AXCP sədr müavini Seymur Həzinin müsahibəsi:
Sual: Növbədənkənar parlament seçkilərinin ölkənin siyasi həyatına hansı təsirləri oldu?
Cavab: Sözün açığı, mən təsirini görmədim. Əgər söhbət parlament seçkilərindən gedirsə, parlament miqyasında hər hansı canlanma, böyük izdihamlı mitinqlər, seçki aktivliyi, seçki təşviqatı prosesi olmadı və ən çox insanın bir araya toplaşdığı tədbirlər təxminən 70-100 nəfər arasında oldu. Bundan çox olan tədbirlər də oldu. Bu zaman da xalq hökümət namizədlərini dairədən qovurdu. Bunu çıxsaq, demək olar ki, seçki ətrafında ciddi bir siyasi aktivlik, belə deyək, ictimai aktivlik olmadı.
Sual: Milli Şura və AXCP seçkiləri boykot etdi. Amma bəzi müşahidəçilər hesab edir ki, bir sıra partiyaların və müstəqil namizədlərin seçkidə iştirakı siyasi fəallığı artırdı. Bütün narazı siyasi qurumlar seçkilərə qatılsaydı seçki prosesində daha fərqli mənzərə ola bilərdimi? Bununla bağlı ne deyə bilərsiniz?
Cavab: Bilirsiniz, bəzi müstəqil namizədlərin seçkidə iştirakı seçkidən sonra müəyyən bir diqqət cəlb etdi özünə . MSK-nın qabağındakı aksiyalar, mən deyərdim ki, bəzi müstəqil namizədlərin fəallığı nəticəsində oldu. Ancaq bu, parlament miqyasında canlanma deyildi. Şübhəsiz ki, bunu durğunluq dövründə bir hərəkətlənmə kimi qiymətləndirmək olar. Amma parlament seçkiləri miqyasındakı bir canlanma kimi qiymətləndirmək olmaz. Xalq Cəbhəsi ilə Milli Şuranın qərarlarına gəlincə, xalqın ümumi səsverməyə münasibəti də göstərdi ki, Milli Şura və AXCP vəziyyətə adekvat qərar qəbul edib və onların qərarı xalq tərəfindən dəstəkləndi.
Sual: Yeni parlamentdən nələr gözləyirsiniz? Yeni seçilmiş parlament əvvəlkindən hansı xüsusiyyətlərinə görə fərqlənə bilər?
Cavab: Bu parlamentin 80 faizi əvvəlki parlamentdir. Dəyişən 20 faizi isə siyasi baxımdan heç bir yeniliyi olmayan adamlardı. Hansısa platformanı təmsil edən şəxslər deyillər. Əvvəlki qaydada seçilmiş şəxslərdir. Birmənalı şəkildə saxta yollarla seçilmiş şəxslərdir. Ona görə də onların hansısa ictimai mövqedən çıxış etməsi və təmsilçi demokratiyanın ifadəçisi olması gözlənilmir. Azərbaycanda parlament hakimiyyəti yox vəziyyətindədir. Bu parlament də növbəti dəfə parlament hakimiyyətinin iradəsini ifadə edəcək gücdə deyil. Çünki xalq tərəfindən seçilməyib.
Sual:Ölkədə siyasi proseslerin bundan sonrakı inkişafını necə proqnozlaşdırardınız?
Cavab: Azərbaycanda hal-hazırda milli iradəni , xalq iradəsini ifadə edən hakimiyyət yoxdur. Buna görə də Azərbaycan xalqı bir gün qərar verib spontan şəkildə dəyişə bilər, təbii ki, bunu biz proqnozlaşdıra bilmərik. Bu, proqnozdan kənar proseslərdi. Proqnoz bundan ibarətdir ki, sosial böhran dərinləşəcək və xalqın narazılığı artacaq. Bunun qarşısını almaq üçün hökümət heç bir ciddi tədbir görmür. İslahatlar yalnız şırma xarakterlidir. Gözdən pərdə asmaq üçündür. İctimai həyata təsir edən islahatlardan söhbət getmir. Buna görə də vəziyyət gərginləşməyə doğru gedəcək.
Sual: Sizcə, bu seçkilərdən sonra iqtidarla müxalifət arasında dialoq mümkün ola bilərmi?
Cavab: Bilirsiniz, biz hansı məsələdə hakimiyyətlə danışa bilərik? Əgər Qarabağ bizim üçün ümumilli məsələdirsə, Xocalı faciəsinin anım mərasimində AXCP sədrinin müşavirini həbs etdi Azərbaycan hakimiyyəti . Hətta o gün bizlə yanaşı addımlamağa özündə güc toplamadı. Əgər hökümət özündə güc taparsa, siyasi iradə ortaya qoya bilərsə, özünün yalnışlarını dərk edərsə. Biz hakimiyyətlə dialoqa gedəcəyiksə, bu, milli məsələlərdə xalqın xeyrinə addımların atılması məsələsində ola bilər. Hakimiyyət özündə güc tapacaqsa, təbii ki, özü etiraf edəcək ki, əldə olunan razılıqlar üzrə addımlar atmağa hazırdır. O zaman hakimiyyətlə danışmaq olar. Ancaq söhbət siyasi alverdən getmir. Söhbət dialoqdan gedirsə, milli məsələlərdə konsensusa gəlməkdən gedirsə, bunun üçün hakimiyyət özündə güc tapmalıdır. Yüksək təmsilçiliklə söhbətlər, proseslər getməlidir. Hal-hazıra buna dair hər hansı bir ip ucu yoxdur.
Amerikanın səsi