Aydın Bakayev
Əhməd Ağaoğlu “Türk Yurdu”ndakı yazılarında mütəmadi olaraq sünni-şiə qarşıdurmasının bütün türk dünyası və ilk növbədə Azərbaycan türkləri üçün mənfi nəticələrindən bəhs edirdi. Sünni-şiə ayırımını nəzərdə tutaraq Əhməd bəy vurğulayırdı ki, dini qarşıdurmalar bizə türk olduğumuzu unutdurur və məzhəb ayrılıqları bizi türklərin yanında olmaq yerinə qarşı tərəfin, yəni farsların ağuşuna itələyirdi. Daha sonra o, ürək ağrısı yazırdı: «Sürəkli dini mücadilələr içində olan və yabançı bir təsir altında yaşayan insanlar arasında milli şüur necə kök sala bilərdi? İranda babilik meydana çıxan zaman bu məzhəbin qurucularının fars olmasına baxmayaraq, həmin təlim uğrunda özlərini fəda edənlərin çoxusu Azərbaycan türkləri idi. Bu gün eyni şəkildə türklər (azərbaycanlılar – A.B.) İranın müstəqillik və Ana yasası üçün savaşırlar». Əhməd bəy türkləri öz milli idealları uğrunda savaşmağa və başqalarının maraqları üçün özünü fəda etməməyə çağırırdı. .
Ə. Ağaoğlunun sözlərinə görə, üç sosial qrupun nümayəndələri – din xadimləri, müəllimlər və şairlər türk dünyasını məzhəb ayrılıqlarının gətirdiyi düşmənçilikdən xilas edə bilərdi. “Lakin etiraf etməliyik ki, bir çox yüzillikllər ərzində həmin insanlar millət qarşısındakı vəzifələrini tam olaraq yerinə yetirməyiblər”, – deyə Əhməd bəy yazırdı.
Ə. Ağaoğlu həmçinin göstərirdi ki, türklərin özgə dəyərlərə, daha inkişaf etmiş mədəniyyətlətin nailiyyətlərinə və hər cür yeniliyə aşırı duyarlılığı, onları assimilyasiya proseslərinin obyektinə çevirmişdir. Əhməd bəyin qənaətinə görə, məhz bu səbəbdən, İranı fəth etmiş türklər az sonra mədəni cəhətdən farsların içində “ərimişlər”. Onlar öz türklüklərini unudmaqla qalmamış, fəth etdikləri xalqların, ilk növbədə ərəblərlə farsların təhsil sistemini və dilini mənimsəməyə çalışmışlar. Bu sahədəki acınacaqlı durumu təsvir edən Ə. Ağaoğlu yazırdı: “Ədib, şair və tarixçilərimiz fars və ərəbcə yazmağı özləri üçün bir şərəf sayırdılar. Türk dili unudulmaq dərəcəsinə çatmışdı! Ədib və şairlərimiz son zamanlara qədər türk qayəsi, türk idealı naminə olaraq qətiyyən nə bir şey aradılar və nə bir şey kəşf etdilər! Hətta bəziləri bu son aylarda fəzr və təkəbbürlə Osmanlı səltənətində hakim sülalədən başqa bir türk ailəsinin belə olmadığını iddia edirdilər!!! Təbii ki, belə bir qövmdə milliu şüurdan əsər-əlamət olmaz. Eyni əməl, eyni ideal, eyni qayə ilə duyğulanmayan və hərəkət etməyən bir ünsürün ayrı-ayrı fərdləri arasında əlbəttə ki, nə maddi, nə də mənəvi əlaqə olmaz və onlar daima hüzünlü bir həyata məhkum olarlar! Hötesiz, Şillersiz, Herdersiz, Hegelsiz və yaxud Puşkinsiz, Karamzınsiz bir Almaniya, bir Rusiya təşkil edilə biləcəyini zənn etmək mümkünsüzdür! Bir qövmi özünə tanıtdıran o qövmün yetirmiş olduğu ədib, şair, fikir və zəka insanlarıdır”.
Ə. Ağaoğlunun qənaətinə görə, məhz bu səbəblər, son nəticədə, milli şüurun formalaşmasını əngəlləmişdir. Milli şüurun olmaması isə türklərin assimiliyasiya ehtimalını gücləndirərək, “milli birlik anlayışına qarşı din davasının önə çıxmasına yol açmışdır”. Lakin bütün bu nöqsanlara baxmayaraq, Ə. Ağaoğlu türk dünyasının gələcəyinə nikbinliklə baxırdı. Əhməd bəy bu fikirdə idi ki, yaponlar istisna olmaqla, digər Asiya xalqları ilə müqayisədə türklər daha üstün durumdadırlar.