Mayın 28-də Azərbaycan-Amerika münasibətlərinin 100 ili tamam olur. Tarix elmləri doktoru Cəmil Həsənlinin Amerikanın Səsinə təqdim etdiyi məqaləni diqqətinizə çatdırırıq.
May aynın 28-i yalnız Azərbaycan Cümhuriyyətinin yarandığı gün deyil, həm də Azərbaycan – Amerika münasibətlərinin başlanğıcının qoyulduğu tarixi gündür. 2019-cu ilin may ayının 28-də həmin tarixi hadisənin 100 illiyi tamam olur. Bu əlaqələrin bünövrəsi 1919-cu ilin may ayının 28-də Amerika prezidenti Vudro Vilsonun Parisdə Azərbaycan sülh heyətinin başçısı Əlimərdan bəy Topçubaşini qəbul etməsi ilə qoyuldu.
Məlum olduğu kimi, 1918-ci ilin payızında alman-türk bloku dünya müharibəsində məğlub oldu. Oktyabrın 30-da Türkiyə Mudros barışığının ağır şərtlərinə imza atmalı oldu. Mudros barışığının on birinci maddəsinə görə, Türkiyə ordusu tezliklə Azərbaycanı və bütün Güney Qafqazı tərk etməli idi. Mudrosun şərtlərinə dayanaraq Osmanlı ordularının bir həftədən gec olmayaraq Bakıdan, bir aydan gec olmayaraq bütün Azərbaycandan çıxmaq barədə Müttəfiqlər ultimatum vermişdilər. Buna uyğun olaraq 1918-ci ilin noyabr ayının 10-da türk qoşunları Bakını tərk etdi.
Elə həmin gün Baş nazir Fətəli xan Xoyski və xarici işlər naziri vəzifəsini icra edən Adil xan Ziyadxanov dünya müharibəsinin son mərhələsində həlledici dövlətə çevrilmiş ABŞ-ın prezidenti, müharibədən sonrakı yenidənqurmanın memarı hesab edilən məşhur “14 sülh prinsiplərinin” müəllifi Vudro Vilsona teleqrafla müraciət etdilər. Teleqrafda Azərbaycan Respublikasının müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınmasına prezident Vudro Vilsonun kömək etməsi xahiş edilirdi. Orada deyilirdi: “Avropanın böyük dövlətlərinə müraciət etməzdən əvvəl Azərbaycan xalqı və hökuməti əzilən kiçik xalqların müdafiəçisi kimi Sizin humanist şəxsiyyətinizə müraciət edib yardım almağa və tanınmağa ümid bəsləyir”. Çünki Birinci Dünya müharibəsinin sonlarında Vilsonun 14 sülh prinsipləri bütün dünyada geniş yayılmış, kiçik xalqlar tərəfindən rəğbətlə qarşılanmışdı.
1918-ci ilin dekabrında yeni təsis edilmiş Azərbaycan Parlamenti özünün ilk iclaslarında dünya xalqlarına və parlamentlərinə, habelə müharibədən sonrakı dünya düzəninin baş memarı hesab edilən ABŞ prezidenti Vudro Vilsona müraciət qəbul etdi. Müraciətdə parlamentli respublika kimi, Azərbaycanın istiqlaliyyətinin tanınması xahiş edilirdi. Dekabr ayının 26-da keçirilən parlament iclasında hökumət proqramı ilə çıxış edən Fətəli xan Xoyski xarici siyasət məsələlərinə, ümumdünya Sülh konfransına hazırlığın gedişi və xarici işlər nazirliyinin fəaliyyət istiqamətlərinə geniş yer verdi. O qeyd etdi ki, beşillik dünya müharibəsindən sonra çağrılan Sülh konfransında bizim başlıca məsələmiz istiqlaliyyətimizin təsdiqi məsələsi olacaqdır.
Fətəli xan dedi: “İstiqlalımız Sülh konfransında qəbul olunub tanınacaqdır. Biz ümidvarıq ki, Sülh konfransında Amerikanın bütün cahana elan etdiyi deklarasiya ilə demokratik İngiltərə və Fransa cümhuriyyətləri tərəfindən öz istiqlalına cəhd edən bir millətin hüququ tapdalanmayacaqdır. Bu cür hökumət nümayəndələrindən ibarət cahan məhkəməsi olan Sülh konfransında bizim sözümüz eşidiləcəkdir.”
