Ölkədə siyasi dəyişikliklərin yolu seçkidən keçməlidir
Cəmil Həsənli, Milli Şura sədri
Sovet dövründən bəri seçkilərin hər formasını görmüşük. Kommunistlərlə bitərəflərin ittifaqı, açıq səsvermə, gizli sayım, halay gedən karusellər, Əfruz xala sindromu, hakimiyyətin pənahına çevrilmiş Məzahirin məzələnməsi, seçkidən əvvəl hazır olan nəticələrin protokollaşdırılması və sair. Son illər Azərbaycan cəmiyyəti daha bir seçki hoqqabazlığının şahidi olur. Keçmişdə müxtəlif səbəblərdən ahıl yaşında evlənən kişilərin doğulan oğlan uşaqlarına Qəfilağa adı qoyurdular. Seçki saxtakarlığının bütün formalarını sınaqdan keçirmiş Əliyev xanədanı da son vaxtlar qəfil seçkilər taktikasına əl atır. Özü üçün əlverişli vaxta qəflətən seçki təyin etmək və cəmiyyəti hazırlıqsız yaxalamaq. Lakin ötən referendumun növbədənkənar seçki haqqında maddəsi qəfil seçki anlamına gəlməməlidir. Normal ölkələrdə olduğu kimi, növbədənkənar seçkinin təyin edilməsi ictimai müzakirədən keçməlidir. Növbədənkənar seçki qəfil seçki demək deyil. Ölkə bir qəfil seçkini arxada qoyub, digər qəfil seçkinin həyəcanını yaşayır. İndi görək bu qəfil seçkinin Qəfilağası kim olacaq?
Milli Şura olaraq bizi açıq və üstüörtülü formada seçki əleyhdarı, inqilab devrimçi kimi təqdim etməyə cəhdlər var. Ölkədə siyasi dəyişikliklərin yolu seçkidən keçməlidir. Hakimiyyət xalqın səsinə, millətin iradəsinə dayanmalıdır. Bunun alternativi yoxdur və bunu bizdən çox istəyən, arzulayan da yoxdur. İnqilab isə bilavasitə millətin müstəsna hüququdur, əyri, oğru, korrupsioner, kriminal, zülmkar, dələduz, hakimiyyəti mənimsəmiş, xalqın iradəsini zorlamış rejimlər kütləvi xalq etirazları ilə milli iradənin gücü ilə hakimiyyətdən uzaqlaşıdırılıblar. Zülmün ərşə dirəndiyi, haqsızlığın tüğyan etdiyi, ədalətin qeybə çəkildiyi, xalqın keçmişdə qamçı, orta çağlarda süngü, müasir zəmanəmizdə polis dəyənəyi altında saxlandığı yerlərdə inqilabların yalnız qurucu məzmunu olmayıb, həm də dağıdıcı meylləri özündə ehtiva etməsi, idarə olunmayan kütlənin xaotik girdaba düşməsi də istisna edilmir. Bunun tarixdə köhnə və yeni nümunələri çoxdur. Biz azad, ədalətli, demokratik seçki yolu ilə dəyişikliklərə üstünlük veririk və bu, “azad, ədalətli, demokratik” kəlmələrinin özünü də Əliyev rejiminin əsarətindən, YAP-ın 25 illik manippulyasyasından azad edib onlara gerçək məzmun verilməsin prioritet sayırıq. Bu gün cəmiyyətin ehtiyacı seçki havasına oynamaq yox, Əliyevlərin mənimsədiyi seçki haqqını geri almaqdan, öz hakimiyyətini seçmək hüququnu bərqərar etməkdən keçir.
Bizim ölkədə seçki institutu hansı vəziyyətdədir və ümumiyyətlə, Azərbaycanda seçki deyilən bir şey varmı? Tez-tez Türkiyədə belə oldu, İmamoğlu bunu sübut etdi, Gürcüstanda seçkilər milli iradəni ortaya qoydu, son seçkilərdə Ermənistan YAP-ı belə iflasa uğradı, Ukraynada yeni seçki taktikası ilə Zelenski parlaq qələbə qazandı və sair. Bunları sadalamaq, tez-tez təkrarlamaq, nəzəri müqayisələr aparmaqla bir şey düzələsi deyil. Halva-halva deməklə ağız şirin olmur. Onun şirinliyini duymaq üçün bu halvanı bişirib dadmaq lazımdır. Bizim seçki institutunda seçicinin yeri yoxdur, möcüzə seçki qutusunda deyil Mərkəzi Seçki Komissiyasında baş verir. Hakimiyyətin mənbəyi xalq deyil, MSK-nin arayışıdır. Bunun bircə adı var: xalqın seçki prosesisindən uzaqlaşdırılması, hakimiyyətin mənimsənilməsi. Respublika konstitusiyasının 6-cı maddəsinə görə bu, VƏTƏNƏ XƏYANƏT əməlidir və qeyri-legitim prezidentdən tutmuş, qeyri-legitim məclisə, onlara qeyri-legitimlik qəbzi vermiş seçki orqanlarına qədər geniş bir dairə bu konstitusiyanın həmin 6-cı maddəsinin subyektidir.
