Akif Qurbanov
Ötən il ölkəmizdə fəaliyyət göstərən Qərb səfirlərindən biri ilə görüşümüzdə yeni təyin olunan Baş prokurorun hüquqi islahatlar və korrupsiyaya qarşı real mübarizə aparma imkanları barədə rəyimi soruşdular. Dedim ki, bunun cavabı çox sadədir: həmin təyinatı nədənsə yeni bir kadr islahatı kimi təqdim edirlər, hansı ki şəxs 7 il Baş prokurorun müavini və 13 il də Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəhbəri olub. Edə bilsə və ya etsəydi, bu illər ərzində edərdi…
İndi də Müdafiə Mazirliyinə yeni Baş qərargah rəisi təyin olunub, islahat “aşiqləri” başlayıblar “hava üfürməyə”. Şəxslə heç bir tanışlığım və ya ona qarşı qərəz yaradacaq bir durumum yoxdur. Sadəcə, çox aydın fakt ortadadır ki, bu şəxs də 7 ildən artıq müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Ondan əvvəl də korpus komandirliyindən tutmuş müxtəlif vəzifələrdə çalışıb.
Artıq “islahatçıların” PR-şikləri başlayıblar korrupsiyadan uzaq, NATO-çu, nə bilim Türkiyənin dəstəklədiyi, “milli” kadr ştamlarını yağlamağa. Onu tanıyanların korpus komandiri olan zaman etdikləri barədə verdikləri məlumatları, elə orada zabit olmuş şəxslərin şəxsən üzləşdikləri problemlərlə bağlı dediklərini qoyuram kənara və soruşuram: bu ölkədə korpus komandiri olub korrupsiyadan necə kənarda qalmaq mümkündür?! Nə danışdığınızın fərqindəsiz, yoxsa camaatı avam yerinə qoyursunuz?! Heç olmasa inandırıcı görünmək üçün “dozası”nı azaldaraq: “Daha insaflı olub”, – deyin.
Və yaxud Tərtər hadisələri baş verəndə, o qədər şəxsi heyət qanunsuzluqlar və işgəncələrlə üzləşəndə nazirlikdə iyerarxiyaya görə 4-cu rəhbər şəxs sayılan bu müəllim vəzifədə deyildi, ya məsuliyyət daşımırdı?
Hərbi sahədə olan bütün çatışmazlıqları üzərinə “yüklədiyiniz” Nəcməddinin cavabdehliyi necə oldu? Kim qoymadı onu cəzalandırmağa, ailə ilə qohumluq bağımı, yoxsa arxasında durduğunu iddia etdiyiniz Rusiya? Bəs onun rəhbəri olan nazirin bu olaylarda məsuliyyəti nədir? Ən sonda uzun illər onu bu vəzifədə saxlayan, sonra da sakitcə və heç nə olmamış kimi gizlicə uzaqlaşdıran prezidentin hesabatlılığı, cavabdehliyi necə oldu?
Bu ölkədə nə Nəcməddinlər, nə Ramizlər, nə də başqa kimlər kiminsə adamı olub-olmamaqla nə problem yaranır, nə də həll olunur. Həmin adamlar da uzun illərdir dediyim kimi yalnız bir nəfərə – İ.Əliyevə tabedir. Yalnız o, təyin etdiklərini lazım olanda cəzalandıra, lazım olanda mükafatlandıra bilir. Təbii ki, onun qərarına təsir edə bilən faktorlar və şəxslər həmişə olub və olacaq da. Amma son qərarı verən də, öz mənafeyini güdə bilməsi ilə yanaşı, əsas məsuliyyət daşıyan da odur.
Eyni zamanda, əlahəzrət sadə məntiq var ortada. Bir ölkənin idarəetməsinə hakim olan avtoritar bir liderin tabeçiliyində olan kiminsə Rusiyaya işləyib, amma Qərb meylli olması (və ya əksinə) mümkün deyil. Deməli, bütün konfiqurasiyalar yalnız onun üçün işləməlidir, o da özü və ailəsi üçün, kənardakılara da bu təminat üçün nə lazımdırsa, onu verməklə öz hakimiyyətini qorumalıdır. Bu qədər sadə.
Bu “islahat” üfürənlərə, sözdə “qərbmeylli” olanlara bir şeyi də xatırladım: sizi islahat gözləntisinə qəsb edən, son çıxış yolu ümidiniz olan M.Əliyeva ölkənin ikinci şəxsi təyin olunandan sonra Azərbaycanda mühüm ali vəzifəli şəxslərin dəyişdirilməsi prosesinin Rusiya ilə rəsmi təmaslardan sonra icra olunması daha açıq göstərilməyə başladı. Bunu texniki olaraq eyni vaxtda etməmək də olardı. Lakin ötən təcrübələrə, Saakaşvilinin də dilə gətirdiyi misallara baxdıqda bunun bir ictimai mesajötürmə üslübu olduğunu və zamanlamasının da Rusiyadan gələn qaçınılmaz tələb olduğunu düşünməmək olmur.
Əvvəllər dediyim kimi, bu hökumətin əlində ictimai rəyi yönəltmək üçün real instrument olan “yumşaq” gücünü əvvəlcə “sıradan çıxarmaq” lazımdır. Yoxsa hər dəfə bir problem çıxanda rahatca bir kadr tapıb bütün mənfilikləri yükləyəcəklər onun boynuna, özləri də problemlərdən arınmış olacaqlar. Sonra da birini onun yerinə qoyub “uğurlu gələcəyi gətirəcək dəyişikliklərə start verildi” musiqisini ifa etdirəcəklər bu “dəstə”yə. Xalqı da belə yönləndirmək istəyəcəklər…