İctimai fəal Bəxtiyar Hacıyevin hələ də açlıq aksiyasını davam etdirdiy bildirilir.
Bu barədə fevralın 18-də “Turan” Agentliyinə fəalın yaxınları məlumat verib.
Onların sözlərinə görə B.Hacıyevin vəziyyəti kritikdir:
“Dodaqları bir-birinə yapışıb, səsi güclə çıxır, yeriməkdə əziyyət çəkir”.
Yaxınları qeyd ediblər ki, fəalın yanına bir nəzarətçi yerləşdiriblər:
“Bəxtiyar deyir ki, nəzarətçi ona diskomfort yaradır və nəzarətçinin yanından çıxarılmasını istəyir. Ancaq onda yalnız su içməyə razılıq verəcəyini bildirib”.
Fevralın 18-də vəkillər Şəhla Hümbətova və Fəxrəddin Mehdiyev-in isə Bəxtiyar Hacıyevlə görüşmək istəyinin baş tutmadığı bildirilir.
Şəhla Hümbətova qeyd edib ki, Bəxtiyar Hacıyevlə görüşmək üçün səhər Penitensiar Xidmətin müalicə müəssəsinə gedib:
“Sənədlərim yoxlanandan sonra içəri buraxıldım, orada da çantama qanunsuz baxış keçirildi və görüş otağına yola salınan anda birdən zəng gəldi ki, buraxmayın”.
O, qeyd edib ki, bir saatdan çox gözləsə də Bəxtiyar Hacıyevlə görüşə icazə veriılməyib.
Onun deməsinə görə, bu fevralın 18-nin şənbə günü, yəni qeyri iş günü olması ilə izah edilib: “Bildirdim ki, keçən şənbə vəkillər Bəxtiyarla görüşüb, bundan əlavə, həmin vaxt başqa vəkillərin də müəssisəyə daxil olmasının şahidi olublar, buna cavab olaraq dedilər ki, “bilməyib buraxıblar””
Vəkil Fəxrəddin Mehdiyev də AzadlıqRadiosuna eyni problemlə üzləşdiyini, onun da Bəxtiyar Hacıyevlə görüşə buraxılmadığını deyib.
Bu açıqlamalara, hələlik, Penitensiar Xidmət-dən münasibət almaq mümkün olmayıb.
Azadlıq radiosu