Azərbaycanda seçki saxtakarlığı azala-azala deyil, gizlin deyil, genişlənə-genişlənə gedir və getdikcə də legitimləşir. Xalq seçki subyekti kimi artıq görüntü üçün də rejimə lazım deyil. Bu ölkədə “seçki” nəticələrinin seçkidən bir gün öncə elan edilməsi kimi praktika da vardır ki, dünya seçki demokratiyası dərslərində Azərbaycanın xəritədə adını tapa bilməyənlər onun tarixə verdiyi bu nümunədən danışır. 2008-2018-ci illər arasındakı onillikdə ölkəmizdə seçki saxtakarlığının dinamikası necə olub. Daha etibarlı mənbə hesab edilən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəylərində göstərilir ki, Azərbaycanda 2008-ci ilin prezident seçkilərində saxtakarlığın səviyyəsi 23 faiz, 2010-cu ilin parlament seçkilərində 32 faiz, 2013-cü ilin prezident seçkilərində 58 faiz olub. 2015-ci ilin parlament seçkilərindən 22 gün əvvəl biz Milli Şura olaraq əldə etdiyimiz məlumatlar əsasında parlamentə “seçiləcək” 125 deputatın siyahısını elan etmişdik. Onun 121 nəfəri, yəni 96 faizi düz çıxdı. Deməli, araba atdan qabağa keçib, nəticələr seçkidən əvvəl bəllidir, rəy sorğularına görə yox, hakimiyyət kuluarlarında tərtib olunmuş siyahılara görə. 2018-ci ilin növbədənkənr prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və uzun müddət Əliyev rejiminin koorupsiya girovuna çevrilmiş AŞPA müşahidəçilərinin birgə rəyi ondan ibarət oldu ki, növbədənkənar seçkilər xalqın iradəsini ifadə etməyib. Yəni seçkilər tam saxtakarlıq şəraitində keçirilib. Seçki saxtakarlığının artan xəttlə getməsini müşahidə edən ABŞ Dövlət Departamenti elan etmişdi ki, Azərbaycan xalqı seçki yolu ilə hakimiyyəti dəyişmək hüququndan məhrum edilib. Qarşıda Azərbaycan hakimiyyətini həm ölkə daxilində, həm ölkə xaricində yaxşı bir şey gözləmir. Xalqın kütləvi narazılığının artması yüksələn xətlə gedir. İnsanların içində qəzəb dalğası spiralvarı sıxılır, onun hər an açılma təhlükəsi istisna edilmir. Xaricə gəldikdə isə, Əliyevlər beynəlxalq aləmdə heç vaxt indiki kimi ifşa olunmamışdılar. AŞPA əsasən onların nəzarətindən əsasən çıxıb, Avropa Birliyi öz tələblərin açıq şəkildə bəyan edib, Con Bolton ABŞ-ın mövqeyini qapı arxasında deyil, publika qarşısında bəyan etdi. Azərbaycan nümayəndə heyətinin Avropa Şurasında tam heyətdə Azərbaycan və Malta hakim dairələrinin korrupsiya əməllərini araşdıran jurnalist Daphne Galizianın ölümünü araşdıran komissiyanın yaradılması əleyhinə səs verməsi bəzi mübhəm məqamlardan xəbər verir. Belə təhlükələr Əliyev rejiminin beynəlxalq sanksyaların hədəfinə çevrilə biləcəyini istisna etmir.
