Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı
İpini qırıb qaçan danaya gücü çatmayıb başı bağlı dananı kötəkləyən Molla Nəsrəddinə bənzəyir bu gün Putin, Ukraynaya 83 raket atıb. Bunun Krım körpüsünün vurulmasına cavab olduğunu hesab edənlər yanılırlar, bu cavab deyil, bu Putinin bütün vücudunu çuğlamış acizliyin nümayişidir. Cavab cəbhədə olmalı idi.
Putinin cəbhədə general rokirovkaları, ora qəssab Surovikini təyin etməsi də heç nəyi dəyişmir və dəyişə də bilməzdi. Surovikin Rusiyanın tarixi boyu bütün başqa generalları kimi hazırlıqsız, əliyalın əhali ilə, maksimum pərakəndə, kiçik silahlı dəstələrlə döyüşlərdə müzəffərdir. İndi onun qarşısında yaxşı təşkil olunmuş, gündən-günə, döyüşdən-döyüşə daha da təkməlləşən Ukrayna ordusu dayanıb və hələ də özündən 10 qat artıq silah-sursata malik rus ordusunu diri-diri yeyir. Putinin tələm-tələsik, əlimyandıda Rusiyaya “birləşdirdiyi” Ukrayna torpaqlarını tələsmədən, təmkinlə geri qaytarır, havadan başına yağdırdıqlarını quş kimi göydə vurub da onun dədəsini yandırır.
Əminəm ki, əgər Qərb bu müharibədə nə qədər qətiyyətli olduğunu sübut etməsəydi, taktiki nüvə silahından istifadə edəcəyi təqdirdə Rusiyanı nələrin gözləyəcəyinə onu inandırmasaydı, Putin atom bombası atmağa qədər azğınlaşmışdı. Adekvatlığını itirməsəydi Ukraynaya yağdırdığı raketlərin əks-sədasının Kurskdan, Belqoroddan gələcəyini düşünərdi.
Putin bu gün avtoritarizmin, diktaturanın istər Rusiya kimi böyük ölkədə olsun, istərsə də İran, Azərbaycan kimi kişik ölkələrdə təkcə öz xalqları üçün deyil, bəşəriyyət üçün təhlükəli olduğunun əyani nümayişidir. İndi təsəvvür edin İranda, mollanın əlində atom bombası olsaydı, “allahu-əkbər” deyib hansı hoqqalardan çıxardı?
Putin bu gün dünyada gücündən, ölçüsündən asılı olmayaraq bir dövlətin bütün resurslarının kriminal bir dəstənin əlində cəmlənməsinin, mafiyanın əlində dövlət adlanan bir instrumentin olmasının hansı təhdidlərə gətirəcəyinin ölümlü-qanlı xəbərdarlığıdır.
Putin bu gün dünyanın “real politik” adlandırılan, diktatorlarla hesablaşıb da onu gücləndirmək siyasətindən imtina etməyinə təkan verəcək faktordur. Diktatura ilə mübarizə heç bir ölkənin daxili işi deyil, xalqı diktatura ilə mübarizədə tək qoymaq olmaz, çünki orada hər şey – pul da, ordu da, qanun da, məhkəmə də diktatorun əlindədir.
Hesab edirəm ki, Ukrayna dərslərinin yeni dünya nizamının formalaşması prosesinə son dərəcə əhəmiyyətli təsiri olacaq.