“Yaşadığımız əsr bir əsrdir ki, müntəzəm məktəbi… olmayan millət tez-gec məhv olasıdır. Vaxt var idi ki, bir millət qol gücü ilə başqa bir milləti özünə qul edirdi. Lakin indi bir millətin o birisinə… ağa olması qol gücü ilə deyil, məktəb, ədəbiyyat, elm… və bunlar kimi mənəvi qüvvələr ilədir”.
Bu sətirlər 114 il əvvəl yazılıb.
Belə ki, 1906-cı ilin 24 sentyabrında işıq üzü görən “Məktəb” dərgisi ilk sayının baş məqaləsindəki həmin sətirlərlə öz hədəflərini, istəklərini açıqlayırdı.
“Məqsədimiz məktəblərimizin müntəzəmliyinə, millətimizin məişət meydanında, elm və mərifət yolunda irəli getməsinə… əlimizdən gələn qədər rəhbərlik etməkdir” – baş məqalədə bu cür yazılmışdı.
Cəhalətin at oynatdığı, təhsilsizliyin, savadsızlığın kütlə şüuruna hakim kəsildiyi bir dönəmdə işıq üzü görməyə başlayan “Məktəb” dərgisinin naşiri və baş redaktoru Mahmud bəy Mahmudbəyov idi.
Qori müəllimlər seminariyasının məzunu olan Mahmud bəy 1863-cü ildə Şamaxı şəhərində anadan olmuşdu. İbtidai təhsilini buradakı məhəllə məktəbində alan Mahmudbəyov təhsilini 1874-cü ildə Şamaxıdakı “Məclis məktəbi”ndə davam etdirmiş, 16 yaşında Qori müəllimlər seminariyasının hazırlıq sinifinə daxil olmuş, dörd il sonra – 1883-cü ildə buranı bitirmişdi.
Ardınca Bərdə, Tərtər, Şamaxı şəhərlərində bir neçə il müəllimlik edən Mahmud bəy 1890-cı ildə Bakıya köçür və ömrünün sonuna – 1923-cü ilədək burada müəllimliklə məşğul olur.
İlk Cümhuriyyətimiz zamanında təhsil sahəsində islahatların həyata keçirilməsinə ciddi töhfələr verən Mahmudbəyov, 1919-cu il noyabrın 7-də Xalq Maarif Nazirliyi yanında yaradılan hökumət islahat komissiyasına daxil idi. Xalq maarif nazirinin müavini Həmid bəy Şahtaxtinskinin sədri olduğu həmin komissiyada Sultan Məcid Qənizadə, Abdulla bəy Əfəndizadə, Sara xanım Yaqubova, Sara xanım Xuramoviç, Əhməd bəy Pepinov, Saleh bəy Vəkilov kimi dövrünün tanınmış aydınları daxil idi.
Həmin komissiyanın təşəbbüsü və rəhbərliyi ilə 1919-cu ilin dekabrında Bakıda keçirilmiş müəllim seminarları, bundan başqa, xalq maarifi müfəttişlərinin, təhsil müəssisələri rəhbərlərinin 15 günlük müşavirəsində dərsliklər məsələsi geniş müzakirə edilmiş və müəyyən təkliflər hazırlanmışdı. Bu komissiyanın fəaliyyəti sayəsində ana dilində dərsliklərin hazırlanması üçün dövlət büdcəsindən ayrıca vəsait ayrılması barədə qərar qəbul edilmişdi.
Bundan başqa, Mahmud bəy 1919-cu il yanvarın 16-da maarif naziri Nəsib bəy Yusifbəylinin əmri ilə Bakı quberniyası xalq məktəblərinin 4 rayonu üzrə inspektor vəzifəsinə təyin olunmuşdu.
Abdulla Şaiq “İki dost” adlı xatirə məqaləsində Mahmud bəy haqqında yazırdı: “Sabirin, Səhhətin ikinci səmimi dostu Bakıda müəllimlik edən Mahmud bəy Mahmudbəyov idi. Mahmud bəy az danışan, çox çalışan, təmiz və vicdanlı bir insan idi. İpək kimi yumşaq xasiyyəti var idi. Yaşca bizdən böyük olduğuna görə müəllimlər ona “Mahmud əmi” deyirdi. O, çox fəal maarif xadimi idi. Pedaqogikanın son nailiyyətlərindən xəbərdar olan bu qayğıkeş müəllim yeni dərsliklərin yaranmasında da çox böyük xidmətlər göstərmişdir“.
Qayıdaq “Rəhbər” dərgisinə…
Üzərinə “millətimizin elm və mərifət yolunda irəli getməsi” missiyasına rəhbərlik vəzifəsini götürən bu dərginin vur-tut 5 sayı çıxıb. Bunlardan 4-ü 1906-cı ildə, 1-i isə 1907-ci ildə işıq üzü görüb.
“Rəhbər”in nəşrinə ilk dəstək verənlərdən biri “Molla Nəsrəddin” jurnalı olmuşdu. Belə ki, “Bəşarət” (“Muştuluq”) adlı felyetonda yeni dərginin məqsəd və məramları təqdirlə qarşılanmışdı.
Bununla belə, elə həmin felyetonda təəssüflə, ürəkağrısı yazılırdı ki, “İrşad”, “Həyat”, “Dəbistan”kimi qəzet və dərgilərin qarşılaşdığı çətinlik – abunəçi qıtlığı “Rəhbər”i də gözləyir.
“Molla Nəsrəddin”in uzaqgörənliyi özünü doğrultdu: mütərəqqi fikirlərlə yola çıxan müdrik “Rəhbər” 1907-ci ildə məhz maddi çətinliklər ucbatından nəşrini dayandırmalı oldu. Həmin il yanvarın 17-də dərginin son (5-ci) sayı işıq üzü gördü.
“Rəhbər” jurnalının müəllifləri arasında Azərbaycan aydınlanma hərəkatının bir çox görkəmli simaları vardı. Bu sırada Firudin bəy Köçərlinin, Mirzə Ələkbər Sabirin, Sultan Məcid Qənizadənin, Abbas Səhhətin, Rəşid bəy Əfəndizadənin adlarını çəkmək olar.
Eyni zamanda “Rəhbər”in valideynlər üçün əlavəsi vardı. Bu əlavə valideynləri övladlarının təhsil almalarına həvəsləndirmək, xalqda savadlanmaya maraq yaratmaq məqsədi güdürdü. Çünki dərgini çıxaranlar ata-anaların cəhalət və xürafat qaranlığına qərq olmuş beyinlərinin yalnız maarifin, bilginin işığı ilə aydınlana biləcəyinin fərqində idilər. Başa düşürdülər ki, belə valideynlərin övladlarının da elmə, təhsilə marağı böyük olur.
Lakin təəssüf ki, bu cür ali məqsədlərlə, yüksək ideallarla yola çıxan bir dərginin ömrü qısa oldu.
Bircə ona sevinirsən ki, “Rəhbər” nəşrə başladıqdan cəmi bir neçə ay sonra fəaliyyətini dayandırsa da, onun yaradıcıları, müəllifləri son nəfəslərinədək həmin məqsədlərə, ideallara sadiq qaldılar.
Azlogos.eu