Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun səhhəti yenidən ağırlaşıb.
Bu barədə professor Adil Qeybulla bildirib. Onun sözlərinə görə, yanvarın 24-də İ.Həmidovun halı qəfil pisləşib, huşunu itirərək yıxılıb: «Həmin gün axşamüstü «City Hospital»a gətirilib, huşsuz durumda olub, özünə gəlib, qusub, yenə huşunu itirib. Daxil olmazdan 5 gün öncə ciddi soyuqdəymə (kəskin respirator xəstəlik) diaqnozu ilə «City Hospital»da 3 gün intensiv müalicə almışdı, vəziyyəti nisbətən yaxşılaşmışdı».
A.Qeybulla keçmiş nazirə qoyulan diaqnozla bağlı bunları söyləyib: «İ.Həmidova ilkin olaraq «aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət, beyin qan dövranının pozulması, ikitərəfli pnevmoniya ilə ağırlaşmış kəskin respirator, septik şok» diaqnozu qoyuldu».
Onun deməsinə görə, sonrakı müayinə və müalicə tədbirləri üçün xəstənin Mərkəzi Klinik Xəstəxanaya (MKX) köçürülməsi qərara alınıb.
A.Qeybulla vurğulayıb ki, aparılan müayinələr nəticəsində keçmiş nazirinin beyində qanama, işemik insult, ikitərəfli virus pnevmoniyası, kreatinin yüksəlməsi müəyyən edilib: «Hazırda İ.Həmodovun müalicəsi MKX-in reanimasiya şöbəsində davam etdirilir. O, komadadır, vəziyyəti ağırdır, süni ventilyasiya aparatına qoşulub. Türkiyədəki müalicə həkimləri ilə danışıqlar gedir».
Ötən il mayın 20-də keçmiş daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının (AXH) həmtəsisçisi İ.Həmidov səhhəti ilə bağlı Türkiyəyə aparılmışdı. Türkiyədə bir müddət müalicə alan keçmiş nazir sonra Azərbaycana qayıtmışdı.
Azadlıq radiosu