Təhsilimizin sistem analitiklərinə və strateqlərə ehtiyacı var.
Azərbaycan təhsil sisteminin əsas problemi məktəblərin, dərsliklərin, müəllim maaşlarının vəziyyəti deyil, əsas problem — təhsil sistemini bütünlükdə görə bilən beyinlərin azlığıdır.
Təhsildə sistem analitikləri və strateqlər olmadıqca islahatlar heç bir nəticə verməyəcək, problemlər yanlış tanınacaq, təhsil siyasəti situativ olacaq, cəmiyyətin təhsilə və onun menecerlərinə itən etimadı bərpa olunmayacaq.
Təhsil kimi mürəkkəb və dinamik sistemə həmişəki kimi bəsit, səthi və elmsiz yanaşma nəticəsində, qarşıdakı süni intellekt dövrünün çağırışlarına hazır ola bilməyəcəyik.
Azərbaycan təhsilinin yeni tipli beyinlərə — analitiklərə, strateqlərə və dizayner düşüncəli idarəçilərə ehtiyacı var.
Dünyanın müasir, sürətli elmi- texnoloji inkişaf mərhələsində bazar düşüncəsi ilə ölkənin elm-təhsil sistemi inkişaf edə bilməz.












