Avropa liderləri Ukraynaya sülh zəmanətləri ilə bağlı birgə bəyanat yayıblar.
Bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, AB liderləri Ukrayna üzrə bir neçə öhdəlik götürür:
1. Sülh dövründə sayı 800 min nəfərə çatacaq Ukrayna ordusunu gücləndirmək üçün Kiyevə davamlı dəstək;
2. ABŞ-ın dəstəyi ilə Ukrayna qüvvələrinin imkanlarını, havada və dənizdə təhlükəsizliyi bərpa etmək üçün Avropa çoxmillətli qüvvələrinin yaradılması;
3. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq atəşkəs monitorinqi və nəzarət mexanizminin yaradılması;
4. Yeni silahlı hücum halında birgə fəaliyyət üçün hüquqi öhdəliklər;
5. Ukraynanın bərpasına investisiyalar, iqtisadi əməkdaşlıq və Rusiyanın vurduğu zərərlərin, o cümlədən dondurulmuş aktivlər vasitəsilə kompensasiya;
6. Ukraynanın AB-yə daxil olmasını dəstəkləmək.
Qeyd edək ki, bəyanat artıq AB rəhbərliyi, eləcə də Almaniya, Danimarka, Finlandiya, Fransa, İtaliya, Litva, Lüksemburq, Norveç, Polşa, İsveç, Böyük Britaniya və Portuqaliya liderləri tərəfindən dəstəklənib. Digər ölkələr də bəyanata qoşula bilər.
Ancaq maraqlıdır, bu bəyanat ABŞ-nin Ukrayna siyasətində mümkün dəyişikliklərin sığortası kimi oxunmalıdırmı?
Əvvəla, sənəddə Avropa ölkələrinin kollektiv öhdəliklər götürməsi diqqət çəkir. Bu, Vaşinqtonda administrasiya dəyişikliyi, Konqresdə Ukraynaya dəstəyin zəifləməsi və ya ABŞ-nin qlobal prioritetlərini Asiya–Sakit okean regionuna yönəltməsi fonunda Avropanın “boşluq yaranmayacaq” mesajıdır. Yəni Avropa, Ukraynanı ABŞ-dən asılı vəziyyətdə tək buraxmamaq üçün öz təhlükəsizlik çərçivəsini qurmağa çalışır.
İkincisi, Avropa çoxmillətli qüvvələrinin yaradılması ideyası ABŞ-nin quru müharibəsində birbaşa iştirak etmədən, amma strateji çətir rolunu saxlaması ssenarisinə uyğunlaşdırılıb. Bu modeldə ABŞ daha çox koordinasiya, kəşfiyyat və nəzarət funksiyası daşıyır, yükün əsas hissəsi isə Avropanın üzərinə keçir. Bu, Vaşinqtonun mümkün “yarımaddım geri çəkilməsi”nə adaptasiyadır.
Üçüncüsü, atəşkəs monitorinqinin ABŞ rəhbərliyi altında nəzərdə tutulması göstərir ki, Avropa ABŞ-ni prosesdən tam kənarlaşdırmaq istəmir. Əksinə, ABŞ zəifləsə belə, oyunda qalmalı, amma dominant yox, zəmanətçi rolunda çıxış etməlidir. Bu da siyasi balans axtarışının göstəricisidir.
Bir sözlə, sözügedən bəyanat təkcə Ukraynaya dəstək sənədi deyil, Avropanın ABŞ-dən strateji asılılığını azaltmaq və riskləri bölüşdürmək planıdır.
Elmar













