Natiq Ədilov
Bu çoxdan bilinən şeydir: ixtiyarı bir sənət əsərinin (film, rəsm, roman, şer) təhlil edərkən hərə özünəxas nəticə çıxara bilir, onun əsas ideyasının nə olması barədə hətta bir-birinə zidd fərqli qənaətlərin yaranması da adi haldır. Hətta belə hal da olub, müəllif əsəri yazanda filan ideyanı car çəkib, ancaq təhlilçi tamam başqa ideyanı orda tapıb, altını cızıb.
Bu xırda müqəddimə ona görədir ki, hörmətli Qənimət Zahidin son romanına “Canavar” adını niyə seçməsi barədə aşağıda yazacaqlarımı qəti və mütləq hökm kimi başa düşməyəsiniz. Bəndeyi-həqiqrin “niyə məhz canavar” sualına cavabı belədir. Bizdə bəzi ideoloji baxışları, bir-iki deyimləri çıxsaq canavar mərdimazar, yırtıcı vəhşi, xoxan kimi qəbul olunur. İnsafən desək, bu canavar barədə haqsız yanaşma da sayılmaz. Canavar bu ünvanı qara piar nəticəsində qazanmayıb. Biologiya elmi sistematik kateqoriyalarda canavarı “yırtıcılar dəstəsi”nə (Carnivora) aid edib.
Yoldaş Zahidovun bu romanın oxumağa başlayanadək onun haqqında bildiyim cəmi bir informasiya vardı: Kitab “ulu öndər”in alovlu kommunist kimi Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə bir əyalət rayonunda baş verənlərdən bəhs edir. Canavar haqda ümumi xalq düşüncəsini və “ulu öndər”in canavar kimi yırtıcı siyasətini çulğalaşdırıb düşünmüşdüm, canavar yəqin, Heydərin metaforasıdır. Halbuki, tam tərsi imiş. Heydərlə canavar romanda antaqonist ziddiyətdədir. Həm də təkcə Heydərlə yox, onun səcdə qıldığı kommunist sistem və onun inzibati aparatı ilə. Romanda sosializm quruculuğuna cəlb edilməmiş, təbiətdə təbii halında, vəhşicəsinə yaşayan canavar əyalət kəndindən, Moskvaya, SSRİ-nin uc nöqtəsinə qədər (Vladivostok) gözümüzün önündən müəllifin ustalıqla keçirdiyi bütün məmur, dövlət orqanları simfoniyası ilə müqayisədə daha insani, mərhəmətli, xilaskardır. Ola bilərmi, müəllif romandakı sonsuz kədərli həyat hekayətlərini elə buna görə “Canavar”a yığıb? Bilmirəm.
Romanın əlamətdar cəhəti kimi nəyi gördüm? Zahidov adi bir kənddən vüsət alan prosesi çox gözəl təhkiyə və dramatizmlə rayon mərkəzinə, ittifaq mərkəzinə, hətta ittifaqın lap o başına daşıya bilib, onları üzvü formada bir-biri ilə əlaqələndirib, hadisələri kobud formada üst-üstə yamamayıb. Roman oxucunu qəti darıxdırmır, hər səhifə özündən sonra gələnin intizarını şiddətləndirir. Buna görə romanın ən müxtəlif zövqdə oxucu korluğu olmamalıdır. Kimi ona bir otruma diz üstə oxunan dram kimi baxa bilər, kimi dövrün mahiyyətini açan sanballı, qatlayıb kənara qoyandan sonra oxucunu fikrə qərq edən roman kimi.
