsuliyyətdən boyun qaçırmaq məqsədilə Rusiyaya qaçıb və yalnız H.Əliyevin ikinci qayıdışından sonra, bu dəfə R.Quliyevin himayədarlığı ilə Azərbaycana qayıdıb və Qarabağ cəbhəsinin qərargah rəisi təyin olunub.
R.Quliyevin himayədarlığı N.Sadıkova 1994-cü ilin yanvarında Kəlbəcər katastrofuna görə daha aşağı vəzifəli komandirləri cəzalandırmaqla, şəxsi məsuliyyətdən yayınmağa imkan verib.
Danışdırdığım, N.Sadıkova yaxşı bələd olan hərbçilərin əksəriyəti, onun millətə qarşı həqarətini, milli qüruru olan, savadlı zabitləri görən gözü olmadığını qeyd edirlər. O, yalnız onu “hərbi dahi” hesab edən, ona yaltaqlanan, qarşısında əyilən (yaxud karyera xətrinə özünü ona belə göstərən) zabitlərə vəzifələrdə böyüməyə imkan verib. Adam nominal azərbaycanlıdır, 30 ilə yaxındır Azərbaycan ordusunda rəhbər vəzifələrdə çalışır, ancaq bu günə kimi masasına gələn bütün sənədlər əvvəlcə xüsusi işçilər tərəfindən azərbaycan dilindən rus dilinə tərcümə olunur. Çünki N.Sadıkov xidmət etdiyi dövlətin dilini bilmir və zamanı və millətinə münasibətini nəzərə alsaq, azərbaycanca öyrənməyi özünə əskiklik bilir. Buna görə özünə xüsusi tərcüməçilər ştatı yaradıb, saxlayır. Nə qəribə imtiyaz!
Bəziləri N.Sadıkovu “rusun adamı” adlandıranda, etiraz edənlər deyirlər, ruslar onu neyniyirlər, onsuzda hər şeyi bilirlər. Əzizlərim, hər şey belə bəsit deyil. N.Sadıkov Rusiya üçün təbii qarantdır ki, Azərbaycan Silahlı Qüvvələri NATO sisteminə keçməyəcəklər, NATO təhsilli kadrlar ordumuzda yüksəlişə nail olmayacaqlar, NATO ilə əlaqələr genişlənməyəcək. Bunun üçün N.Sadıkova xüsusi tapşırıq verməyə də ehtiyac yoxdur, o, özü və onun yaratdığı sistem, irəli çəkdiyi kadrlar nə lazımdırsa, edirlər. O, Baş qərargahın rəisi olandan minlərlə gənc və orta yaş nəslinə aid olan bacarıqlı, perspektivli milli ruhlu zabit kadrlarımız müxtəlif yollarla ləkələnib, sındırılıb, sıradan çıxarılıblar. Bu, illərlə aparılan əsl milli hərbi kadrlar genosididir! Bunun birbaşa və dolayısı, illərə uzanmış ziyanı ölçüyə gəlməz!
Bu gün N.Sadıkov öz yerinə Müdafiə Nazirliyinin Baş əməliyyat idarəsinin rəisi, Baş qərargah rəisinin 1-ci müavini vəzifəsini icra edən general-leytenant Ayaz Həsənovu hazırlayır. O Ayaz Həsənov ki, müharibədə iştirak etməyib.
Ayaz Həsənov haqqında kiçik bir araşdırma apardıq.
Ayaz Həsənov 1993-cü ildə hərbi məktəbi bitirsədə, xidmətə 1996-cı ildən başlıyıb.
Araşdırma nəticəsində məlum oldu ki, Ayaz Həsənov hərbi məktəbi bitirəndən həmən sonra Rusiya gedib, orda xırda ticarətlə məşğul olub, 1996-cı ildə vətənə qayıdaraq, orduya yenidən bərpa olunub.
Hərbi karyerası dövründə Bərdə korpusunda qərargah rəisi, Beylaqan, Bakı korpusunlarında komandir, Naxçıvan əlahiddə ümum qoşun ordusunda qərargah rəisi kimi xidmət edib, oradan Müdafiə Nazirliyinə Baş Əməliyyat İdarəsinə rəis gətirilib.
Son vəzifəsində A.Həsənovun əsas “xidməti” gənclərin Türkiyədə hərbi təhsilə göndərilməsini dayandırıb, Rusiya hərbi məktəblərə göndərilənlərin sayının 2-3 dəfə artırmasıdır. Orduda zabit və generalların arasında heç bir ciddi nüfuza malik olmayan bu hərbçinin ordumuzda hansı xətti tutması, hansı kadr siyasəti apardığına bu misal kifayət edir.
Bəziləri düşünürlər, ordu təyinatları bizlik deyil. Çox yanlış mövqedir. Ordu dövlətə məxsusdur, dövlət millətə. Millət bizik, sonradan zəli kimi dövlətə yapışanlar yox! Digərləri deyəcək, məxfilik! Belələrinə erməni saytlarını oxumalarını məsləhət görürəm. MN-ə gəzən şaiyələr cəmiyyətdə yayılmamış, erməni saytlarında çıxır! Yoxsa düşünürsüz, ermənilər neçə nəfər azərbaycanlı kursantın Rusiya hərbi məktəblərində oxuduqlarını bilmirlər? Yoxsa ermənilər, Kəlbəcər işğal olunanda indiki Baş Qərargah rəisinin öz əsgərlərini rusca hansı söyüşlərlə irəli basdığını görməyib, eşitməyiblər? Yoxsa psevdo-məxfiçilik adı altında ordumuzun kadr və mənəvi deqradasiyasının davamına millət və cəmiyyət olaraq, göz yummağa davam etməyi təklif edirsiz?! Xeyr! Qaradan o yana boya yoxdur! İndiyə kimi niyə, hansı səbəblərdən, hansı şəraitdə, nə olubsa, olub. Torpaqlarımızın azad olunmasını istəyriksə, buna şübhə yoxdur, millət olaraq, ordumuzda kadr təmizliyinə diqqət etməli və hesabat tələb etməliyik. Dövlət və ordu rəhbərliyi bilməlidir ki, xalq öz ordusunu sevir və ona güvənmək istəyir! Yalnız bu halda xalq-ordu birliyi mümkündür!
Sözardı. 28 Avqust 2017-ci il tarixində Xızı rayonu ərazisində Müdəfiə Nazirliyinin N saylı hərbi hissəsində partlayış hadisəsi baş verən zaman, Nəcməddin Sadıkov və Azərbaycan Respublikası Müdafiə nazirinin şəxsi heyət üzrə müavini, General-leytenant Kərim Vəliyevin ardınca əraziyə daxil oldum. Ərazidə çəkiliş aparıb bitirdikdə, generallarla üz-üzə gəldim. Nəcməddin Sadıkov yüksək səslə “Press …” (nöqtələrin yerində söyüş var) doğma dilində (rusca) söyüşlər yağdırdı və məni ərazidən uzaqlaşdırmağı tapşırdı.
Gətirdiyim faktlar üzrə kimin əsaslı etirazı varsa, buyursun. Başqa artıq söhbətlər lazım deyil. Qoyun dərdimizi çəkək.
Səxavət Məmməd