Məlum olduğu kimi, 2026-cı il yanvarın 1-dən Azərbaycana idxal olunan və istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün aksiz dərəcəsi artırılacaq.
Yeni layihəyə əsasən, bu tarixdən etibarən 7 ildən artıq istehsal tarixi olan benzin mühərrikli avtomobillərə 1,5, dizel mühərrikli avtomobillərə isə 2 yüksəldici əmsal tətbiq ediləcək.
Hazırda isə Vergi Məcəlləsinə əsasən, 7 ildən köhnə avtomobillərin idxalında benzin mühərriklilərə 1,2, dizellərə isə 1,5 əmsal tətbiq olunur. Yəni, gələn ildən bu göstəricilər artacaq.
Bu, avtomobil bazarında qiymət artımına səbəb ola bilər?
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan iqtisadçı Akif Nəsirli bildirib ki, aksiz vergisi birbaşa olaraq idxal xərclərinə əlavə olunur.
“7 ildən köhnə avtomobillərin gətirilməsi daha baha başa gələcək. Bu isə ikinci əl avtomobillərin satış qiymətinin artmasına səbəb olacaq. Azərbaycanda satılan avtomobillərin əksəriyyəti məhz 7 ildən köhnə idxal modelləridir — əsasən Yaponiya, Koreya və Almaniya istehsalı. Bu seqmentdə təklif azalarsa, qiymətlərdə ən azı 10–20 faiz bahalaşma mümkündür,” — deyə ekspert vurğulayıb.
Onun fikrincə, bahalaşma köhnə avtomobil alanları yeni modellərə yönəldə bilər, lakin bu, yalnız kredit və lizinq şərtləri əlverişli olarsa reallaşacaq.
Bazar strukturuna təsir
Yeni dəyişiklik nəticəsində köhnə avtomobillərin payı azalacaq, nisbətən yeni (5–7 yaşlı) avtomobillərin payı isə artacaq.
Köhnə avtomobillərin azalması uzunmüddətli dövrdə bu seqmentdə tələbi azaldacaq, amma qısamüddətli dövrdə ehtiyat hissələrinə tələbat artacaq.
Ekoloji və texnoloji motivlər
Qərarın arxasında ekoloji və təhlükəsizlik arqumentləri dayanır. Köhnə avtomobillər həm yanacaq sərfiyyatına, həm də karbon emissiyalarına görə yeni modellərdən geri qalır.
Dövlət bu yolla avtoparkın yenilənməsini və ekoloji yükün azaldılmasını hədəfləyir.
Sosial və iqtisadi nəticələr
O qeyd edib ki, aşağı gəlirli təbəqə bu qərardan daha çox təsirlənəcək.
“Çünki köhnə avtomobil alanlar əsasən bu qrupdan olanlardır. Yeni avtomobil almaq istəyənlər üçün kreditlə alış daha çox aktuallaşa bilər, bu isə bank sektorunun avtokredit portfelini genişləndirə bilər. Aksiz dərəcəsinin artımı bəzi hallarda avtomobillərin qeyri-rəsmi yollarla gətirilməsi hallarını da artıra bilər”,- deyə o iqtisadçı vurğulayıb.
Ayşən Rəhim