Bizdə müstəqilliyin uğursuz təcrübələrə, peşmançılıqlara yol açdığındandır ki, vaxtaşırı “heyf deyildi, keçmiş əyyamlar, a kopoğlunun SSRİ-sı harda qaldın, Allah Qorboçovun evini yıxsın” kimi həsrətli köks ötürmələri tez-tez eşidirik. Yoldaş Zahidovun “Canavarı” həmin xiffətlərin necə yersiz olmasına həm də bir soyuq duş effekti təsiri gücündədir. Bilirəm, tarixi ədəbiyyatdan öyrənmək məqbul yol deyil, bunun üçün akademik nəşrlər var, sənədli filmlər və s var. Lakin, ədəbiyyatın bir vacib missiyası öz imkanları, alətləri hesabına insanların tarixi yaddaşını, insanın, cəmiyyətin psixo-tipini cilalamağa, formalaşdırmağa xidmətdir. Zənnimcə, “Canavar” romanı bu baxımdan uğurlu alınıb. Müəllif, bizdən uzaqlaşdıqca eybəcərlikləri körükləşən, körükləşdikcə də az qala məhəbbətə layiq idola dönən inzibati-amiranalik sisteminin təpədən-dırnağa qədər necə murdarlaşdığını, saxtalığını, ədalətə, haqqa düşmən kəsildiyini “Canavar”la bizə təzədən proyeksiya edərək göstərib. Sovet totalitar sistemi kağız üzərində ölüb getsə də, ölkəmizdə hələ də oxşar təfəkkürün və daha ibtidai, qanmaz insanların haqqa-ədalətə divan tutması fonunda ola bilər ki, roman o qədər təsirli görünməyəcək. Çünki, kitabda 70-ci illərdə nəql olunanlar şairin ifadəsi ilə desək, “daha kəskin, daha ciddi” indi də davam edir. Fəqət, bu romanın qüsuru deyil, bəlkə də müəllifin mesajlarından, hədəflərindən biridir. İllər əvvəl Xəqani Hassın poetik dillə ifadə ediklərini,
Neçə əsrdi ki, əsir – Sabitlik!
Ölkənin prezidenti Əliyevdir
Dünən də Əliyev idi, srağa gün də
Ondan əvvəlki gün də – Sabitlik!
Sabahımız dünəndən gəlib
Cırın bütün təqvimləri!…
olsun ki, Zahidov nəsrin dili ilə bizə çatdırıb və yeni təqvimlə başlamağın vacibliyini bəyanlayıb.
Romanın yarısına çatana qədər sovet sisteminin rəhbər heyətinin başdan-ayağa necə yalana, oğurluğa, cinayətə qurşandığı sadə həyat tabloları ilə oxucuya əyan olur. Tam yarıda romanın qırağına bir qeyd qoydum. Yazdım, “Zahidov, əla. Amma bir şeyi unutmusan, gərək onu da yazardın. Sovet elə bir sistem idi ki, orda təkcə rəhbərlər oğurlamırdı, hamı oğurlayırdı, adi gözətçidən tut, sağıcıya qədər”. Fəqət axırlarda qeydim qüvvədən düşdü. Çünki, sistemin başdan səhv qurulması ucbatından hamının öz çapında oğurluğa qurşandığını müəllif daha sanballı formada yazmışdı. Mənə təzədən, o yerə qara hərflə “halaldı” yazmaqdan başqa əlac qalmadı.