Əliyev rejimi hər şeyi oğurluq müstəvisinə keçirib. Növbədənkənar seçki öz-özlüyündə bu oğurluğun siyasi təzahürlərindən biridir. Xalqın səsin oğurlamaq, xalqın hakimiyyət haqqın mənimsəmək, millətin hakimiyyətin mənbəyi olmaq hüququnu hakim ailənin maraqlarına tabe etmək. Bu gün siyasi kuluarlarda, hakim rejimin media sözçülərində, sosial şəbəkədə yaşanan növbədənkənar seçki həyəcanı şübhəsiz ki, ailədən, ailə hakimiyyətindən qaynaqlanır. Gələcək dumanlı görsənir və payız dumanı düşməmiş Əliyevlər növbədənkənar qaydada parlamenti də indiki siyasətlərinə, indiki məhdud ailə maraqlarına tam şəkildə uyğunlaşdırmağı düşünrülər. Axı, gündən-günə pisləşən sosial vəziyyətin təsiri altında gələn ilə qədər çox şey dəyişə bilər. İndiki anda seçkinin önə çəkilməsində millətə nəsə vermək kimi bir düşüncə yoxdur. Ailə hakimiyyətini möhkəmləndirmək, daha da davamlı etmək, onun siyasi və hüquqi dayaqlarını daha etibarlı etmək kimi məkrli planlar var. İfşa olunmuş parlament müxalifəti artıq bir şeyə yaramır. Növbədənkənar seçki öncəsi zərərsiz “müxalifət” axtarışları istisna edilmir və hakimiyyətin hələ ki, özü üçün təhlükəsiz müxalifət seçməsi kimi bir lüksü vardır. Növbədənkənar formada ailənin parlament ayağını möhkəmləndirmək, məsələn, vitse-spikerlərdən birini Ombustana göndərib siyasətə can atan Leyla Əliyevanı da Məclisdə birinci və ya birincisiz vitse etmək niyə də olması? Və nəhayət, islahatçı kimi görünmək və sair.
Bu halda müxalifət, müstəqil vətəndaş cəmiyyəti və azad sözün, azad düşüncənin daşıyıcıları nə etməlidir? İlk növbədə bütün dəyişikliklərin mənbəyini ölkənin içinə hədəfləmək, xalqı öz gücünə inandırmaq, millətin ictimai fəallığını artırmaq seçki strategiyasının baş xətti kimi əməli xarakter almalıdır. Lakin bu o zaman nəticə verə bilər ki, hakimiyyətin müxtəlif üsullarla mürtəceləşdirib öz maraqlarına uyğunlaşdırdığı “Seçki Məcəlləsi” dəyişdirilsin, ölkə içində siyasi və vətəndaş cəmiyyəti qurumlarının, ölkə xaricində Venesiya komissiyasının təklifləri, fikir və mülahizələri nəzərə alınsın, mövcud məcəllə hakimiyyətin və ailənin nəzarətindən çıxarılsın. Şübhəsiz ki, məcəllədəki dəyişikliklər son 10-15 ildə seçkini saxtalaşdırmaqla özünü ifşa etmiş, gözdən salmış, hakimiyyətin mənimsənilməsi prosesində bilavasitə iştirak etmiş seçki komissiyaları mütləq və mütləq dəyişdirilməlidir. 2 ay normal seçki keçirmək, 3 həftə seçki təbliğatı üçün heç bir halda yetərli sayıla bilməz. “Bu məcəllə və bu komissiyalarla da demokratik seçki keçirmək mümkündür” nağılı demokratiyanı ələ salmaqdan başqa bir şey deyildir. Müxalifət qüvvələri ölkənin siyasi həyatını fəallaşdırmaq, seçici aktivliyinə nail olmaq, siyasi partiyaların cəmiyyətdə rolunu gücləndirmək üçün proporsional seçki sisteminin bərpası istiqamətində birgə mövqe sərgiləyə bilərlər. Seçkidə marağı və məsuliyyəti olan beynəlxalq təşkilatlarlarla qabaqcadan müzakirə aparmaq və bir sıra məsələlərdə ortaq məxrəcə gəlmək də faydalı olardı. Məsələn, bir sıra müstəqil ekspertlər də belə hesab edirlər ki, Azərbaycan hakimiyyətinin planlaşdırdığı növbədənkənar seçkilərdən öncə ATƏT, AŞPA kimi seçki müşahidəsini həyata keçirən beynəlxalq təşkilatlara birgə müraciətlər edilməlidir ki, onlar seçkilərin saxta keçirildiyinə rəy verdiyi halda, həmin saxta seçilmiş parlamentin nümayəndə heyətinin ATƏT, AŞPA və digər qurumlara buraxılması yolverilməzdir. Bu haqda müxalifətə iddialı olan qüvvələrin birgə müraciət imazlaması da mümkün əməkdaşlıq formalarından biridir. Bütövlükdə bu istiqamətdə əməkdaşlığın imkanları yetərincə genişdir və ölkədə normal seçki mühiti əldə etmək üçün onlardan yararlanmaq seçkidə iştirakın ümdə şərti olmalıdır.
Yazı müəllifin FB səhifəsindən götürülüb.