Məktəb direktoru olmaq istəyənlərin nəzərinə: Şərtlər açıqlandı

Ötən ilin oktyabr-noyabr aylarında direktorların işə qəbulu üzrə müsabiqənin ərizə qəbulu mərhələsinə başlanıldı. Müsabiqəyə ümumilikdə 3036 nəfər müraciət edib. Onların arasında müsabiqə qaydalarına uyğun, habelə ixtisas bilikləri imtahanından uğurla keçən ümumilikdə 975 nəfər müsahibə mərhələsində iştirak hüququ qazanıb.

Bu barədə Gununsesi.info-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Qeyd olunub ki, müsahibə mərhələsinə namizədlər qaydalara  uyğun olaraq ardıcıllıq prinsipi əsasında mərhələli şəkildə dəvət edilir. Ardıcıllıqlar namizədin müraciət etdiyi təhsil müəssisəsinin şagird sayından asılı olaraq dəyişir. Namizədlərin liderlik və strateji idarəetmə bacarıqları, pedaqoji və tədris bacarıqları, idarəçilik və təşkilatçılıq bacarıqları, ünsiyyət və əlaqə bacarıqları, problemlərin həlli və qərarvermə bacarıqları, rəqəmsal və texnoloji bacarıqları, sosial və emosional bacarıqları daxil olmaqla ümumilikdə 7 meyar üzrə bacarıqları müvafiq komissiya üzvləri tərəfindən qiymətləndirilir. Komissiyyaların rəyinə əsasən direktor vəzifəsinə uyğun olan namizədlər ardıcıllığa müvafiq olaraq iddia etdikləri təhsil müəssisələrinə təyin ediləcəklər.

Şagird sayı 501-dən çox olan müəssisələrə, eləcə də lisey, gimnaziya, internat tipli lisey və internat tipli gimnaziyalar üzrə namizədlərin müsahibə mərhələsinə dəvət ardıcıllığı aşağıdakı kimidir:

1. Vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan direktorlar, vakansiyanın mövcud olduğu müəssisədə çalışan direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;

2. Vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;

3. Vakansiyanın mövcud olduğu müəssisələrdə çalışan müəllimlər;

4. Vakansiyanın mövcud olduğu rayon (şəhər) üzrə müəssisələrdə çalışan müəllimlər;

5. Vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan müəllimlər;

6. Müvafiq tələblərə cavab verən Azərbaycan Respublikası vətəndaşları.

Şagird sayı 500-dək olan müəssisələr üzrə namizədlərin müsahibə mərhələsinə dəvət ardıcıllığı isə aşağıdakı formadadır:

1. Vakansiyanın mövcud olduğu təhsil müəssisəsində çalışan direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar və müəllimlər;

2. Vakansiyanın mövcud olduğu rayon (şəhər) üzrə müəssisələrdə çalışan direktor, direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;

3. Vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan direktor, direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;

4. Vakansiyanın mövcud olduğu rayon (şəhər) üzrə müəssisələrdə çalışan müəllimlər;

5. Vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan müəllimlər;

6. Müvafiq tələblərə cavab verən Azərbaycan Respublikası vətəndaşları.

Qeyd edək ki, müsahibə mərhələsində uğur qazanan namizədlərin vakant müəssisələrə təyin edilməsinin də yuxarıdakı ardıcıllığa müvafiq olaraq keçirilməsini nəzərə alaraq bütün vakansiyalar üzrə yuxarıda göstərilən mərhələlərin hər birinin keçirilməsi zəruri deyil.

Gununsesi.info