Bizim ədəbi mühitdə belə müzakirələrə də xiridarlar şahiddir. Necə əsər yazaq ki dünyaya çıxaq, başqaları da bizi oxusun. Bəziləri bunun üçün hətta avantürist metodlara əl atır. Məsələn, bir yazar var, girib google xətirəsində Paris küçələrini gəzib ordakı, kafeləri, adları və s məkanları romanına köçürmüşdü. Sanki, buna görə fransızlar hurrey çəkib onu oxumalıymışlar. Nəticədə, o romanı nəinki xaricdə oxuyan olmadı, daxildə belə o ancaq belə sərsəm əlaməti ilə lətifə mövzusuna döndü, vəssalam. Bəli, başa düşüləndir, hətta yazıçılarımızın potensialı məqbul olsa belə Azərbaycan balaca ölkədir, romançılıq ənənələrimiz güclü deyil, düşünürəm ki, başqalarını təəccübləndirmək üçün spesifik ədəbi material bizdə kəmdir. Fəqət, Azərbaycan yazıçısının əlində çoxlarında olmayan bir sərvət var: sovet həyatı, tərcübəsi. Əminəm, bizim lətifə qoşduğumuz adi sovet həyatını qüdrətli qələmlə əcnəbi oxucuya yaxşı materiallar kimi təqdim etmək olar. Partiya bürokratiyası, inzibati sistemin absurd təzahürləri, kolxoz-sovxoz sistemi, təhsili, səhiyyəsi hamısı qələmə gələn materiallardır və indi romanın, yazının qiymətli olduğu yerlərdə yaşayan ədiblər onların heç birini birbaşa müşahidə etmək imkanında olmayıb. Bizdə isə sovet dövrü və sonra bu məsələlərə ya elə kolxoz-sovxoz miqyasında toxunulub, ümumiləşmə, əhatəlik çatmayıb, ya da ümumiyyətlə bu xəzinə ədəbi fəaliyyət üçün yararsız sayılıb. Bu baxımdan da “Canavar”ı uğurlu saymaq olar. İnanıram ki, kitab xarici dilə tərcümə olunsa oxucusunu tapacaq.
Tənqidi qeydlərim
Ədəbi tənqid mənim işim deyil, bu sahənin doğru-dürüst meyarlarını da bilmirəm. Ona görə tərəddüdlüyəm, bilmirəm aşağıdakı qeydlərin əsaslı sayılacaq ya yox. Qənimət Zahidovun istər “Son dərviş”ində, istər də “Canavar”da qəhrəmanların danışıq problemi var. Paradoksal görünsə də, qəhrəmanların danışıq problemi dillərinin topuq vurması deyil, tam əskində, olduqca səliqəli, korrekt, təmtəraqlı danışmalarıdır. “Canavar”da obrazlar bir-birindən xarakter, ictimai status baxımından kifayət qədər fərqlənsə də, danışanda onlar stilistika baxımından bir-birlərini betər formada təkrarlayır. Elə bil hamısının çıxışını redaktor Qənimət Zahid qələmindən keçirib Azərbaycan dilinin ədəbi normalarına və öz stlinə uyğunlaşdırıb.
İkinci çatışmazlıq kimi gördüyüm detal da qəhrəmanların danışığı söz xurcunları ilə bağlıdır. Təkrar edirəm, bu iradın nə qədər obyektiv, əsaslı olduğunu bilmirəm, lakin, 70-ci ildə yaşayan traktorçunun dilindən “nəsnə” və bunun kimi təzəmacal ümumişlək sözə çevirilən sözləri oxuyanda xoşuma gəlmədi. Hardasa, 39 ildir azərbaycanca danışıram, sizdən nə gizlədim, 1994-cü ildən nəsnə sözü ilə tanış olsam da, bu yaraşıqlı, hətta deyərdim, qəlbəyatan sözü bir dəfə də işlətməmişəm.
Üçüncü tənqidi məqamda isə əminəm. Ümidvaram, kitabın növbəti nəşrində toxunacağım yerə yoldaş Zahidov əl gəzdirəcək. Romanın bir fəslində kənddə qoturluq xəstəliyinin yayılması və onunla əlaqəli hadisələrə yer ayrılıb. Romanda ali təhsilli həkim camaatı yığıb qoturluğun nədən, necə yarandığını, profilaktikasından danışır. Zalım oğlu həkim görünür, ali məktəbi mənim kimi oxuduğundan deyir ki, qoturu bakteriya çöpləri törədir. Həkimin bu arayışını müəllif də öz sözləri ilə inkişaf etdirməsə idi, vəzifədən bir təhər çıxmaq olardı, deyərdik ki, həkim savadsız olub. Romanın və müəllifin yol verdiyi xətadan istifadə edərək, bildirək ki, qoturluq bakteriyalın yadigarı deyil, onu mikroskopik ölçülü yaramaz və parazit gənələr törədir.