Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili mayın 29-da Polşadan Ukraynaya qayıdıb. Onu hava limanında qarşılayan yüzlərlə insan “Mişa! Mişa!” çağırışını səsləndirib. Saakaşvilini məxsusi olaraq onun üçün hazırlanan çörəklə qarşılayıblar.
Ukrayna dövlət sərhədi xidmətinin müşaviri Andrey Demçenko bildirib ki, Saakaşvili barədə prezident fərmnanı var və buna görə də sərhədçilərin ona heç bir sualı ola bilməz.
Saakaşvili deyib ki, ona Ukrayna vətəndaşlığının qaytarılması Zelenskinin “prezidentə layiq cəsarətli addımıdır”. O habelə bildirib ki, heç bir “şəxsi peşə ambisiyaları yoxdur” və hər hansı bir dövlət vəzifəsi tutmaq niyyətində deyil.
Lakin onun təsis etdiyi “Yeni qüvvələrin hərəkatı” təşkilatı mayın 29-da Radaya seçkidə iştirak edəcəyini bildirib.
Xatırladaq ki, Ukraynanın keçmiş prezidenti Poroşenko Saakaşvilinin Ukrayna vətəndaşlığını ləğv etmişdi, yeni prezident Zelenski isə ötən gün onun vətəndaşlığını qaytarmaq barədə sərəncam verib.