Baxmadım, maraqlanmadım, vardan belə saymadım.
Seçki olmadı, keçirilmədi, keçmədi bizim məhlədən.
Tək bir video, tək bir cümlə, tək bir səhnə, nəinki bütün bir seçki prosesini təsvir edirdi, əslində yaxın siyasi tariximizin qısa, ancaq dəqiq bir icmalı idi, bəs edərdi ona baxmaq : “o sizinçün ölüb, bizimçünsə yaşayır” deyirdi, oradakı seçki əməkdaşı xanım əfəndi. Bunu, ölmüş bir vətəndaşın adına bülleten qoyulmasına etiraz edən seçiciyə cavab olaraq deyirdi, o seçki idarəsinin işçisi. O cavabı verən şübhə etmirəm ki, bir namuslu azərbaycan qadını idi. Bəs bir seçki funksioneri olaraq, təmiz əxlaqlı, saf və namuslu olmaq da lazım deyilmi ?
Bizdə namusun başladığı yerdə onlarda namus bitir, bizlərçün namusun öldüyü yerdə onlarda yaşamağa başlayır, görünür. Bizə görə namus, şərəf öz vəzifəsinə, öz millətinə sadiq qalmaqdırsa, onlarçün millət və ona dair vəzifənin qüdsiyyəti çoxdan ölüb.
Düz deyirdi, əslində. Bizim üçün yaşayanlar, onlar üçün ölüb. Onlar üçün yaşayanlar bizlər üçün ölüb.
Bizdə hələ də, nə zülmlərlə, nə arzularla qurulan, 100 ildən bəri ümid qaynağı olan gerçək xalq cümhuriyyətinin xatirəsi də, layihəsi də yaşayır. Onlar üçün ölüb. Özü də onlar özləri dəfn ediblər.
Onlarda saxta medallı, keçici qırmızı bayraqlı, “perepiskalı”, partiyalı, heydərli Azərbaycan SSR yaşayır, bizdə ölüb. Əlimizlə quyulamış, ayağımızla tapdalamış, qanımızla da üstünü suvamışıq azərbaycansayaq bolşevizmin.
Onlarda abır ölüb, həya ölüb, vicdan ölüb. Özlərininki özləri dəfn edib, indi bizdəkinə heyrət edirlər. Bizdə isə, əqidə qalıb, iradə qalıb, ideallar qalıb, yaşayır.
Bizim azad və bərabər Avropanın sərhədlərini müstəbid və miskin Şərqin qənşərində genişləndirmək, Azərbaycanın şərqindən keçirmək xəyalımız yaşayır, sınmır, qırılmır. Onlar üçün azadlıq də ölüb, bərabərlik də, milli birlik, qardaşlıq hissi də ölüb.
Bizim üçün insanların haqqı olan, şansı olan, üzərində yaşadığı torpaqların yer altı və yer üstü imkanlarını onlara qardaş kimi paylamaq iddiası 30 ildən çoxdur qalıb, durur, yaşayır, onlarsa o sərvətlərin üstündən su da içiblər.
Bizim üçün bu millətin, bu yurdda yaşayanların ölüsü hörmətli, dirisi qiymətlidir, bu bizim üçün insani, mədəni bir dəyərdir. Onlarda bütün dəyərlərin cəmisi ölüb. Çünki, dirisi ölü kimi səssizliyə, ölüsü isə diri kimi SƏS verməyə gedən millətin dəyəri yox edilib, iradəsi öldürülüb deməkdir.
Öldürdülər. Daha yaxşı öldürə bilmədiklərini düşünüb, hər bir neçə ildən bir yenə dirildib, yenə öldürdülər : seçkinin əhəmiyyətinə olan inamı, seçməyin bir müqəddəs sərvət olduğuna dair ideyanı, səsin şərəf olduğu bir sistemə olan ümidi öldürdülər.
Bizdə hələ də yaşayır : səmimi bir dövlət avtoritetinə, vətəndaşa arxalananıb, ona sahib çıxan bir hökümət, ona aid olan, vətəninin hüquqi kimliyi olan şəffaf və azad bir respublikaya həsr edilən sevdamız yaşayır.
Bəs millətin nəriltisi hanı ?
Buna cavabı isə bu millətin böyük şairi Sabir verib, Allah ruhunu şad etsin.
İnciməyək, dost ağır da olsa düzünü deyər :
Pah atonnan, nə ağır yatdı bu oğlan, ölüb əəə!
Nə də tərpənməyir üstündəki yorğan, ölüb əəə!
Bu qədər qışqırığa durdu qonum-qonşu tamam,
Dəbərişməz də, veribdir deyəsən can, ölüb əəə!
Demək olmaz dirilər tək yatıb, əlbət, duracaq,
Ölülər yatmağıdır, yox buna payan, ölüb əəə!
Çox soyuqdur çıxan ahəstəcə tək-tək nəfəsi,
Bədənində donuşub, laxtalanıb qan, ölüb əəə!
Cumuxub canına bitlər, birələr, hiss eləmir,
Çalsa əqrəb də, hənuz eyləməz aman, ölüb əəə!
Hansı doktora ərz etdim onun illətini,
Dedi: çək bundan əlin, boşla, bu çoxdan ölüb əəə!
Nə “masaj”la, nə “məsnui-tənəffüslə” bunun,
Və nə “dağ” ilə olur dərdinə dərman, ölüb əəə!
Bunu hətta düşünüb cümlə müsəlman uşağı,
Hər vilayətdə deyirlər: pay atonnan, ölüb əəə!
Məzəli lap budur ki, bir parə rus damaları,
Qoşulub bunlara derlər ki, müsəlman ölüb əəə!
Aman, ay Molla dayı, bir kitab açdır, fala bax,
Tapmasan çarəsini sən də de ordan: ölüb əəə!..
Seçkidən bu qədər.
Azad Akifoğlu