Mayın 28-də Milli Şura Novxanıda Rəsulzadənin abidəsi önündə Cümhuriyyət günü ilə bağlı bayram tədbiri keçirib. Tədbir saat 17-də başlayıb.
Minlərlə Milli Şura tərəfdarı Rəsulzadənin abidəsinə doğru yürüş edib. Yürüş iştirakçıları “Rəsulzadə”, “Azərbaycan”, Rəsulzadəni nəzərdə tutaraq “Heykəli bircə kənddə, nüfuzu məmləkətdə” kimi şüarlar səsləndiriblər.
Yürüşün baılamasına bir neçə dəqiqə qalmış isə polislərin zorakı müdaxiləsi ilə gərginlik yaşanıb. Polislər yolu açmaq bəhanəsilə tədbir iştirakçılarına hücüm edib, onları döyüb, əllərindəki milli bayraqları alıb, əyinlərindəki üzərində Rəsulzadənin şəkli və cümhuriyyətə dair şüarlar olan köynəkləri cırıblar. Polislərin zorakı müdaxiləsi ilə yürüş nəzərdə tutulduğu kimi alınmayıb – iştirakçılar Milli Şura rəhbərliyi olmadan meydana daxil olmağa məcbur qalıb.
Milli Şura rəhbərliyi meydana daxil olanda AXCP sədri Əli Kərimli tədbirə qarşı polis zorakılığına qısa münasibət bildirib.
Bayram mitinqini tədbirin aparıcısı, AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn açıb və ilk sözü AXCP sədri Əli KƏrimliyə verib. Əli Kərimli çıxışına bu tədbirin pozulması üçün edilən təxribatlar barədə danışmaqla başlayıb:
“Baxin bir neçə gündür təxribatlar başlayıb. Əvvəlcə Facebook səhifəsindən yalan yaydılar. Əli Kərimli 28 mayda təxribat planlaşdırır. İndi gördünüzmü? O polislərin etdiyi təxribatı mənmi tapşırmışdım? Biz bu yola millətimizə sevgi ilə çıxdıq. Rəsulzadə bizim tariximizin ən böyük şəxsiyyətidir. Biz heç vaxt belə tədbirlərə azacıq da olsa, pislik qarışdırmarıq. Amma siz gördünüz, bunları edən kimlərdir. Bu gün səhərdən çoxlu saxta səhifələr açıblar, güya bu tədbirin təxirə salındığını yazıblar. Kömək eləməyib. Sonra bizim dostlar burada atəşfəşanlıq nəzərdə tuturdular. Mənə yazıb bildirdilər ki, siz bunu etməyin. Demələrinə görə, daha böyük fişənglər doldurulub ki, onlar daha böyük ziyan vursunlar, orada hadisə törənsin, bizim adımızla bağlansın.”
Əli Kərimlinin vurğulamasına görə, bəlkə də bu məlumatlar bilərəkdən yayılıb ki, bura daha az adamlar gəlsin: “Görürsünüzmü nə qədər cılız siyasət aparırlar”.
AXCP sədri daha sonra deyib ki, “Rəsulzadə bizim üçün həm də inam, əminlik nümunəsidir ”.
Əli Kərimli vurğulayıb ki, çətin zamanlardan keçilir:
“İnsanlar əqidəsinə görə, həbs edilir, işdən çıxarılır, ailələri təqib olunur, işgəncəyə məruz qalır. Mən əminəm ki, bu insanlar arasında müəyyən qədər “axı nə qədər fədakarlıq etmək olar” sualının özünü verənlər olur”.
Əli Kərimlinin sözlərinə görə, belə insanlar gözünün önünə Məhəmməd Əmin Rəsulzadəni gətirməlidirlər:
“İki oğlunu gülələdilər – 19, 17 yaşlarında. Qızı və qızının qızı Qazaxıstan çöllərində aclıqdan, şaxtadan məhv oldu. Həyat yoldaşının ürəyi dözmədi. Rəsulzadə yolundan dönmədi…”
Tədbirin aparıcısı AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseynin deməsinə görə isə Rəsulzadə indi doğulsaydı görərdi ki, dövlət kimi qurduğunu obyektə çevriblər.
Cəmil Həsənli: “Ailə hakimiyyəti qurulub”
Milli Şuranın sәdri, tarixçi Cәmil Hәsәnli isə öz çıxışında Rəsulzadəni ulu öndər adlandırıb.
Cəmil Həsənlinin deməsinə görə, Xalq Cumhuriyyəti hökumətinə, xəzinəsinə rəhbərlik edən Nəsib bəy Yusifbəyli atasına yazıb ki, əməkhaqqısı ilə ailəsini dolandıra bilmir, bağlarını satışa çıxartsın: “İndi hansı ofşor şirkət açılır, oradan Əliyevlərin adı çıxır”
Cəmil Həsənlinin dediyinə görə, hətta o vaxt Avropada bəzi şəxslər Xalq Cümhuriyyətini bir sıra Avropa ölkələrinə nümunə sayıb.
Tarixçinin sözlərinə görə, Xalq Cümhuriyyəti hökumətində təmsil olunanlar, hətta öz əlehdarlarının mətbu orqanlarına şəarit yaradıblar, çoxpartiyalı sistem höküm sürüb. Milli Şura sədrinin sözlərinə görə, bu gün faktiki olaraq təkpartiyalı sistem qurulub:
“Əslində o partiyanın da cəmiyyətin siyasi sistemində elə bir rolu, nufuzu yoxdu. Ailə hakimiyyəti qurulub”.
Tofiq Yaqublu və daha 10 nəfər saxlanılıb
Çıxışların sonunda da qeyd edilib ki, tәdbirә gәlәn 10 nәfәr, o cümlәdәn Milli Şuranın Koordinasiya Şurasının üzvü Tofiq Yaqublu saxlanaraq aparılıb. Üstəlik, gənc fəallardan zorakılıqla üzləşənlərin olduğu da bildirilib.
Günün sonunda bəlli olub ki, saxlanılanlar məhkəməyə göndərilməsi üçün barələrində protokol tərtib olunmaqla sərbəst buraxılıblar.