“Uşağın inkişafı addım-addım ölçülür” -Ekspert məktəbdaxili qiymətləndirmədən danışdı

“Məktəbdaxili qiymətləndirmə məktəbdə təkcə “qiymət yazmaq” deyil. Müəllim uşağın cavabını dinləyəndə sadəcə doğru-yanlışı yoxlayıb keçmir. O, uşağın düşüncə yolunu görür. Harada tərəddüd etdiyini hiss edir. Hansı addımda çaşdığını anlayır. Hansı bacarığın hələ güclənməyə ehtiyacı olduğunu seçir”.

Gununsesi.info bildirir ki, bu fikirləri təhsil eksperti Elşən Qafarov deyib:

“Elə bu müşahidə də sabah dərsi daha düzgün qurmağa kömək edir. Müəllim mövzunu necə izah edəcəyini, nəyi yenidən möhkəmləndirəcəyini, uşağa harada dəstək verəcəyini daha dəqiq planlayır.

Uşaq üçün də qiymətləndirmə təkcə nəticə deyil. Uşaq müəllimin izahından anlayır ki, yanlış cavab “utanmalı hal” deyil. Bu, sadəcə harada çaşdığını göstərən bir işarədir. Müəllim həmin yeri aydınlaşdırır, necə düzəltməyin yolunu da göstərir. Uşaq da bu dəstəyə arxalanıb yavaş-yavaş daha doğru, daha inamlı cavab verməyə başlayır”.

Ekspert əlavə edib ki, məktəb səviyyəsində qiymətləndirmə sinfin ümumi mənzərəsini aydın göstərir.

“Görünür ki, uşaqlar daha çox hansı mövzuda çətinlik çəkir. Hansı sinifdə dəstəyə ehtiyac artır. Buna görə məktəb işini “təxminlə” yox, gördüyü mənzərəyə görə qurur. Planı yeniləyir, çətin gedən yerləri möhkəmləndirir, lazım olduqda əlavə izah verir və təkrar məşqləri də elə ehtiyac olan istiqamətə yönəldir.

Belə olanda qiymət “mən belə düşündüm” kimi görünmür. Hamı bilir ki, qiymət nəyə görə yazılıb. Hansı meyar yerinə yetirilib, hansı yerdə boşluq qalıb, faktla görünür. Valideyn də söhbətə “bu nəticə niyə belə alındı?” sualı ilə başlayır. Ardınca “harada çətinlik var, onu necə düzəldək?” deyə davam edir. Uşağın inkişafı da gözlənti ilə yox, addım-addım görünən irəliləyişlə ölçülür və hamı üçün daha ədalətli, daha inandırıcı görünür.

Azərbaycan və digər ölkələrdə şagird naliyyətlərinin qiymətləndirməsi üzrə müqaisələrə diqqət edək.

Azərbaycan (ümumi təhsil): Bizdə nəticələr adətən 2–3–4–5 kimi ifadə olunur. “5” ən yüksək, “2” qeyri-kafidir. Summativ qiymətləndirmədə çox vaxt 100 ballıq nəticə bu şkalaya çevrilir.

Rusiya: Rusiyada da ənənəvi qiymətləndirmə 2–3–4–5 sisteminə əsaslanır. “5” əla, “2” qeyri-kafi sayılır.

Finlandiya: Finlandiyada şagird nailiyyəti çox vaxt 4–10 şkalası ilə göstərilir. “10” ən yüksəkdir, “4” isə kəsir hesab olunur.

İngiltərə (GCSE): İngiltərədə GCSE imtahanlarında qiymətləndirmə 9–1 şkalası ilə aparılır. “9” ən yüksək nəticədir. Bəzi hallarda “U” (ungraded) keçməyən nəticə kimi göstərilə bilər.

İsveç: İsveçdə məktəb qiymətləndirməsi A–F hərf şkalası ilə aparılır. Burada E keçid, F isə kəsir sayılır.

Almaniya: Almaniyada məktəblərdə geniş yayılmış sistem 1–6 şkalasıdır. Burada 1 ən yaxşı, 6 ən zəif nəticədir. Adətən 5 və 6 kəsir kimi qəbul olunur.

Fransa: Fransada çox vaxt 0–20 şkalası işlədilir. “20” ən yüksək nəticədir. Ümumi qayda kimi 10/20 keçid həddi sayılır.

Yeni Zelandiya (NCEA): Yeni Zelandiyada NCEA sistemində qiymətlər belə verilir: Not Achieved / Achieved / Merit / Excellence. Yəni “keçmədi”, “keçdi”, “yaxşı”, “əla” kimi dörd pilləli səviyyə yanaşmasıdır.

Sinqapur (PSLE): Sinqapurda PSLE fənn nəticələri AL1–AL8 band sistemi ilə göstərilir. Burada AL1 ən yaxşı, AL8 ən aşağı nəticə sayılır.

ABŞ: ABŞ-da çox məktəbdə qiymətləndirmə A–F şkalası ilə aparılır. Ümumi yanaşmada “A” ən yüksək, “F” isə kəsir sayılır. Amma faiz aralıqları və keçid həddi məktəbə/ştata görə dəyişə bilər”.

 

 

Şəbnəm

Gununsesi.info