![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2015/09/gultekin-hacibeyli1.jpg)
“Bu artıq şəxsi düşmənçilikdir. Düşmənçilik istəyənlər onu alacaqlarına əmin olsunlar”
Bakı Apellyasiya Məhkəməsi Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyliyə qarşı uydurma 85 min manat pul tələbi iddiasını təmin edib. Bununla bağlı G.Hacıbəyli feysbuk hesabında açıqlama ilə çıxış edib.
Ölkəmizdə şıdırğı islahatlar davam edir. Bir tərəfdən aylardır “seçki-seçki” deyib xalqı mübarizədən soyudan, mitinqləri gözdən salan, saxta seçkilərdən sonra isə bircə normal etiraz aksiyası təşkil etməyib bütün ümidləri puça çıxaran kreativ müxalifət üçün qutu-qutu saxta bülleten daşıyıb deputat mandatı əta edirlər, onları parlamentdə görmək istəyirlər, həbsxanalarda və Prezident Aparatının Qonaq Evində onlarla gizli-yarımgizli görüşlər keçirirlər. Digər tərəfdən isə Milli Şura və AXCP-yə qarşı faşist münasibəti davam edir və bir az da sərtləşir. Bakı Apellyasiya Məhkəməsi mənə qarşı 85 min manat pul tələbinə dair iddianı qanuni qüvvəyə mindirdi. Məhkəmənin saxta, əsassız və yalnız siyasi sifariş əsasında qəbul edilən qərarına görə mən Məmmədova Nəhayət adlı bir böhtançıya 85 min manat pul ödəməliyəm. Həmin pensiyaçı qadın mənə qarşı bu iddianı qızı, insan alverçisi Aynur Mehdiyevanın insan alverinə görə saxlandığı gün irəli sürmüşdü. Nəticədə, mənim üzümə durduğu üçün qızının 8 il 6 ay həbs cəzasını bir il şərti cəza ilə əvəz ediblər. İşin içində iddianı sübut edən bircə sənəd, kağız, müqavilə yoxdur. Mən və vəkilim bütün proses boyu məhkəmədən dəfələrlə iddianı təsdiq edən sübut göstərilməsini xahiş etsək də hakim Elşən Kazımovun sədrlik etdiyi şərəfsizlər kollegiyası gözlərini döyə-döyə bircə sübuta belə istinad edə bilmədilər. Beləliklə, 7 ildən çoxdur ki, məni ən iyrənc yollarla təqib edən, məhkəmələrdə süründürən Azərbaycan hakimiyyəti oğluma illərdir işgəncə verəndən, ölkədən çıxışını yasaqlayandan, maşınımı əlimdən alandan sonra evimi də əlimdən almaqda qərarlı görünür. Yəni, saxta müxalifətə mandat da veririk, onlarla əməkdaşlıq da edirik, gerçək müxalifət isə küçədə yaşamalı, maşınsız, evsiz, çörəksiz qalmalıdır. Gerçək müxalifətin evi yalnız Binəqədi və Kürdəxanı ola bilər. Bu artıq siyasi mübarizənin ən sərt həddini də aşmaq deməkdir. Bu artıq şəxsi düşmənçilikdir, əxlaqsızlıqdır. Hələ bu dünyadan yaşatdığını yaşamadan, əkdiyini biçmədən köçən görmədik. Düşmənçilik istəyənlər onu alacaqlarına əmin olsunlar. Bundan sonra bu mənəviyyatsız, quldur, faşist idarəetməsi ilə daha sərt, daha prinsipial, daha ardıcıl mübarizə aparmaq mənim boynumun mübarək borcudur!