Paris Sülh Konfransına yollanmış Azərbaycan nümayəndə heyəti 1919-cu ilin may ayının 28-də prezident Vudro Vilson tərəfindən qəbul edildi. Bununla bağlı Əlimərdan bəy Topçubaşi yazırdı: “Bizim nümayəndə heyətinin prezident Vudro Vilson tərəfindən qəbulunu çox böyük hadisə hesab etmək lazımdır, çünki başqa Antanta dövlətlərinin başçıları kimi, o, da nümayəndə heyətlərini qəbul etmir”. Əlimərdan bəy Topçubaşi 100 il bundan əvvəl Birləşmiş Ştatların prezidenti Vudro Vilson tərəfindən qəbul edilmiş ilk Azərbaycan dövlət xadimi və Amerika prezidenti ilə görüşmüş ilk azərbaycanlı idi.
Görüş zamanı Azərbaycan nümayəndə heyətinin başçısı Topçubaşi ABŞ Prezidenti Vilsona müraciət edərək dedi ki, xalqların dinc yanaşı yaşaması, bütün millətlərin, o cümlədən kiçik xalqların öz taleyini həll etməsi haqqında ali prinsiplərin müəllifi olan böyük Amerikanın prezidenti Vilsonu Azərbaycan nümayəndə heyəti adından görməyi və salamlamağı özü üçün xoşbəxtlik hesab edir. Biz uzaq Qafqazdan, buradan bir neçə min mil uzaq olan Azərbaycandan gələrək xalqımızın azad və müstəqil həyatı üçün Sizə minnətdarlığımızı bildiririk. Qüdrətli Amerikanın nümayəndəsi kimi Sizə müraciət edib xahiş edirik ki, cənab prezident, bizim ölkəmiz, bizim xalqımız və elə bizim özümüz haqqında məlumatları bizdən eşidəsiniz. Çünki biz Avropa və Amerika mətbuatında tez-tez Azərbaycan haqqında səhv, saxtalaşdırılmış və həqiqətə uyğun olmayan məlumatların verildiyini eşitməli oluruq. Düzdür, bizi hələ yaxşı tanımırlar, biz indi birinci dəfədir ki, Avropadayıq, lakin Sizi əmin edirik ki, müstəqil yaşamaq üçün bizdə hər şey vardır. Biz ümid edirik ki, konfrans bizi dinləyəcək və biz Millətlər Cəmiyyətinə buraxılacağıq. Biz əminik ki, bütün xalqlar kimi, biz də Sizin böyük prinsipləriniz əsasında yardım alacağıq… Biz bildiririk ki, nə Kolçakın, nə Denikinin, nə də köhnə Rusiya imperiyasının hüdudlarında hakimiyyəti bərpa etmək niyyətində olan qeyri birisini tanıyacağıq. Biz Azərbaycan üçün yalnız öz parlamentimizi və öz hökumətimizi tanıyırıq və tanıyacağıq”. Topçubaşi Azərbaycan Respublikası nümayəndələrinin memorandumunu Amerika prezidentinə təqdim etdi.
Prezident Vilsona təqdim edilən memorandum qısa tarixi-siyasi səpgidə hazırlanmışdı. Orada Qafqazda və Azərbaycanda cərəyan edən hadisələr təsvir edilir, Versal Sülh Konfransının rəhbərlərindən biri kimi Amerika Prezidenti Vilsona Azərbaycan nümayəndələrinin tələbləri verilirdi. Memorandumda Mərkəzi Rusiyada bolşevik inqilabından sonra 1918-ci ilin may ayının 28-də Azərbaycan Milli Şurasının Azərbaycan xalqının iradəsini ifadə edərək müstəqil respublika yaratdığı qeyd edilirdi. Sənəddə Azərbaycanın coğrafi və etnoqrafik baxımdan Rusiya ilə əlaqəsi olmadığı göstərilirdi: “Bizim ölkənin coğrafi vəziyyətinə diqqət yetirilsə, onun Rusiyadan ayrı qrupa aid olduğunu asanlıqla görmək olar. Qafqaz sıra dağları onu Rusiyadan ayırır, etnoqrafik baxımdan da belədir, bizim xalqın Rusiyanın slavyan xalqları ilə heç bir ümumi cəhəti yoxdur”.
