Cəmil Həsənli, Milli Şuranın sədri
Keçmiş məhbus Aydın Qurbanov hakimiyyətin ssenariləşdirdiyi, şərləyib həbsə atdığı Gəncə əməliyyatının növbəti qurbanıdır. Bu gün həmin hadisələrin bir ili tamam olur. Siyasi məqsədlər, xalqı qorxutmaq, ölkənin ikinci şəhərini diz çökdürmək üçün ssenariləşdirilmiş bu əməliyyatın məsuliyyəti hakimiyyətin və şəxsən İlham Əliyevin üzərindədir.
Aydın Qurbanov növbəti qurbandır, ancaq son qurban deyil. Bir il əvvəl insanlar kütləvi şəkildə həbs edilmiş, ağır işgəncələrə məruz qalmış və bütün istintaq və məhkəmə prosesi həqiqətin üzə çıxmasına deyil, əvvəlcədən hazırlanmış ssenariyə uyğunlaşdırılmışdır. Aydın Qurbanov qəflətən ölməyib, təsadüfən həyatını itirməyib. 2018-ci ilin iyul ayının 10-dan başlayaraq addım-addım bu ölümə sürüklənib. İşgəncələrdən keçib, cəzaçəkmə yerində sağlamlığı itirib. Aydın Qurbanovu öldürən tək işgəncə deyildi. Nahaq şərə düçar olması idi. Gəncə məhbuslarının məhkəmə zamanı hansı ağır sarsıntıları keçirdiklərini dəfələrlə müşahidə etmişik. Dəfələrə məhkəmə zalına təcili yardım çağırılmışdı. İnsanları döyüb şikəst ediblər. Onların salamat qalması bir möcüzədir. Ən dəhşətlisi budur ki, həyatları ilə sınağa çəkilmiş bu insanlar bu günə qədər hansı günah üstündə tutulduqlarını bilmirlər. Dəfələrlə hakimə, dövlət ittihamçısına bu sualı veriblər. Amma heç kəs onlara bunu izah edə bilmir.
Aydın Qurbanov çətinliklə ailəsini dolandırır, övladının təhsil pulunu ödəyirdi. Saxta bir ittiham əsasında tutulduqdan sonra övladı təhsil haqqını ödəyə bilmədiyindən ali məktəbdə təhsilini yarımçıq qoymalı oldu. Xanımı sonuncu dəfə onunla görüşdən sonra açıqlama verdi ki, qan qusurdu və elə görüş zamanı komaya düşdü. Bunun adı nədir? Həyatının son günlərini yaşayan bir insana belə münasibət Cozef Göbbels təliminin İlham Əliyev rejimində xortlaması, cəza metoduna çevrilməsi, ölkənin idarəçiliyində antibəşər, antihumanist, antiinsan meyllərin təntənəsidir.
Dəfələrlə xəbərdarlıq etmişik, yazmışıq, haray salmışıq adam ölümlə üz-üzə dayanıb. Gəncə hadisələri ilə bağlı dəfələrlə məhkəmə proseslərində iştirak etmişik. Bir il keçməsinə baxmayaraq Aydın Qurbanova və digərlərinə verilmiş işgəncələrin izləri hələ də insanların bədənində qalmaqda idi. Gəncə məhbusları danışdıqca adamı heyrət bürüyür, insan eşitdiklərindən vahimələnir. Axı, necə bu dəhşətlər, bu vəhşiliklər XXI əsrdə baş verir? Məhbuslar biri dedi ki, onu qolları qandallı asıb qan qusuncaya qədər döyüblər. Biləklərində qandalın kəsdiyi izləri hakimə göstərdi. Başqa birisi əlləri və ayaqları qandallı yerə uzadıldığı və polislərin ayaqqabı ilə onun kürəyinə çıxıb “rəqs” etdiklərin, üçüncü birisi cinsiyyət orqanına elektrik cərəyanı buraxıldığını, dördüncü birisi başqa bir heyrətamiş işgəncənin xofun yaşadığın hakimə danışırdı. Aydın Qurbanov İlham Əliyevin polis orqanlarında qurduğu işgəncə laboratoryasının növbəti qurbanlarından biridir. O, məhbuslardan birinin, səhv etmirəmsə Şahin adlı bir gəncin işgəncənin şiddətindən ağzı əyilib, Eşqin adlı başqa bir gəncin quru, cansız cismi qalıb. Onları da Aydın Qurbaovun taleyi gözləyir. İlham Əliyev bu gün xalqın qəzəbindən çəkinib xərəkdə məhkəməyə gətirilən Nardaran məhbusu Əbülfəz Bünyadovu təcili azad etdi. Bunun üçün Aydın Qurbanovun ölümün gözləmək lazım idimi?
Vaxtilə, deyəsən, 1965-ci ildə tanınmış tanınmış rejissor Mixail Romm Faşist Almaniyasının Təbliğat Nazirliyinin kino-arxiv materialları əsasında insanları heyrətə salan “Adi faşizm” adlı sənədli film çəkmişdi. Filimdə təsvir edilən hadisələr indi bizim ölkəmizdə yaşanır. Vaxtilə Novruzəli Məmmədov və uşaqları, dünən Mehman Qələndərov, bu gün Aydın Qurbanov, Tərtər və Nardaran “əməliyyatlarında” həyatını itirənlər, polis orqanlarında işgəncə altında öldürülüb “intihar” kimi sənədləşdirilənlər, terrorçu adı ilə “ləğv edilənlər” ölkədə idarəçilik formasına çevrilmiş “Adi faşizm”in adidən adi epizodlarıdır.
Yazı müəllifin FB səhifəsindən götürülüb.