Milli Şuranın sədri Cəmil Həsənli
9 fevral növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca hakimiyyətin daha bir natəmiz əməli üzə çıxıb. Söhbət yalnız bizim yanvar ayının 29-da elan etdiyimiz Milli Məclisə seçiləcək deputatların siyahısından getmir, sən demə hökumət bu siyahını təsdiqləyəcək exit-poll şirkəti də “tapıb. Bir neçə gün əvvəl hakimiyyətə yaxın media orqanlarında belə bir məlumat yayıldı ki, Mərkəzi Seçki Komissiyası yanvarın 27-də keçirdiyi iclasında exit-poll üçün daxil olmuş müraciətlərə baxmış və bu müraciətlərin içindən Amerika Birləşmiş Ştatlarından olan “AJF&Associates Inc.” təşkilatını seçib.
MSK-nın yaydığı məlumata görə bu məqsədlə Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası (sədri Sahib Məmmədov) “exit poll” keçirmək üçün MSK-ya müraciət edib. Lakin məsələyə daha ciddi məzmun vermək və beynəlxalq etimadı təmin etmək üçün Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası bu “exit poll”u tək deyil, ABŞ-ın “AJF&Associates Inc.” təşkilatı ilə birgə keçirəcəkdir. Özü də nə az, nə çox bu “exit-poll” respublikada 118 dairə üzrə 1053 seçki məntəqəsini əhatə edəcəkdir. Maraqlıdr, belə böyük işin müqabilində Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası “AJF&Associates Inc.”-in “əlmuzdunu” hansı vəsait hesabına qarşılayır?
Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası bu məqsədlə “AJF&Associates Inc.”-in 47 supervayzerini “exit-poll”prosesinə cəlb ediləcəyini bəyan edib. MSK-nın elə həmin iclasında aparılan “müzakirələrdən” sonra məsələ səsverməyə çıxarılıb və Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasını “AJF&Associates Inc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə “exit – poll” keçirəcək qurum kimi qeydə alıb.
Əslində, ilk baxışda burada diqqəti cəlb edəcək hansısa şübhəli məqam gözə görsənmir. Lakin apardığımız araşdırmalar “AJF&Associates Inc.” ilə bağlı bəzi məqamları üzə çıxardı. Sən demə ABŞ-da bu təşkilatın tam adı “Arthur J. Finkelstein & Associates”-dir və əsas işi də Post Sovet ölkələri daxil olmaqla diktatorlara seçki xidməti göstərməkdən ibarətdir. Sadəcə olaraq Azərbaycan hakimiyyəti izi itirmək üçün MSK-da bu təşkilatı ABŞ-da olduğu kimi “Arthur J. Finkelstein & Associates” adı ilə deyil, “AJF&Associates Inc.” adı ilə qeydiyyatdan keçirib, yəni təşkilatın adını qısaldaraq “AJF&Associates Inc” halına salıblar.
Lakin bu hələ məsələnin hamısı deyil. Arşdırmalar nəticəsində aydın oldu ki, bu ad dəyişikliyi və izi itirmək təsadüfü deyilmiş . Yanvarın 27-də “AJF&Associates Inc.” dəyişik adı ilə qeydiyyatdan keçirilən “Arthur J. Finkelstein & Associates” seçki saxtakarlığı məsələsində Azərbaycan hakimiyyətinin köhnə müştərisi imiş. Sən demə mənim də qatıldığı 2013-cü ilin prezident seçkilərində də MSK “exit-poll” keçirməyi məhz bu təşkilatla həvalə etmişmiş. ATƏT DTİHB-in 58 faiz saxtakarlıq haqqında rəy verdiyi 2013-cü il prezident seçkilərində “Arthur J. Finkelstein & Associates” keçirdiyi “exit-poll” aşağı-yuxarı MSK-nın elan etdiyi seçki nəticələri ilə üst-üstə düşüb.
İndi gəlin ABŞ-ın “mötəbər” sayılan “Arthur J. Finkelstein & Associates” təşkilatının 2013-cü ildə MSK-nın rəsmi açıqlamasından öncə elan etdiyi “exit-poll”un nəticələrinə diqqət yetirək:
İqbal Agazadə – 1.5%
Ilham Aliyev – 83.7%
Araz Alizadə – 1.2%
Hafiz Haciyev – 0.7%
Qüdrət Həsənguliyev – 1.7%
Cəmil Həsənli – 8.1%
Ilyas Ismayilov – 0.8%
Fərəc Quliyev – 0.9%
Sərdar Cəlaloğlu – 0.8%
Bizim 29 yanvarda bəyan etdiymiz İlham Əliyevin deputat siyahısını fevral ayının 9-u axşamı, MSK-dan öncə hakimiyyətin köhnə müştərisi olan “AJF&Associates Inc.” (əslində isə Arthur J. Finkelstein & Associates) Amerka təşkilatı 118 dairə üzrə “exit-poll” vasitəsi ilə təsdiq etməli, seçkilərin “etibarlılığını” artırmalı, onun ardıca MSK siyahını təsdiq etməlidir. Sonra da bütün dünyaya car çəkəcəklər ki, bizim seçkilərin “exit-poll”unu Amerika təşkilatı aparıb və onun “dürüstlüyünə” heç bir şübhə ola bilməz. İlham Əliyevin korrupsiyası bütün dünyanı çirkaba batırıb, indi o çirkabın içindən Amerika təşkilatları da çıxır.