Memorandumun axırında göstərilirdi ki, Azərbaycan xalqı qəti şəkildə bu ümiddədir ki, bütün dünyada sülhün və təhlükəsizliyin carçısı kimi, bütün beynəlxalq münaqişələrin vasitəçisi kimi sizin himayədarlığınız sayəsində onun milli ehtiyacları ödəniləcəkdir.
Görüş zamanı Azərbaycan nümayəndə heyətinin tələbləri Vilsona verildi. Altı bənddən ibarət olan bu tələblərdə prezidentdən xahiş edilirdi:
1. Azərbaycanın müstəqilliyi tanınsın;
2. Vilson prinsipləri Azərbaycana da şamil edilsin;
3. Azərbaycan nümayəndələri sülh konfransına buraxılsın;
4. Azərbaycan Millətlər Cəmiyyətinin üzvlüyünə qəbul edilsin;
5. ABŞ-ın hərbi departamentliyi Azərbaycana hərbi yardım göstərsin;
6. ABŞ-la Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılsın.
Danışıqlar zamanı ABŞ tərəfindən bu tələblərin qəbul ediləcəyi təqdirdə Topçubaşi Azərbaycanın keçmişdə tərkibində olduğu çar Rusiyasının borclarından öz payına düşəni tədricən ödəyəcəyinə təminat verirdi.
Söhbət zamanı Vilson Azərbaycan nümayəndələrini görməyə və Azərbaycan haqqında xeyli məlumat aldığına çox şad olduğunu bildirdi. Lakin Azərbaycanın müstəqilliyinin tanınması məsələsini açıq saxlayaraq o dedi:
1. Amerikalılar dünyanı kiçik hissələrə bölmək istəmirlər;
2. Əgər Azərbaycan Qafqaz Federasiyası yaratmaq fikrinə qoşulsa, bu, onun üçün yaxşı olar;
3. Bu konfederasiya Millətlər Cəmiyyətinin təklifi ilə hər hansı bir dövlətin köməyinə arxalana bilər;
4. Azərbaycan məsələsi “rus məsələsi”ndən əvvəl həll edilə bilməz.
Danışıqlar zamanı yerlərdə vəziyyəti öyrənmək üçün Qafqaza xüsusi Amerika missiyası göndəriləcəyi barədə Azərbaycan nümayəndələrinə məlumat verildi. Lakin bu missiya xeyli gec, yalnız 1919-cu ilin oktyabrında gəlib Bakıya çıxdı.
Vilson tərəfindən Əlimərdan bəyin qəbul edilməsi xəbəri 1919-cu ilin may ayının 30-da radio məlumatlarından alınmış və Batuma gələn fransız mətbuatı da bu faktı təsdiq etmişdi. Bu zaman Azərbaycanda istiqlalın birinci ildönümü təntənəli şəkildə keçirilirdi. Parlamentin bayram iclasındakı çıxışında Nazirlər Şurasının sədri Nəsib bəy Usubbəyov sülh konfransına böyük ümid bəslədiyini bildirərək deyirdi: “Azərbaycanın müstəqilliyi baş vermiş bir faktdır. Mən sülh konfransının son sözünü tam soyuqqanlıqla gözləyirəm. Ağlım kəsmir ki, dünyanın ən mədəni xalqlarının nümayəndələri Azərbaycan türklərinin arzu və istəklərinə biganə qalsınlar. Əks təqdirdə məndə bu xalqların mədəni xalqlar olmasına şübhə oyanardı və Azərbaycan türkləri gələcəkdə öz müqəddəratlarını təyin etmək kimi müqəddəs bir hüququ həyata keçirməyə çalışarkən böyük mədəni xalqları fanatizmə və dini ədavətə görə məzəmmət etməkdə haqlı olardı”.
Amerikanın səsi